Ölkə əhalisinin mütləq əksəriyyəti Prezident İlham Əliyevin fəaliyyətini dəstəkləyir- TƏHLİL
9 Aprel 2019 15:30 Siyasət"Opinion Way" şirkətinin Azərbaycanda keçirdiyi rəy sorğusunun nəticələri belə deməyə əsas verir
Bu günlərdə Cənab İlham Əliyevin növbəti dəfə prezident seçilməsinin bir ili tamam olur. Ötən bir il ərzində dövlət başçısının həyatımızın bütün sahələrində insanların, vətəndaşların sosial rifah halının gücləndirilməsi məqsədlə atdığı addımlar, həyata keçirdiyi islahatlar Azərbaycan cəmiyyəti tərəfindən müsbət qiymətləndirilib. Bunu ölkə vətəndaşları arasında keçirilən rəy sorğuları da təsdiqləyir. Burada diqqət çəkən əsas məqamlardan biri ondan ibarədir ki, təkcə yerli səviyyədə fəaliyyət göstərən sosioloji sorğu mərkəzləri deyil, eləcə də beynəlxalq səviyyəli mərkəzlərin ölkəmizdə keçirdiyi rəy sorğularının nəticələri də eyni mənzərəni ortaya qoyur. Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl Fransanın "Opinion Way" şirkəti tərəfindən Cənab İlham Əliyevin bir illik prezidentlik fəaliyyəıtinin qiymətləndirilməsi məqsədilə ölkə ərazisində sorğu keçirilib. Sorğunun keçirilməsində məqsəd Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyəti dəyərləndirmək, prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahatlara, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək olub. Martın 1-dən 16-dək 2 min nəfər respondent arasında keçirilən rəy sorğusnun nəticələri artıq açıqlanıb. Dünən Beynəlxalq Mətbuat Mərkəzində bununla bağlı mətbuat konfransı keçirilib.
"Opinion Way" şirkətinin rəhbəri Brüno Janbar deyib ki, sorğuda iştirak edən respondentlərin müəyyənləşdirilməsi çoxmərhələli seçmə metodologiyası əsasında aparılıb. Seçmə toplusunun formalaşdırılması prosesinin müxtəlif mərhələlərində sosial-demoqrafik göstəricilərə əsaslanan kvotalardan istifadə edilib, yekun seçmə vahidlərinin müəyyənləşdirilməsi isə təsadüfi üsulla aparılıb. Sorğunun nəticələrinə toxunan natiq qeyd edib ki, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi qiymətləndirib. Sorğunun "Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz" sualına isə respondentlərin 85,1 faizi bütövlükdə müsbət cavab verib. Respondentlərin yalnız 6,8 faizi "mənfi", 8,1 faizi isə "bilmirəm" cavablarını verib.
"Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz" sualına sorğuda iştirak edənlərin 90,5 faizi bütövlükdə müsbət cavab verib, onlardan 64 faizi bu istiqamətdə hökumətin fəaliyyətini "tam bəyəndiyini", 26,5 faizi "əsasən bəyəndiyini" vurğulayıb, rəyi soruşulanların yalnız 6,0 faizi bu suala "bəyənmirəm", 3,5 faizi isə "bilmirəm" cavabını verib.
Prezident İlham Əliyevin seçkiqabağı vədlərinin yerinə yetirilməsinin qiymətləndirilməsinə gəlincə isə, respondentlərin bütövlükdə 75,6 faizi bu suala müsbət cavab verib. Rəyi soruşulanların yalnız 5,8 faizi verilən vədlərin yerinə yetirilmədiyi, 4,2 faizi isə cavab verməyə çətinlik çəkdiyini ifadə edib.
Dövlət başçısının ötən bir il ərzində həyata keçirdiyi kadr islahatlarına dair də respondentlərin fikirləri öyrənilib. Rəyi soruşulanların mütləq əksəriyyəti prezidentin kadr islahatlarını müsbət qiymətləndirib. Belə ki, respondentlərin 78,8 faizi həyata keçirilən kadr siyasətinə birbaşa öz müsbət rəyini bildirib, onlardan 43,3 faizi bu sahədəki dəyişikliklərdən tam razı qaldığını, 35,5 faizi isə əsasən razı qaldığını nümayiş etdirib.
Sorğuda Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi korrupsiya əleyhinə mübarizəyə diqqət çəkilib. Sorğuda iştirak edənlərin 75,6 faizi korrupsiyanın aradan qaldırılması ilə bağlı görülən tədbirləri effektli və qənaətbəxş hesab edib.
"Regionların sosial-iqtisadi inkişaf proqramı" və hökumətin bölgələrdə həyata keçirdiyi fəaliyyət nəticəsi də "Opinion Way" şirkətinin sorğusunda müsbət əksini tapıb. Belə ki, sorğuda iştirak edənlərin 93,1 faizi sözügedən proqramların icrası nəticəsində regionların inkişaf etdiyini deyib. Ümumilikdə , rəyi soruşulanların 72,3 faizi hökumətin bu istiqamətdəki fəaliyyətini tam müsbət, 20,8 faizi "əsasən müsbət" kimi dəyərləndirib. Sorğuda dövlət başçısının regionlara səfərlər etməsi də müsbət qiymətləndirilib. Respondentlərin 90,4 faizi tərəfindən dövlət başçısının regionlara səfərləri müsbət qiymətləndirilib. Belə ki, rəyi soruşulanların 48,9 faiz bu səfərləri "çox yüksək", 27,5 faiz "əsasən yüksək", 14 faiz isə "qismən yüksək" kimi qiymətləndirib.
Rəy sorğusunun nəticələri onu deməyə əsas verir ki, ölkə əhalisi Prezident İlham Əliyevin xarici siyasətini də ciddi şəkildə dəstəkləyir. Sorğuda iştirak edənlərin 89,9 faizi bu sualı müsbət cavablandırıb, onların 73,9 faizi suala "əla", 16,0 faizi "kafi" cavabı verib, 2,4 faizi "pis", 7,7 faizi isə "dəqiq bilmirəm" kimi münasibət bildirib.
Süleyman