Paşinyan Vyana görüşünün detallarını açdı
1 Aprel 2019 13:37 SiyasətQarabağ konfliktinin həlli ilə bağlı danışıqlar prosesində yeni situasiya yaranıb.
Bunu öz Feysbuk səhifəsindəki canlı yayımı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən bəhs edən Paşinyan bu tip görüşləri bir tərəfin qələbəsi, digərinin məğlubiyyəti kimi dəyərləndirilməməsi gərəkdiyini bildirib:
"Liderlər bir neçə saatlıq görüş keçirəndən sonra diametral zidd şərhlər səslənməsi çox qəribədir. Mənim ilkin təəssüratım belədir ki, bizim təkliflərimizə qarşılıq verildi. Həm mən, həm Azərbaycan Prezidenti görüşü pozitiv dəyərləndirdik".
O, Xankəndidə Ermənistan və Qarabağ separatçılarının "təhlükəsizlik şuraları"nın iclasında dediklərindən kənara çıxmadığını və Vyanada buna əsaslanan müzakirələr apardığını, yəni Qarabağın danışıqlarda birbaşa iştirakı məsələsini müzakirə etdiyini deyib. Paşinyan Ermənistan tərəfinin formatın dəyişdirilməsi məsələsini irəli sürmədiyini bildirib.
Baş nazir həmçinin guya Bakının son zamanlar həmsədrlərin birgə bəyanatının çərçivəsindən kənara çıxan şərhlər verdiyini bildirib:
"Biz Vyanaya Xankəndini danışıqlara qaytarmaq gündəmi ilə getmişdik. Bu, formatın dəyişdirilməsi demək deyil. Bu, sadəcə danışıqları daha effektiv etməyə cəhddir. Azərbaycan deyir ki, format dəyişməz qalıb. Bu bizim razılaşdığımız məntiq çərçivəsinə uyğun deyil. Qarabağın iştirakını vurğulayarkən, biz, ümumiyyətlə, format dəyişikliyindən söhbət etmirdik".
Onun sözlərinə görə, danışıqlar bundan sonra da ATƏT-in Minsk Qrupunun həmsədrləri çərçivəsində aparılacaq:
"Vyanada Qarabağın birbaşa iştirakı məsələsi müzakirə edildi, biz ciddi arqumentlər gətirdik. Tərəflər razılığa gəlmədi, amma bu məsələyə yenidən qayıdacağıq. Məsələ odur ki, 1998-ci ildən danışıqlar prosesində Qarabağ qeyri-rəsmi olaraq Qarabağdan olan Ermənistan prezidentlərinin simasında təmsil olunub. Mən onlardan fərqli olaraq Qarabağın lideri olmamışam və onun adından danışa bilmərəm".
O, hazırkı mərhələdə erməni tərəfinin bütün onu maraqlandıran məsələlərə cavab tapdığını deyib. Paşinyan erməni tərəfinin danışıqlarda yeni sözü, yeni reallığının mövcud olduğunu bildirib.
Baş nazir həmçinin Qarabağın danışıqlara qatılacağı halda bunun Azərbaycanın məğlubiyyəti kimi qəbul edilməməsi gərəkdiyini deyib.
Qeyd edək ki, martın 29-da Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Vyanada ilk rəsmi görüş keçirilib.
axar