İstanbulda İƏT-in Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib
27 Mart 2019 11:26 SiyasətTürkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, iclasda İslam ölkələrinin dövlət və hökumət nümayəndələri iştirak ediblər. 42 ölkənin nümayəndəsinin qatıldığı iclasda ölkəmizi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti təmsil edib.
"Yeni Zelandiyada iki məscidə terror hadisəsi, müsəlmanlara qarşı nifrət və dözümsüzlüklə mübarizə" mövzusunda keçirilən növbədənkənar iclasın açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Tədbirdə çıxış edən Mübariz Qurbanlı bu müzakirələrə şərait yaratdığına və İslam dünyasında baş verən hadisələrə yüksək həssaslıq nümayiş etdirdiyinə görə Türkiyə Respublikasına dərin minnətdarlığını çatdırıb.
M.Qurbanlı bildirib ki, Azərbaycan terrordan əziyyət çəkən bir ölkə kimi dünyada baş verən terrorizmi beynəlxalq sülh üçün ən ciddi təhlükələrdən, müasir bəşəriyyətin üzləşdiyi ən amansız bəlalardan biri hesab edir. Eyni zamanda, biz bu ümumbəşəri bəlanı doğuran səbəblər və onun yayılmasına şərait yaradan şərtlərlə də ciddi mübarizə aparmalıyıq. Həll olunmamış silahlı münaqişələr, işğalçı siyasət, qeyri-humanist və nifrət təbliğatının yayılması, irqçilik, islamofobiya və ksenofobiyanın digər formaları xüsusi narahatçılığımıza səbəb olmalıdır.
Komitə sədri qeyd edib ki, dünyanın bir çox yerlərində davam edən silahlı münaqişələr, baş verən terror hücumları, eləcə də dünyanın müxtəlif yerlərində islamofobiya, dözümsüzlük, irqçilik və ksenofobiya kimi yüksələn trendlər beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına yönəlmiş hazırkı beynəlxalq mexanizmlərin yetərsizliyini nümayiş etdirir. Buna görə də, coğrafiyamızdakı münaqişələrin həllinə, terrorizmə qarşı mübarizədə qəti mövqeyə, bütün üzv dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qorunmasına yönələn birgə səylərimiz çox vacibdir.
Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini hələ də işğal altında saxladığını xatırladan M.Qurbanlı bildirib ki, təkcə 1989-1994-cü illər ərzində münaqişə dövründə Ermənistanın ölkəmizə qarşı təşkil etdiyi və bilavasitə mülki əhaliyə qarşı yönəlmiş terror kampaniyası nəticəsində minlərlə insan həlak olub və yaralanıb. Toplantı qapalı iclaslarla işini davam etdirib. Sonda İstanbul Bəyannaməsi qəbul olunub.