Avropa Parlamentində ikili standartlar, sifarişli mövqelər müşahidə edilir- Siyasi analiz
10 Aprel 2019 14:20 SiyasətRafael Hüseynov: "Azərbaycana münasibətdə bunun dəfələrlə şahidi olmuşuq"
Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında "Demokratiya üçün Avropa Birliyi mexanizmlərinin yaradılması, hüquqi dövlət və əsas hüquqlar" mövzusuna həsr edilmiş müzakirələr keçirilib. Müzakirələrdə Azərbaycan qurumdakı nümayəndə heyətinin qzvləri fəal iştirak ediblər. Millət vəkili Rafael Hüseynov qeyd edeib ki, insan haqlarına hörmətin tam bərqərar olacağı, bütün istiqamətlərdə qanunun aliliyinin təmin ediləcəyi daha rahat, daha yaşamalı Avropa Evini qurmaq yolunda çalışmalar yeni söhbət deyil. Bu istiqamətdə müzakirələr də, müxtəlif layihələrin hazırlanması da son yarım əsrdən artıq müddətdə intensiv şəkildə davam etməkdədir. Lakin son dövrdə bu cəhdlər bir qədər də artıb və daha məqsədyönlü olub: "Zənnimcə, bunun başlıca səbəbi Avropanın bütövləşməsi istiqamətində problemlərin ildən-ilə çoxalması, Avropa "maşını" mexanizmlərinin heç də həmişə rəvan işləməməsi, ayrı-ayrı böhranlı halların çoxalması ilə bağlıdır. 28 ölkəni əhatə edən Avropa Parlamenti ilə 47 üzv dövləti birləşdirən Avropa Şurası quruluşlarına, iş üslublarına görə nə qədər fərqli olsalar da, fəlsəfəsi etibarilə bir-birinə çox yaxındır və mahiyyətcə uyğun məqsədlərə xidmət edirlər".
Deputat Avropa Parlamentinin xüsusi qətnaməsi ilə 2016-cı ildə Avropa İttifaqının üzv dövlətlərində demokratiya, qanunun aliliyi, insan hüquqları ilə bağlı proseslərə nəzarət etmək üçün daimi fəaliyyət göstərən monitorinq mexanizmini yaratmaq təşəbbüsünü yada salaraq bildirib ki, bu iş hələ tamamlanmayıb: "Müzakirələr davam edir. Əhatəli, ortaq, icbari mexanizmin formalaşdırılması Avropanın digər mühüm təsisatı olan Avropa Şurası ilə sıx əməkdaşlıq olmadan mümkün deyil. Avropa Şurası ilə Avropa İttifaqı arasında qarşılıqlı anlaşma haqqında memorandumun imzalanmasından 10 ildən artıq zaman keçir. Bu müddətdə ildən-ilə inkişaf edərək dərinləşmiş strateji tərəfdaşlıq iki qurum arasında hüquqi sferada daha artıq yaxınlaşmaya, uyğunlaşmaya, ortaq dəyərlərə münasibətdə daha yekdil mövqelərin müəyyənləşməsinə şərait yaradıb. İndiki halda və yaxın perspektivdə Avropa Şurası həm Avropa İttifaqına, həm Avropa Parlamentinə bu istiqamətdə hələ çox gərək olacaq".
Hüseynov Avropa Parlamentində Azərbaycana münasibətdə ara-sıra müşahidə edilən qərəzli münasibət məsələsinə də toxunub: "Təəssüflər olsun ki, Avropa Parlamentində də ikili standartlar, sifarişli mövqelər, qeyri-obyektiv yanaşmalar mütəmadi olaraq müşahidə edilir: "Avropa Parlamentinin son bir neçə ildəki fəaliyyətində, konkret olaraq Azərbaycana münasibətdə bunun dəfələrlə şahidi olmuşuq. Qərəzli qətnamələr, həqiqətləri təhrif edən, Azərbaycana qarşı təcavüz siyasətini həyata keçirən qüvvələrə açıq dəstək nümayiş etdirən və həqiqətlərin təhrifi ilə müşayiət olunan çıxışlar bunun bariz nümunəsidir. Üstəlik, Avropa Parlamentinin bir sıra deputatları da Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfərlərə getməklə açıq şəkildə separatizmə və işğala dəstəklərini ifadə etmişlər".
O, vurğulayıb ki, demokratik dəyərlərə sədaqət, qanunun aliliyinə hörmət vacib meyarlardır: "Onlara hansısa məsələdə riayət edib, hansısa məsələdə onlardan sapınmaq qəbuledilməzdir. Yarımdemokrat olmaq mümkün deyil. Riyakarlıqla bu mühüm dəyər qətiyyən uyğun gəlmir". R.Hüseynov Avropa Şurasının digər Avropa təsisatları ilə müqayisədə bir sıra üstünlükləri olduğunu, Avropa İttifaqının, Avropa Parlamentinin bu təcrübələrdən bəhrələnməsinin faydalı olacağını diqqətə çatdırıb: "Avropa Şurasının qitədə demokratik fəzanın yaranması, müştərək qanun müstəvisinin formalaşmasında on illərlə gerçəkləşdirdiyi tədbirlər ən yüksək təqdirəlayiqdir. İndiki halda da Avropa İttifaqının və Avropa Parlamentinin Avropa Şurasından və onun Parlament Assambleyasının təcrübələrindən bəhrələnməsi həm zəruri, həm əhəmiyyətlidir. Yəni, demokratiya və qanunçuluq sahəsində daha işlək, daha mütəhərrik və müştərək istifadəyə layiq mexanizmlərin yaradılmasından söhbət gedərsə, şübhəsiz ki, burada Avropa Şurasının təcrübələri əsas dayaq nöqtəsi kimi götürülməlidir".
Millət vəkili həmçinin Avropa Şurası Parlament Assambleyasının baş katib Torbyorn Yaqlanda Şərq və Qərb münasibətləri, demokratiya ixracı pərdəsi altında ayrı-ayrı ölkələrə qarşı yürüdülən dağıdıcı siyasətlə bağlı sual ünvanlayıb. Müsəlman Şərqinin qədim intibah məskəni olan ölkələrində bu gedişatda baş verən dağıntılar, yaranmış nəhəng qaçqınlar ordusunun və baş vermiş faciələrdən törəyən digər fəsadların dünyaya, konkret olaraq Avropaya birbaşa mənfi təsirlərinə diqqət yönəldən deputat R. Hüseynov deyib: "Qərbin müsəlman Şərqinə son illərdəki psevdodemokratiya ixracı cəhdləri acı nəticələr verdi. Dünya daha demokratik olmaq əvəzinə milyonlarla yeni qaçqınlar ordusunu əldə etdi, müvazinətini itirən, dağılan, qədim sivilizasiya inciləri məhv olan İraqı, Liviyanı, Suriyanı, Misiri qazandı. İndi Qərbin yeni çağırışları bu dağıdıcı dalğaları İrana, Səudiyyə Ərəbistanına yönəltmək niyyətlərindən xəbər verir. Sözdə tez-tez dinlər, sivilizasiyalar arası dialoqdan danışsaq da, belə proseslərlə dünyanı daha artıq parçalamaq, çıxılmaz böhranlara düçar etmək, zəncirvari fəlakətlər yuvasına çevirməkdə olduğumuzu görmürükmü?Axı reallıq da aşkar nümayiş etdirir ki, bütün bu proseslərin mütləq iki başı var, axı hamımız bu qlobal tələdəyik, axı bütün dünya təhlükə altındadır! Böyük faciələrə aparan bu qorxulu proseslərin qarşısını almaqdan ötrü Avropa Şurasının da məsuliyyəti böyükdür. Nə vaxta qədər biz qabaqlayıcı tədbirlər görmək əvəzinə baş vermiş fəlakətlərin nəticələrin təhlil etməklə məşğul olacağıq?". R. Hüseynovun sualını cavablandıran T.Yaqland qaldırılan problem və azərbaycanlı deputatın mövqeyi ilə tam şərik olduğunu bildirərək bildirdi: "Cənab Hüseynovun qaldırdığı məsələ çox vacibdir. Belə həssas məsələlərdə son dərəcə ehtiyatlı olmaq lazımdır. Biz şahidi olduq ki, demokratiyanı guya ixrac etməkdən ibarət bu biznes nə kimi fəlakətlərə bais olur. Kənardan gələn saxta demokratiya qəbuledilməzdir. Bunun bir sıra ölkələri hansı faciələrə gətirib çıxardığı göz qabağındadır. Tunisin nümunəsi göstərdi ki, belə proseslər ölkənin öz içərisindən zəruri ehtiyac kimi yetişəndə nəticələri də daha məqbul olur. İndi xüsusi institutlar var ki, demokratik proseslərin məhz belə irəliləməsi üçün kömək göstərirlər. Baş vermiş siyasi fəlakətlərin sadaladığınız ölkələrdə bütün başqa ağır nəticələrindən əlavə qədim intibahın nadir nümunələrinə vurduğu zərbələr xüsusi bir mövzudur".
Nurlan