Gərgin siyasi mübarizə şəraitində keçən Türkiyə seçimləri- TƏHLİL

Qardaş Türkiyədə seçki həyəcanı nəhayət ki, bitdi.

Və onun sürpriz nəticələri

Qardaş Türkiyədə seçki həyəcanı nəhayət ki, bitdi. Uzun müddətdir gərgin siyasi mübarizə şəraitində keçən bələdiyyə seçkilərinin nəticələri bir çox sürprizlərlə yadda qaldı desək yanılmarıq. Düzdür, seçkilərdə yenə də hakim Ədalət və İnkişaf Partiyası qələbə qazandı. Lakin əvvəlki seçkilərin nəticələrindən fərqli olaraq bu dəfə AKP-nin qələbəsi heç də uğurlu olmayıb. Bəzi şəhərlərdə AKP opponentlərinə məğlub olub. Qardaş ölkədə baş tutan bələdiyyə seçkilərinin nəticələrini şərh edən müstəqil ekspert Kamran Sultanlı deyib ki, Türkiyədə keçirilən bələdiyyə seçkiləri insdentlə yadda qaldı. Onun sözlərinə görə, Malatya, Diyarbəkirdə insdent yaşanıb: "Seçkilərdə əsas mübarizə Türkiyənin 30 böyük şəhəri və 3 meqopolis olan İstanbul, İzmir və Ankara uğrunda gedirdi. Ümumiyyətlə, Türkiyədə belə düşüncə var ki, İstanbulu alan Türkiyəni idarə edir. İstanbulu artıq 25 ildir ki, sağ partiyalar idarə edir.1994-cü ildə Rifah Partiyası, daha sonra AKP ölkənin əsas mərkəzini idarə etməyə başladı. İstanbul ölkənin beyni, iqtisadi, siyasi mərkəzidir. Ölkə əhalisinin böyük əksəriyyəti burada cəmlənib. Rəcəb Tayyib Ərdoğan üçün İstanbul böyük əhəmiyyət daşıyır. Ərdoğan İstanbul üçün ölkənin ən nüfuzlu adamı, ona ən sadiq şəxs hesab edilən Binəli Yıldırımı təyin edib. Binəli Yıldırım Türkiyə Böyük Millət Məclisi sədrliyindən endirələrək, İstanbula namizəd göstərildi. Ölkənin ana müxalifəti ola, CHP isə Bəylikdüzü bələdiyyəsinin sədri olan Ekrem İmamoğlunun namizədliyini irəli sürüb. CHP, sol partiya olsa da, sağvari şəklində mübarizə aparır. İmamoğlu dindar ailədəndir, xüsusilə Qara dənizlidir. Qara dənizlilər yerliliyə xüsusi önəm verirlər. Rəcəb Tayyib Ərdoğan da Qara dənizlidir, uzun illər İstanbulda Qara dənizlilərdən səs alır".

Kamran Sultanlı deyib ki, ölkənin paytaxtı sağın və millətçiliyin qalası olan, Ankarada seçkinin ən qızğın rəqabəti gedəcəyi gözlənilirdi: "Çünki burada CHP ilk dəfə qalib gəlmək imkanı var. CHP Ankara şəhərinə də sağ elektoriatdan səs ala biləcək, dindar ailədən olan üstəlik ankaralı olan Mansur Yavaşın namizədliyini irəli sürüb. Yavaş, ankaralılar tərəfindən tanınır. Son seçkilərdə, Yavaş cüzi fərqlə, uzun illərdi Ankara Böyükşəhər Bələdiyyəsinin sədri çalışan Melik Gökçəkə uduzmuşdu. Lakin seçkilərin saxtalaşdırılıdığı güman edilir. Ərdoğan bu il Gökçəkin əvəzinə, Kayseri Bələdiyyə sədri olmuş Özhasekini namizəd kimi göstərib. Sorğularda Yavaş öndə idi". Ekspert qeyd edib ki, 
İzmir solun qalasıdır: "Bu şəhərin əhalisi atatürkçü, solçu və sekulyar kütlədir. Xüsusilə İzmirdə Alevilər yaşayır. Onlar üçün ölkənin dünyəviliyi, sünni Türkiyədə xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan onlar CHP-ni dəstəkləyir. CHP-ni sırf Atatürk partiyası hesab etdiklərindən, daima CHP-ni dəstəkləyirlər.AKP bu il nüfuzlu Nihat Zeybəkçini, CHP isə Tunc Soyeri namizəd göstərib.
Aparılan sorğulara əsasən Cumhur İttifaqı ümumən ölkə də 37-38 faiz, Millət İttifaqı isə 25-28 faiz səs qazanacaq. Qeyd edim ki, CHP 2014-dən bu tərəfə səsləri 24,1 faizdən 28 faizə qədər artırıbsa, AKP səs faizində geriləyib. Kürd bölgələrində isə HDP öndədir. Lakin AKP-CHP bu bölgələrdə, səs almaq üçün mübarizə aparır.AKP-nin MHP-lə ittifaqından sonra, Kürdlər CHP-yə doğru istiqamətləniblər. İstanbuldada Kürdlərin səsi xüsusi əhəmiyyət daşıyır. Ölkənin meqapolisində 4 milyona yaxın kürd yaşayır. CHP sədri Kılınçdaroğlu tez-tez Kürdlərin xeyrinə fikirlər bildirsə də, xüsusilə ifadələrində Kürdistan ifadəsini işlətsə də, Ərdoğan onun bu fikrini milliyətçi türklərdən səs almaq üçün istifadə edir. HDP-nin həbsdə olan sədri Demirtaş və onun xanımı, kürdlərin müxalifətə səs verməli olduğuna çağırış edib. Müxalifət seçkilərdə iqtisadi amildən yararlanmağa daha çox çalışırdı. "Mood" , "Fitch", "Rating" nüfuzlu beynəlxalq agentliklər Türkiyənin kredit reytinqlərini endirib. Həmçinin Türkiyəni son aylarda 16-a yaxın investor tərk edib. Bu investisiyaların ümumi həcmi 25 milyard dollar təşkil edir. Hətta buna görə, Türkiyədə 2010-cu ildə əsası qoyulan yaşayış kompleksi yarımçıq qalıb. İşsizlik rəsmi 13 faiz ,qeyri-rəsmi 19,5 faizə, yoxsulluq 7 faizə çatıb".

Politoloq Elxan Şahinoöğlu isə deyib ki, Türkiyədə 31 martda keçirilən bələdiyyə seçkilərinin ən böyük süprizi hakim Ədalət və İnkişaf Partiyasının İstanbulda cüzi fərqlə olsa belə məğlubiyyətlə üzləşməsidir. Onun sözlərinə görə,  Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan İstanbul uğrunda var gücüylə yarışırdı: "Bu səbəbsiz deyil. İstanbul hər mənada Türkiyənin yarısı deməkdir. Buna görə də Ərdoğan gün ərzində İstanbulda o mitinqdən bu mitinqə tələsir, namizədi Binəli Yıldırımın qələbəsinə çalışırdı. Olmadı. Eyni zamanda Ankara da əldən getdi. Bu gələcəkdə Əroğana müəyyən problemlər yaradacaq. Çünki Ərdoğanın İstanbulla bağlı böyük layihələri var idi. Bu layihələləri İstanbulun CHP bələdiyyə başçısı ilə reallaşdırmaq çətin olacaq. Buna baxmayaraq, AKP ilə MHP ittifaqı say etibarilə bələdiyyələrin çoxunda qələbə qazandı. Kürdlərin yaşadıqları bölgələrdə PKK-nın siyasi qanadı sayılan HDP-nin az səs toplaması AKP-nin uğuru sayıla bilər. Məsələn Hakkari 1990-ci illərdən bu yana PKK uzantılarının qalası sayılırdı. Hakkaridə AKP-nin namizədi HDP namizədi üzərində böyük fərqlə qələbə çaldı. Bunun səbəbi odur ki, kürdlərin yaşadıqları bölgələrə qəyyum bələdiyyə başçıları təyin olunmuşdular. Onlar yerli insanların dəstəyini qazanmaq üçün çox iş gördülər və bununla kürdlərin inamını qazandılar. O da sübut olundu ki, bələdiyyələr yaxşı işlədikləri halda kürdlər yaxşı bələdiyyə başçısını PKK uzantılarından üstün tuturlar". Elxan Şahinoğlu qeyd edib ki, bələdiyyə seçkisində MHP-nin həm AKP ilə birgə, həm də ayrılıqda uğur qazandığını söyləmək olar: "CHP ilə koalisiyada olan İyi Parti isə uğur qazanmadı.  CHP ilə koalisiyada olan Səadət Partiyası da xüsusi fəallığı ilə seçilə bilmədi. AKP və MHP koalisiyası ilə mübarizədə bütün yük CHP-nin üzərində qaldı. Buna rəğmən, hazırda Türkiyənin siyasi sistemində iki qütb formalaşıb.  Birinci qütbdə AKP və MHP koalisiyası yer alıb,  ikinci qütb CHP ətrafında fortmalaşıb. Ancaq bunu iki partiyalı siyasi sistem adlandırmaq olmaz. Çünki birinci qütb sağçı və millətçi qüvvələrin birliyidirsə, ikinci qütbdə sollar, sağlar, dinçilər, hətta PKK uzantıları yer alıb. Sonuncu ilə bağlı onu demək lazımdır ki, Türkiyədəki kürdlərin səsləri parçalanıb. Əgər 2000-ci illərdən başlayaraq kürdlərin səsləri PKK-nın siyasi qanadları ilə AKP arasında bölünürdüsə, bu bələdiyyə seçkilərində uzun illərdən sonra CHP-yə da ciddi pay çatdı. Məsələn CHP-nin Ankara və İstanbuldakı uğurunun arxasında bu şəhərlərdə yaşayan kürdlərin səsləri də əhəmiyyətli rol oynadı. Halbuki, keçmiş illərdə bu şəhərlədə kürdlərin səslərinin əsas hissəsi AKP-nin payına düşürdü. Görünür, AKP-nin millətçi MHP ilə koalisiyası kürdlərin bir hissəsinin səsinin hakim partiyadan qopmasına səbəb olub". Politoloq onu da bildirib ki, bələdiyyə seçkilərinin nəticələri AKP-yə və Ərdoğana ciddi mesaj idi: "Türkiyədə növbəti seçki 4 ildən sonra keçiriləcək. Ancaq bu müddətdə hakim partiya üçün çətin olacaq. Böyük şəhərləri itirən AKP reytinqinin yenidən yüksəlməsi üçün var gücüylə çalışmalıdır. Türkiyə iqtisadiyyatındakı çalxalanmalar və inflyasiya seçicilərin hakim partiyadan qaçışını gücləndirə bilər. Ona görə də hakim partiya və Ərdoğan qarşısında dayanan əsas vəzifə iqtisadiyyatda və sosial problemlərin həllində ciddi dönüş yaratmaqdır. Əks halda birləşən müxalifət gücünü artırmaqda davam edəcək. Türkiyədəki bələdiyyə seçkiləri Azərbaycanda diqqətlə müşahidə edildi. Birincisi, Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Ona görə də Türkiyədə bələdiyyə seçkilərində hansı siyasi qrupların qələbə qazanması Azərbaycan üçün əhəmiyyətlidir. Çünki bir gün həmin güclər parlamentdə və prezident seçkilərində də uğur qazana bilərlər. İkincisi, Türkiyədəki mövcud bələdiyyə sisteminin və statusunun öyrənilməsinə və gələcəkdə Azərbaycanda tətbiqinə ehtiyac var. Azərbaycanda da bu il bələdiyyə seçkiləri keçiriləcək. Ancaq Türkiyədən fərqli olaraq Azərbaycandakı bələdiyyə seçkilərinə maraq azdır. Bu durumu dəyişmək və idarəetmədən kənar qalan müxtəlif siyasi qrupların bələdiyyə seçkilərində iştirakını təmin etmək Azərbaycan üçün də vacibdir".

Politoloq  Ramiya Məmmədova isə deyib ki, Türkiyədəki siyasi durum hər zaman iqtisadiyyatın dalğalanmasına bağlı olub: "Türkiyədəki siyasilər, o cümlədən başda Ərdoğan olmaqla hər kəs bilirdi ki, seçkinin təməl daşı demokratiya, xalqın səsi, xalqın dövlətçiliyi düşünməsidirsə, təməlin üzərindəki daşlar, iqtisadiyyat, xarici siyasət, siyasətçilərin qərarlılığıdır. Onillər boyu ard-arda dövlət çevrilişıərindən usanan və bu səbəbdən ölkəsinin dövlətini dişi ilə, dırnağı ilə qoruyan Türkiyə xalqını, kapitalist prinsiplərlə düşünməsi normal haldır. Bəli, Türkiyə xalqını çox şeydən əvvəl Türkiyənin iqtisadiyyatı düşündürür. Bu da danılmaz həqiqətdir ki, iqtisadiyyatın düşüsə doğru getməsi və ölkədaxili siyasətdə hakim partiyanın tək hakimiyyətlilik nümayiş etdirməsi, paytaxt sakinlərinin CHP -yə səs verməsinə səbəb oldu. AKP Ankara kimi böyük şəhəri itirdi. Ərdoğanın seçkinin bitməsindən sonra, açıqlamasını da, nəzərdən qaçırmamalıyıq. Rəcəb Tayyib Ərdoğanın açıqlamasının məğzi təxminən belədir: Siyasi kursumuzu xalqın düşüncələrini nəzərə alaraq, dəyişəcəyik"

Politoloq Məhəmməd Əsədullazadə isə deyib  ki, Türkiyədə keçirilən bələdiyyə seçkiləri hakim partiyanın artıq siyasi dayaqlarının zəiflədiyini göstərir: "Növbəti seçkilərdə MHP AKP -dən ayrılarsa, AKP iqtidardan gedə bilər. CHP və İYİ partiya Ankarda və digər şəhərlərdə qələbə çalması göstərir ki, bu ittifaq getdikcə yeni uğur qazanır. Bir məsələni qeyd edim ki, CHP və AKP millətçilər olmasa idi, heç biri təkbaşına seçkilərdə kifayət qədər səs qazana bilməzdi. Hər iki partiya millətçilərə borcludur". Politoloq onu da diqqətə çatdırıb ki, Türkiyədə xalq artıq dəyişikliyə maraqlıdır: "AKP-nin tək başına seçkilərdə məğlub olması aydın görünür. Hesab edirəm ki, növbəti seçkilərdə MHP AKP dən ayırılarsa, Türkiyə tarixində böyük dəyişiklilər ola bilər. Ərdoğan bundan sonra çalışacaq ki, xalqın siyasi dəstəyini qazanmaq üçün yeni açılımlara getsin. Amma islahatlarda səmərə verməyə bilər. İYİ partiya və CHP Türkiyədə növbəti seçkilər dönəmində həlledici bir səs ala bilərlər. Hər iki partiya bu seçkilərdən sonra daha da ittifaqlarını möhkəmləndirəcək".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31