Radikal siyasi düşərgədə növbəti qovğa

Kərimli keçmiş müttəfiqləri ilə nəyi bölə bilmir?

Kərimli keçmiş müttəfiqləri ilə nəyi bölə bilmir?

Radikal siyasi düşərgənin "ana müxalifət" adı uğrunda savaşı yeni mərhələyə qədəm qoyub. Öz aləmlərində hakimiyyət uğrunda mübarizə aparan bu siyasilər hakimiyyətdən daha çox bir-birilərini sıradan çıxarmaq, bir-birini gözdən salmaq mübarizəsinə keçiblər. Hətta vəziyyət o həddə çatıb ki, dünənə qədər "Məhsul" stadionuna topladıqları 500-600 adama eyni tribunadan xitab edənlər, bu gün həmin tribunanı belə bölüşə bilmirlər. Hər halda ötən həftə Milli Şura adlanan qurumlar, Müsavat Partiyasının ayrı-ayrılıqda sözügedən stadionda mitinq keçirmək istəyinin açıqlanması belə deməyə əsas verir.

Radikal siyasi düşərgə arasında mübarizə bununla kifayətlənir desək yanılmış olarıq. Milli Şura adlanan qurum, daha doğrusu onun əsas aparıcı qüvvəsi kimi cəmiyyətə sırınan AXCP sədri Əli Kərimlinin təlimatı əsasında digər siyasilərə qarşı da savaş açılıb desək yanılmarıq. Hər halda sosial şəbəkədə apardığımız müşahidələr belə deməyə əsas verir. Dünənə qədər REAL sədri İlqar Məmmədovu siyasi məhbus hesab edib onun azadlığa çıxmasını tələb edən, yeri gələndə hətta "siyasi məhbuslara" dəstək adı altında xaricdən qrant alıb onu öz dədə malı kimi mənimsəyən Əli Kərimli və başının dəstəsi üçün indi REAL sədri ən ciddi rəqibə çevrilib. Kərimlinin yandaşlarının sosial şəbəkədə İlqar Məmmədov barədə işlətdikləri tənqid fikirlər, hətta təhqirlər fonunda bunu aydın görmək mümkündür. 

Mümkün qədər bütün keçmiş müttəfiqlərini zərərsizləşdirib sıradan çıxarmağı qarşıya məqsəd qoyan AXCP sədri Əli Kərimli və onun yaxın ətrafı indi də Qarabağ Komitəsi adlanan quruma qarşı səlib yürüşünə çıxıb. Sözügedən qurumun Qarabağla bağlı təşkil etdiyi mitinqlərə qatılmaqdan imtina edən Kərimli bu azmış kimi həmin qurumun fəaliyyətini də tənqid edir, onun nüfuzuna zərbə vurmağa çalışır.  Elə Kərimlinin diqtəsi ilə Milli Şura adlanan qurumun Qarabağ Komitəsi ilə eyni gündə və eyni saatda, hətta eyni məkanda mitinq təyin etməsi AXCP sədrinin nə qədər cılız mübarizə maraqlısı olduğunu açıq şəkildə ortaya qoyur.

Milli Şura adlanan qurumun keçmiş müttəfiqlərinə qarşı mübarizə aparması birmənalı olaraq tənqid edilir. Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyir ki, "Milli Şura" adlı qurumun və "Qarabağ Komitəsi"nin eyni gündə və eyni saatda, hətta eyni məkanda- "Məhsul" stadionunda- mitinq təyin etməsi absurddurş Onun sözlərinə görə, bu addım absurdun pik nöqtəsidir: "Düzdür, Pənah Hüseyn israrla inandırmağa çalışır ki, bu sadəcə texniki nüansdır və aradan qaldırıla bilər. Amma Əli Kərimlinin "xaç ata"lıq etdiyi "Milli Şura"çılar, radikal müxalifətçilər üçünsə siyasi maraqlar olan yerdə Qarabağ məsələsi arxa plana keçir. İndi baxaq görək bu "qoç döyüşü"ndə, mitinq toqquşmasında tərəflərdən hansı biri digərinə güzəştə gedəcək. Ancaq sözün açığı, mitinq məsələsini "evcik-evcik" oyununa çevirənlərin güzəştə gedəcəkləri o qədər də inandırıcı görünmür".

Partiya sədri Kərimli tərəfdarlarının REAL sədrinə qarşı hücuma keçməsinə də münasibət bildirib. Əlisahib Hüseynov qeyd edib ki, keçmiş səfir Arif Məmmədo, Gültəkin Hacıbəyli və  Cəmil Həsənlinin REAL-çılara qarşı hücumları radikal müxalifətin gerçək simasını ortaya qoydu: "Cəmil Həsənli kimi sürüşkən bir siyasətçinin Gültəkin Hacıbəylinin vaxtilə hakimiyyət komandasının üzvü olub sonra isə düşərgəsini dəyişməsinə haqq qazandırmağa çalışması, REAL-çıları isə hakimiyyətlə əməkdaşlıqda ittiham etməsi çox gülüncdür. Ümumiyyətlə, Cəmil Həsənli bütün hərəkətləri ilə sübut edir ki, o, Azərbaycan siyasətində ciddiyə alınacaq ən axırıncı adamdır".

Bütün bunlardan dolayı DADP sədri hesab edir ki, Azərbaycana bu cür müxalifət lazım deyil: " Bizə necə və yaxud, hansı müxalifət lazımdır? Heç şübhəsiz ki, bu gün bizə AXCP- "Milli Şura" tandeminin simasında ölkəni mitinqlərlə, qızışdırıcı və təhrikçi çağırışlarla Suriya ssenarisinə doğru sürükləməyə çalışan radikal müxalifət yox, REAL partiyası kimi sivil siyasi mübarizəyə, seçkilərə, sağlam siyasi rəqabətə üstünlük verən konstruktiv müxalifət lazımdır. Azərbaycanın indi nifrətə, xaosa köklənmiş şər qüvvələrə yox, müstəqilliyimizin və dövlətçiliyimizin qorunub saxlanmasının vacibliyini dərk edən, müxalifətçi olmağın ölkə və xalq qarşısında məsuliyyətini anlayan sivil siyasi qüvvələrə ehtiyacı var. Amma görünən isə budur ki, Əli Kərimli və onun yandaşları üçün Azərbaycanın gələcək taleyi yox, yalnız öz siyasi maraqları önəmlidir. Bu mənada Cəmil Həsənlinin, Gültəkin Hacıbəylinin, Arif Məmmədovun REAL-ın əsas aparıcı şəxslərinə - İlqar Məmmədova, Natiq Cavadlıya, Erkin Qədirliyə, Azər Qasımova qarşı öfkəli hücumları, əsassız ittihamları anlaşılandır".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31