Ermənistan danışıqlara hazır deyil- Problem

Son təxribat bunu bir daha sübut edir

İşğalçı Ermənistan təxibatçı hərəkətlərini davam etdirir. Ötən gün cəbhə xəttində bir hərbiçimizin düşmən gülləsinə tuş gələrək şəhid olması bunun əyani sübutudur. Hadisənin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Vyanada baş tutacaq görüşü ərəfəsinə təsadüf etməsi bir daha sübut edir ki, İrəvan hər vəchlə danışıqlar prosesini pozmağa çalışır. Elə əksər ekspertlər də bu qənaətdədirlər. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Qarabağ münaqişəsinin nizamlanması üzrə Vyanada keçiriləcək görüş öncəsi Azərbaycan ordusunun təmas xəttində şəhid verməsi birbaşa danışıqların pozulmasına, xüsusi ilə bundan sonrakı etimad mühitinin formalaşmasının qarşısının alınmasına yönəlib.  Onun sözlərinə görə, bu görüş öncəsi Ermənistan ordusunun təxribatından aydın olur ki, ordu tam şəkildə Paşinyan siyasi hakimiyyətinə tabe deyil: "Tərəflər arasında mümkün kompromis əldə olunmasına qarşı orduda müəyyən qüvvələr buna qarşı olacaq və silahlı qiyama əl atacaq, təxribatlar törədəcək. Demək, Yerevanla hazırkı situasiyada danışıqlar mənasızdı. Erməni ordusunda kök salmış Rusiya agentura şəbəkəsi belə pozuculuq fəaliyətinə əl atıb, mövcud iqtidara qarşı təzyiq edəcəklər.

Nikol Paşinyan orduda təmizlik işləri aparmadan, Qarabağdakı Kremlə bağlı Qarabağ klanının qalıqlarını təmizləmədən danışıqlarda hər hansı bir planını reallaşdıra bilməyəcək. Azərbaycan belə olan təqdirdə Yerevanla hansı danışıqlara getməlidir? Vyana görüşü sadəcə Paşinyana atəşkəsin qorunması üçün vacib görünür. Biz bu kimi danışıqlara status-kvonun qorunması üçün istifadə edilməsinə imkan verməməliyik. Vyana görüşündən  münaqişənin həllinə yönələn ciddi proses nəzərə çarpmasa, bundan sonrakı danışıqlara qatılmaq vaxt uzatmaq olacaq".

Politoloq hesab edir ki, Azərbaycan Vyana görüşündın sonra siyasətini 180 dərəcə dəyişib, işğalçıya qarşı təzyiq siyasətini yenidən başlamalıdır: "Rusiya Qarabağda provakasiya hazırlaya bilər. Vyana görüşü ərəfəsində Rusiyaya bağlı olan erməni ordusu təxribat edərək əsgərimizi şəhid etdi. Qeyd edim ki, Rusiya Paşinyana onun iradəsindən kənar danışıqlar aparmasına imkan verməyəcək. Ona görə də biz Vyana görüşündən müsbət irəlləyiş gözləməməliyik. İlk növbədə Ermənistan tərəfi buna getməyəcək. Onlar ərazilərin boşaldılmasına hazır deyillər"

Politoloq Elxan Şahinoğlu isə deyib ki, atəşkəsin qorunmasında ən çox Ermənistanın hazırki baş naziri Nikol Paşinyan maraqlı olmalıdır: "Çünki Paşinyan bilir ki, Azərbaycan ordusunun istənilən itkisi cavabsız qalmayacaq, cavab olaraq qarşı tərəf də itki verməlidir. Başqa cür mümkün deyil. Belə olan halda ermənilər cəbhənin Füzuli rayonu istiqamətində niyə atəşkəsi pozaraq hərbçimizi şəhid etdilər? Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri bir neçə gündən sonra Vyanada görüşməlidirlər. Hərbçimizin görüş ərəfəsində şəhid edilməsi danışıqların pozulmasına və ya nəticəsiz qalmasına yönəlib. Danışıqların başlamamış pozulması ən çox Qarabağdakı separatçıların və Ermənistanda kök salmış "Qarabağ klanı"nın maraqlarına xidmət edir. Paşinyan bu iki qüvvənin qorxusundan Azərbaycan prezidenti ilə görüşlərdə Qarabağ mövzusunun detallı müzakirəsindən yayınır. Buna baxmayaraq, separatçılar Paşinyana etibar etmirlər. Ona görə də atəşkəsi pozurlar . Bizim üçün isə fərqi yoxdur, atəşkəsin pozulması əmrini İrəvanda, yoxsa Xankəndində verirlər. Müdafiə nazirimiz Zakir Həsənovun "hər itkimizin on qat cavabını alacaqlar" əmrinin yerinə yetirilməsini gözləyirik".

Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov isə qeyd edib ki, İlham Əliyev və Nikol Paşinyanın Vyanada görüşü ərəfəsində cəbhənin müxtəlif istiqamətlərində atəşkəsin total şəkildə pozulması, təxribatların törədilməsi və bir əsgərimizin şəhid olması görüşün baş tutmamasına hesablanıb: "Bu görüşün baş tutmasını istəməyən və Azərbaycanla Ermənistan liderlərinin hər hansı bir kənar vasitəçi olmadan danışıqlara başlamaq təşəbbüsü kimlərin, hansı qüvvələrin və hansı ölkələrin maraqlarına toxunur, yuxularına haram qatır və planlarını pozur? Əlbəttə, indi bu suallara isti-isti və birmənalı surətdə cavab vermək mümkün deyil. Həm də ona görə ki, bu saat bizim əlimizdə arqumentlərimizi, təxminlərimizi təsdiqləyə biləcək real faktlar yoxdur. Amma hər halda ehtimal etmək olar ki, liderlərin görüşü ərəfəsində Azərbaycan-Ermənistan silahlı qüvvələrinin təmas xəttində qəfil gərginliyin yaradılması ilk növbədə Rusiyanın işi ola bilər. Çünki Kreml Qarabağ münaqişəsinin sülh yoluyla nizamlanması prosesinin Rusiyanın nəzarətindən çıxarılmasına heç cür yol vermək istəmir. Böyük ehtimalla, cəbhədəki son gərginlik də məhz buna hesablanıb. Rusiya hakimiyyətinin revanşist qanadı Paşinyana bu yolla psixoloji təzyiq göstərir". Partiya sədri bildirib ki, burada başqa bir məqsəd də Vyana görüşünü diskreditasiya etmək və tərəflər arasında qarşılıqlı inamsızlıq yaratmaqdır: "Cəbhədə təxribat törədən "gizli əllər" bu yolla İlham Əliyevlə Nikol Paşinyanı normal və konstruktiv danışıqlar ab-havasından çıxarıb, onları bir-birinə qarşı aqressiv ovqata kökləməyə çalışır. Bu isə şübhəsiz ki, son nəticədə danışıqların pozulmasına gətirib çıxara bilər. Bu mənada cəbhədəki son təxribat həm də liderlərə qarşı təxribatdır. Bütün bu nüanslar incəliyinə qədər hesablanıb".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31