“Vyana görüşü həmsədrlərin istədiyi kimi nəticələndi”- Şərh

"Vyana görüşü İlham Əliyevlə Nikol Paşinyan arasında ilk rəsmi görüş idi. Bu görüşün baş tutmasında ən çox həmsədrlər maraqlı idilər. Təsadüfi deyil ki, görüş aprel döyüşlərinin ildönümü ərəfəsində təşkil edildi. Minsk Qrupu aprel hadisələrinin yenidən təkrarlanacağından ehtiyat etdiyi üçün tərəflər arasında görüş keçirilməsini və razılıq əldə olunmasını təmin etdilər. Görüşdən sonra həmsədrlər "Tərəflər humanitar sahədə bir sıra tədbirlərin hazırlanması barədə razılığa gəliblər"- deyə açıqlamalarında bir ifadə işlətdilər. Eyni ifadəni hər iki tərəfin dövlət başçıları da açıqlamalarında təsdiq etdilər."

Bu fikirləri Olaylar.az-a siyasi ekspert Kənan Paşayev deyib.

O bildirib ki, bu ifadələrdən görüşün həmsədrlərin istədiyi kimi nəticələndiyini anlamaq olar: "Cəbhədəki nisbi sabitlik davam edəcək. Lakin, münaqişənin həlli ilə bağlı irəliləyişin əldə olunduğunu demək çətindir. Ermənistanın baş naziri əvvəlki erməni prezidenti kimi danışıqların formatını yayındırmağa çalışır. Yəni, ermənilər üçün əsas maraqlı olan atəşkəsin qorunması və mövcud durumun saxlanmasıdır. Bu isə Azərbaycanın maraqlarına cavab vermir. Açıqcası bu görüşün də əvvəlki görüşlərdən o qədərdə fərqli olmadığını demək olar. Münaqişənin həll edilməsi üçün gələcəkdə hərbi yoldan mütləq istifadə ediləcək. Bu qaçılmazdır. Ermənistanı sülhə güc yolu ilə məcbur etmək lazımdır. Əks təqdirdə erməni dövləti sülhə maraqlı deyil. Dövlət maraqlı olsa belə, Qarabağ klanı buna heç vaxt imkan verməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31