Ukrayna seçim ərəfəsində - ŞƏRH
29 Mart 2019 13:08 SiyasətRusiya Qərbə uduzur?
Bu günlər Birləşmiş Ştatlar, Qərb, Rusiyanın gözü demək olar ki, Ukraynaya dikilib. Səbəb isə bu ölkədə növbəti prezident seçkilərinin keçirilməsidir. Krımın Rusiya tərəfindən ilhaqından sonra Kiyevi demək olar ki, əlindən vermiş olan, eyni zamanda bu ölkədə iki super güc arasında gedən mübarizədən hələlik məğlub ayrılan Qərb bütün ümidlərini Ukraynada keçiriləcək son prezident seçkilərinə yönəldib. Hazırda Birləşmiş Ştatlar və Qərbin əsas məqsədi bu ölkədə keçiriləcək prezident seçkilərində onların maraqlarına xidmət edəcək namizədin qələbə qazanmasıdır. İndiki halda Birləşmiş Ştatlar və Qərb üçün ən ideal namizəd hazırkı dövlət başçısı Petro Poroşenkodur. Çünki Poroşenkonun ölkəyə rəhbərlik etdiyi ötən müddət ərzində Ukraynada Qərbin, Birləşmiş Ştatların maraqlarının daha çox təmin olunduğu kimi tendensiya müşahidə edilməyə başlayıb. Paralel olaraq Petro Poroşenko Rusiyaya qarşı barışmaz mövqe nümayiş etdirdiyinə görə də, Qərb, Birləşmiş Ştatlar tərəfindən dəstəklənir. Ən azı bir müddət əvvəl Rusiya hərbi dəniz qüvvələri tərəfindən Ukraynaya məxsus gəmilərin atəşə tutulması hadisəsi fonunda bunun əyani şahidi olduq. Həmin ərəfədə Poroşenko ölkə hərbiyyəsini bir nömrəli döyüş hazırlığı vəziyyətinə gətirdi. Düzdür, bu Rusiyaya qarşı müharibə etmək anlamı verməsə də, hər halda bir dirəniş, Kremlə ciddi etiraz idi. Bütün bunları nəzərə alaraq ona görə də adını çəkdiyimiz hər iki güc mərkəzi Ukraynada keçiriləcək prezident seçkilərində Petro Poroşenkoya stavka edir.
Ancaq ona da diqqət etmək lazımdır ki, Petro Poroşenkonun prezident kimi qələbə qazanması Rusiya üçün də ciddi problem sayılmaz. Çünki Poroşenko Krımın işğalı məsələsində hər nə qədər Rusiyaya qarşı barışmaz olsa da, onun sələfləri olan Yuşşenko, yaxud sabiq Gürcüstan prezidenti Saakaşvili qədər Moskvaya qarşı müharibə edə biləcək niyyətdə deyil. Ona görə də, Poroşenkonun prezident seçilməsi adlarını qeyd etdiyimiz hər bir supergücün müəyyən mənada maraqlarına xidmət edir.
Bəs görəsən ekspertlər bu barədə nə düşünür? Qərb və Rusiya bu seçkilərdə kimin qələbə qazanmasında maraqlıdır və bundan sonrakı proseslər necə cərəyan edəcək?
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Ukraynada keçiriləcək prezident seçkiləri ölkənin siyasi-iqtisadi sefrasına ciddi təsir edə biləcək həlledici siyasi hadisədir. Onun sözlərinə görə, bu seçkilərdə hazırkı prezident Petro Poroşenkonun qalib gəlmə şansı yüksəkdi və seçkilərin əsas favoriti sayılır: "Qərb məhz onu dəstəkləyəcək. Digər əsas namizədlər Yuliya Timoşenko və Vladimir Zelinskiyə gəldikdə isə, Qərb bu şəxslərə dəstək verməyəcək. Baxmayaraq ki, seçicilər arasında hər iki namizəd populyardı. Qeyd edim ki, Petro Poroşenko Rusiyaya qarşı Qərbin əsas dəstək verdiyi şəxsdir və ikinci belə bir namizəd yoxdur. Nəzərə alaq ki, Rusiya ilə Qərb arasında siyasi qarşıdurma yeni müstəviyə daxil olur. Belə olan təqdirdə Qərb üçün Ukraynada növbəti seçkilərdə siyasi platforması onun maraqlarına aydın olan Poroşenkodu. Digər iki namizədin reytinqi yüksək olsa da, ikinci tur seçkiləri keçirilsə Ukryanda surpiriz gözlənilmir. Artıq, Rusiya da Ukrayanda strateji cəhətdən uduzduğunun fərqindədir və yaxşı bilir ki, seçkiilərin qalibi Petro Poroşenko olacaq. Prezident Petro Poroşenko Rusiya üçün arzuolunmayan siyasətçidi. Qeyd edim ki, Rusiya Krım və Donbasda işğalçı fəaliyyətinə görə seçkilərdə əhali tərəfindən onun namizədi dəstəklənməyəcək. Xalq birmənalı olaraq Rusiyanı düşmən kimi qəbul edir. Ona görə də Rusiyanın hazırkı situasiyada Ukraynanın siyasətinə təsir imkanları yetərsizdi. Əgər, Rusiya Donbas və Krmdan çəkilərsə xalqın rəğbətini qazana bilməyəcək. Ümumiyyətlə Ukryanada Rusiya meyilli siyasətçilərin yenidən Maydan hazırlamaq şansları sıfıra bərbabərdir".
Politoloq deyir ki, seçkilərdən sonra Donbasda hərbi əməliyyatlar yeni fazaya keçə bilər: "Rusiya Ukrayna hökumətinə bir müddət təzyiq edəcək. Hazırda isə, Rusiya geniş şəkildə Şərqi Ukraynada müharibənin alovlanmasında maraqlı deyil. Yeni əraziləri ələ keçirmək artıq Rusiyanın məğlubiyyəti ola bilər. Çünki, hazırda güclü Ukryana ordusu yetərincə Rusiya dəstəkli separatçılara zərbə endirməyə qadirdir2. Seçkilərdən sonra Ukryana Azərbaycan əlaqələrinə gəldikdə isə Məhəmməd Əsədullazadə hesab edir ki, iikitərəfli mövcud siyasi-iqtisadi əməkdaşlıq davam edəcək: "Bir məsələni qeyd edim ki, Ukraynanın ərazi bütövlüyü BMT-də səsverməyə çıxarılacaqsa, mütləq şəkildə Azərbaycan bu ölkənin ərazi bütövlüyünə səs verməlidir. Nümayəndə heyətimiz səsvermə zamanı zalı tərk etməməli və bitərəf qalmamalıdır. Ukrayna ilə siyasi əlaqələri strateji səviyyəyə qaldırmaq lazımdır".
Füzuli