Ermənistan təxribat əməllərini davam etdirir- PROBLEM
27 Mart 2019 14:15 SiyasətTəxribat maşını 31 Mart soyqırımı ərəfəsində daha da fəallaşıb
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış 31 Mart soyqırımı da tarixin açılmamış səhifələrindən biridir. Xatırladaq ki, 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Lakin Ermənistan hərbi-siyasi rejiminin rəhbərliyi hər il 31 Mart ərəfəsində təxribata əl ataraq bu tarixi faciənin təsirinə kölgə salmağa cəhd edir. İşğalçı dövlətin rəhbərliyi bu dəfə də cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi məqsədilə növbəti təxribatı həyata keçirib. Belə ki, martın 26-da gün ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıblar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, axşam saatlarında düşmən tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlu şəhid olub. Ermənistan mətbuatı təxribatını davam etdirərək Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan tərəfinin guya mühəndis işləri həyata keçirməklə mövqeləri irəli çəkmək cəhdi barədə xəbər yayıb. Sirr deyil ki, Erməietan mətbuatının yaydığı bu məlumat həqiqətəuyğun deyil, Ermənistan tərəfinin növbəti təxribatıdır və cəbhədə vəziyyəti gərginləşdirmək məqsədi daşıyır. Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bütün mümkün vasitələrdən istifadə edərək dnışıqlar prosesini uzatmağa çalışır. Səbəb mövcud status-kvonu qoruyub saxlamaqdan ibarətdir. Lakin həm Azərbaycan tərəfi, həm də bir sıra beynəlxalq təşkilatlar mövcud status-kvonun saxlanmasını qeyri-məqbul hesab ediblər. Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin qanunsuz olaraq Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğu münaqişə zonasında vəziyyətin eskalasiyasının əsas səbəbidir və Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasına başlıca maneədir. Lakin bütün bunlara baxmayaraq Ermənistan tərəfi təxribat xarakterli fəaliyyətini davam etdirməkdədir. Millət vəkili Bəxtiyar Əliyev qeyd edib ki, regionda maraqları olan dövlətlər Ermənistanı alət kimi istifadə edir: " Ölkə prezidentin bu son bir ildə, 11 ay ərzində gördüyü işləri qiymətləndirmək üçün onun miqyasına nəzər salmaq lazımdır. 2018-ci il və onun davamı - 2019-cu il böyük islahatlar ilidir. Ölkənin iqtisadiyyatında və bütün sahələrdə çox böyük irəliləyişlər əldə edilib, əhalinin sosial müdafiəsi gücləndirilib. İqtisadiyyatda böyük artımlar mövcuddur. Diplomatiya sahəsində böyük uğurlarımız var. Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmləndirilib".
Onun sözlərinə görə, xüsusilə də, Avropa İttifaqı (Aİ) ilə qarşılıqlı əməkdaşlıq keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub: "Elə bu son günlərdə Avropa İttifaqında qəbul olunmuş bəzi qərarlar, qətnamələr göstərir ki, Azərbaycan dövlətinin siyasəti uğurla inkişaf etdirilir. Həmçinin, Qarabağ məsələsinin həllində də Azərbaycanın mövqeyini cənab prezident dəfələrlə bu cür ifadə edib ki, problem yalnız ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilə bilər. Çox müsbət haldır ki, artıq dünya ictimaiyyəti də, beynəlxalq qurumlar da bu həqiqəti qəbul etməyə başlayıblar. Hesab edirəm ki, bu gün Azərbaycanın güclü iqtisadiyyatı, güclü ordusu, uğurlu diplomatiyası, ölkədəki ictimai-siyasi sabitlik və əhalinin prezidentin siyasətini tam dəstəkləməsi Qarabağ məsələsinin də cənab prezidentin irəli sürdüyü konsepsiya əsasında həllini tezləşdirəcək". B. Əliyev bu yerdə onu da qeyd edib ki, Qarabağ məsələsini əslinə qalanda heç bir vaxt Ermənistan həll etməyib: "Ermənistana dəstək verən və regionda maraqları olan dövlətlər Ermənistanı daim alət kimi istifadə ediblər.Şübhəsiz ki, indiyənə qədər Ermənistana rəhbərlik etmiş şəxslər, Qarabağda, Azərbaycanın digər bölgələrində soyqırımı həyata keçirmiş cinayətkarlar hakimiyyətdən devrildikdən, Paşinyan və komandasının ölkə rəhbərliyini çevriliş yolu ilə ələ keçirməsindən sonra həmin dövlətlər bu təzyiq alətini daha da gücləndiriblər.Təbii ki, Ermənistanda baş vermiş hakimiyyət dəyişikiliyi nəticəsində cinayətkarların, hərbi canilərin artıq başqa məsələlərə, cinayətlərə görə məsuliyyətə cəlb edilməsi mövqeləri dəyişdirib və bu mövqelər nəticə etibarı ilə Azərbaycanın xeyrinə dəyişməyə başlayıb.Amma biz bu gün yenə təhdidləri eşidirik, yenə də Ermənistan güclü silahlanmaya cəlb edilir və Azərbaycan da bunlara preventiv cavab tədbirləri hazırlayır.Bu gün Azərbaycan ordusunun irimiqyaslı təlimləri onu göstərir ki, Azərbaycan suveren dövlətdir, müstəqil siyasət həyata keçirir.Azərbaycan ordusu ölkə əhalisinin təhlükəsizliyini və regionda sülhü qorumaq üçün işğalçı qoşunların ərazidən çıxarılması və bölgədə sülhün təmin edilməsinə tam hazırdır. Amma biz istəyirik ki, məsələ sülh yolu ilə həll edilsin.Vasitəçilər, həmsədrlər və Ermənistanda olan rejim də bunu nə qədər tez anlasa, o qədər yaxşıdır".
Alim