Vyana görüşündən gözləntilər nədir? Siyasi analiz

Paşinyan görüş öncəsi çıxılmaz vəziyyətə düşüb

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha bir mühüm görüş reallaşır. Söhbət Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avstriyanın paytaxtı Vyanada keçirilən görüşündən gedir. Uzun müddətdir ki, hazırlıq prosesi gedən bu görüşün nəticələri, onun Dağlıq Qarabağ probleminin həllinə mümkün təsirləri barədə müxtəlif versiyalar, proqnozlar səslənməkdədir. Müstəqil ekspert Rusif Məmmədsoy deyir ki, bu iki ölkə arasındakı ilk belə görüş deyil. Onun sözlərinə görə, danışıqlar uzun illərdir ki, davam edir: "Lakin, heç bir irəliləyiş olmayıb. Ona görə də Vyana görüşündən də hər hansı müsbət nəticə əldə ediləcəyi inandırıcı görünmür. Hər halda Nikol Paşinyan özü də bu barədə bu sözləri deyib " Bu görüş sadəcə əvvəlki danışıqlar əsasında müzakirələr " olacaq".  Bəs, Nikol Paşinyanın bu cümləsini necə başa düşmək olar? 
Ekspert deyir ki, Ermənistanın baş naziri bununla ölkə daxilindəki müxalif qüvvələri xəbərdar etmək məqsədi güdür: "Çünki,         Nikol Paşinyan hakimiyyətə gəldiyindən bəri əsas mübarizə apardığı qüvvələr Qarabağ klanı və Dağlıq Qarabağdakı separatçılardır. Həmin qüvvələr ki, Nikol Paşinyan hər dəfə İlham Əliyevlə görüşdən dərhal sonra bu barədə öz hesabından paylaşım edərək bildirir ki, İlham Əliyevlə "Dağlıq Qarabağ" məsələsi ətrafında danışmamışıq. Bu mənada Nikol Paşinyan  üzərində çox böyük təzyiq hiss edir. Vyana görüşündə də ssenarinin eyni olacağını, müsbət heç bir addım atılmayacağını deyə bilərik. Düşünürəm ki, Nikol Paşinyanın əsas problemləri də məhz bu görüşdən sonra başlayacaq. Belə ki, əgər Vyana danışıqlarından da heç bir nəticə əldə edilməzsə bu il "Aprel döyüşləri" nin davamını görə bilərik. Bu zaman isə belə bir sual ortaya çıxır ki, Ermənistan növbəti qarşıdurmaya hazırdırmı?".  Rusif Məmmədsoy deyib ki,  Nikol Paşinyanın yeni problemlərindən biri də Dağlıq Qarabağdakı erməni ordusu ilə bağlıdır: "Belə ki, hərbiçilər intizamsızlıq edir, həmin ərazilərdə xidmət etmək istəmirlər. Xüsusilə də əsgər valideynləri ölkədə etiraz aksiyaları keçirir. Bu mənada Nikol Paşinyan çıxılmaz vəziyyətə düşür. Paşinyan bu halda Rusiya ilə hesablaşmalı olduğunu yaxşı anlayır. Bu səbəbdən də Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın təxminən bir həftə öncə Moskvaya gizli səfəri də təsadüfi deyil. Z. Mnatsakyan Moskvada ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popovla görüşüb. Bu səfərin məqsədi də bəllidir".

Ekspert onu da qeyd edib ki. Nikol  Paşinyan Əlbəttə ki, Vyana görüşünün nəticələrindən olduqca narahatdır: "Uzun illərdir davam edən münaqişədə Azərbaycanın artıq səbr kasası dolub. İlham Əliyevlə Nikol Paşinyan bundan öncə də qeyri-rəsmi iki görüş keçirib. Düşənbədə və Davosdakı görüşlərdə düşünürəm ki, Nikol Paşinyan İlham Əliyevdən müəyyən xahişlər edib. Həmin xahiş budur ki, ölkədəki sabitliyi bərqərar edənə qədər atəşkəsə əməl edilsin və radikal addımlar atılmasın. Əgər hadisələr həqiqətən də bu məcrada davam edibsə, ölkə başçısı İlham Əliyev həmin müddəti ona verdi. Lakin, Nikol Paşinyan öz vədini yerinə yetirməli və danışıqlar formatının dəyişdirilməsi ilə bağlı mövqeyini dəyişməlidir". 
Natiq qeyd edib ki, məsələnin digər tərəfi isə erməni lobbisi ilə bağlıdır: "Belə ki, yaxın günlərdə Donald Trampın Qolan təpələrini rəsmən İsrail torpağı kimi tanıması erməni lobbisində də aktivlik yaradacaq. Belə ki, biz Trampın bu addımı atmasında yəhudi lobbisinin təsirini qeyd ediriksə, unutmamalıyıq ki, dünyada yəhudi lobbisi ilə yanaşı digər güclü lobbi var ki, bu da erməni lobbisidir. Hansı ki, Donald Tramp seçki kampaniyası zamanı erməni və yəhudi lobbilərinə də müraciət ünvanlayır, onların maraqlarını müdafiə edirdi. Bizə kim təminat verə bilər ki, sabah Donald Tramp erməni lobbisinin təzyiqi ilə "Dağlıq Qarabağı" Ermənistan torpağı kimi tanımayacaq. Əlbəttə, bu zaman belə bir sual yaranır ki, axı Azərbaycan Birləşmiş Ştatlar üçün xüsusi əhəmiyyət kəsb edir, enerji təhlükəsizliyində qarant rolunu oynayır və.s. Lakin, bir məsələni xatırladım. Con Boltonun Cənubi Qafqaza rəsmi səfəri zamanı çox maraqlı hadisələr cərəyan etdi. Həmin vaxtda üç ayrı Amerika rəsmisi haqqında yazılar Ermənistan KİV-ni zəbt etmişdi. Belə ki, C. Bolton Azərbaycanla əlaqələrə xüsusi əhəmiyyət verdiklərini, iqtisadi əməkdaşlığın artırılması barədə bəyanatlar verdi. Bu isə Ermənistan hökumətini narahat edən məsələ idi.  Digər məqam isə Ermənistandakı sabiq ABŞ səfiri Riçard Millsin adı ilə bağlıdır. O, öz vəzifəsinin son günlərində belə bir bəyanatla çıxış etmişdi: "Ermənistan bu münaqişənin həllini istəyirsə işğal etdiyi ərazilərdən geri çıxmalıdır ". Təbii ki, bu hadisə də erməni mətbuatının diqqətindən yayınmadı və birmənalı qarşılanmadı. Lakin, mənim diqqətimi çəkən əsas məsələ nəyə görə Riçard Millsin bu ifadəni son günlərə saxlamasıdır.Hansı ki, bunu əvvəl də deyə bilərdi. Bunun da müxtəlif səbəbləri var. Lakin, istənilən halda bu çıxış bizim milli maraqlarımıza uyğun idi.  Son olaraq Donald Trampın müşaviri və şəxsi vəkili olan Rudolf Culianinin Con Boltonla eyni vaxtda Ermənistana səfəri olmuşdu. Səfər zamanı isə Rudolf Qondarma "erməni soyqırımını" tanımışdı.  Bütün bunları nəzərə alaraq Paşinyanın Vyanaya əliboş getməyəcəyini deyə bilərik. 

Rusiya amili də bu məsələdə təsirsiz ötüşməyəcək əlbəttə. Xüsusilə də son olaylardan sonra Rusiya özünü olduqca rahat hiss edəcək regionda. Artıq ilhaqı rəsmiləşdirən təkcə Rusiya deyil".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31