Həyasız erməni məmurun Qarabağ iddiası... - Bəyanat

ABŞ Prezidentinin Qolan təpələri ilə bağlı addımı sağlam ağıl və məntiqə uyğunsuzluq, beynəlxalq hüquq normaları və qüvvədəki konvensiyalarla tərs mütənasiblik, qanlı münaqişəni daha da körükləyərək sülh körpülərini yandırmaqdan əlavə, dünyada işğal, təcavüz aktlarının qanuniləşdirilməsi üçün çox zərərli bir presedentdir.

Bu sözlər "Qələm" Yazarlar Birliyinin ABŞ-ın Qolan təpələri üzərində İsrailin suverenliyini tanıması ilə bağlı yaydığı bəyanatdandır.

Sözügedən bəyanatda bildirilib ki, artıq bunun ilk arzuolunmaz işartıları görünməkdədir:

"Azərbaycanın işğaldakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin oyuncaq mətbuat katibi David Babayan Ermənistan mediasına açıqlamasında Suriyanın Qolan yüksəkliklərinin İsrail üçün həm hərbi-strateji, həm də hidro-donor kimi vacibliyini deyib. Həyasız erməni məmuru Trampın bəyanatına və sair mülahizələrə dayanaraq, təcavüzə məruz qoyduqları Kəlbəcər bölgəsinin özləri üçün "statusu"nu da Qolan yüksəklikləri ilə eyniləşdirir".

Bəyanatda vurğulanır ki, 1967-ci ildə ilhaq olunan, 1981-ci ildə isə Knessetdə legitimləşdirilməsinə uğursuz cəhd göstərilən Qolan ərazisini beynəlxalq aləm Suriya torpaqları kimi tanıyır və ölkələrin ərazi bütövlüyü toxunulmazdır.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31