Bəzi zərərli diaspor təşkilatlarının fəaliyyəti ilə bağlı ciddi tədbir görülməlidir

Moskvada yerləşən bəzi "azərbaycanlı"ların iki diaspor təşkilatı - Rusiya Azərbaycanlılarının Moskva Milli-Mədəni Muxtariyyatı (AzərMos) və Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatı (AzerRos) 2019-cu il martın 12-də Moskvada erməni təşkilatlarının nümayəndələri ilə birlikdə Moskva Millətləri Evində toplantı keçiriblər. Toplantıda AzərMos-un sədri Ağadadaş Kərimov öz çıxışında nar bayramının Moskvada keçirilməsini tənqid edib. həmçinin, Rusiyada keçirilən müxtəlif tədbirlərdə Azərbaycan bayrağının qaldırılmasına qarşı çıxıb. Diaspor "fəalı" Azər Səfərov isə öz çıxışında qırmızı cizgini keçərək, hətta Qarabağlı azərbaycanlıların Rusiyadan qovulmasını tələb edib: "Kim mübarizə aparmaq istəyirsə, buradan getsin, Rusiya sülh məkanıdır, hamımızın bu sülhü qorumaq kimi bir vəzifəmiz var". Toplantıda iştirak edən ermənilər də çıxış ediblər.

"OLAYLAR" xəbər verir ki, məsələ ilə bağlı fikirlərini bildirən Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov bildirib ki, azərbaycanlıları Rusiyada təmsil etdiyini iddia edən bəzi diaspor təşkilatlarının ermənilərlə işbirliyi qurması, dostluq etməsi və onların Qarabağ məsələsinin diasporun yox, Azərbaycanın daxili işi olması kimi cəfəng bir fikir irəli sürmələri milli maraqlarımıza ziddir və milli təhlükəsizliyimizə də təhdiddir: "Hesab edirəm ki, bu cür zərərli diaspor təşkilatlarının fəaliyyəti ilə bağlı ciddi tədbir görülməsinin vaxtı yetişib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31