“Babayanın münaqişənin həllinə təsir göstərmək imkanları sıfırdır”
19 Mart 2019 17:35 Siyasət"Düşünürəm ki, Samvel Babayanın fikirlərini o qədər də ciddi qəbul etmək lazım deyil. Nə biz, nə dünya ictimaiyyəti, nə də münaqişənin nizamlaması ilə məşğul olan Minsk qrupu Paşinyanın fikirlərini ciddi hesab etmirik, edilsəydi formatın dəyişilməz qalması ilə bağlı bəyanat qəbul etməzdi, nəinki qondarma rejimin heç bir səlahiyyət sahibi olmayan saxta "müdafiə naziri"nin cəfəng fikirləri ciddi qəbul edilə".
Bunu Beynəlxalq münasibətlər üzrə mütəxəssis, politoloq Nəzakət Məmmədova qondarma Qarabağ rejiminin keçmiş müdafiə naziri Samvel Babayanın Madrid prinsipləri ilə bağlı söylədiyi fikirləri şərh edərkən deyib.
O bildirib ki, Samvel Babayan müharibə cinayətkarıdır, Azərbaycan torpaqlarının işğalında iştirak edib, hətta hadisələr başlayanda qızışdırıcı mövqeyinə görə 6 ay Bakıda həbsxanada yatıb: "Sonradan qondarma rejimin "qəhrəmanı" adı alıb və "müdafiə naziri" olub. Həmin bu Babayan və onun kimiləri istər Madrid prinsipi, istərsə də istənilən sülh addımına qarşıdır, bu da təbiidir. Çünki onlar yaxşı bilirlər ki, Qarabağ Azərbaycana qayıdarsa, sülh yaranarsa, bu adamlar hamısı gec-tez haqq-ədalət mühakiməsi qarşısında cavab verməli olacaqlar. Onlara məhz bu cür xaos, qondarma rejim, münaqişə sərf edir. Bayquş xarabalıq axtaran kimi bu insan cildindəki iblislər də daima müharibə, qan-qada arzulayırlar. Onların əli dinc azərbaycanlıların qanına batıb və gec-tez bunun hesabını verəcəklər. Elə onu özü kimi separatçılar artıq bir dəfə cəzalandırıb. O, 2000-2004-cü illərdə qondarma rejimin başçısına sui-qəsd ittihamı ilə həbsdə yatıb, sonra əfv edilib. Lakin "Qarabağ klanı" artıq Ermənistan siyasətində söz sahibi deyil, Paşinyan onlarla və Qarabağ separatçıları ilə siyasi səhnəni bölüşmək istəmir, onlardan qurtulmağa çalışır".
Politoloq əlavə edib ki, belə bir dövrdə çoxdan vurulmuş fiqur olan Samvel Babayanın münaqişənin həllinə təsir göstərmək, proseslərdə iştirak imkanları sıfırdır və bu cür tükənmiş adamlar mənasız fikirlərlə yenidən gündəmə gəlmək istəyir: "Ancaq böyük güclər münaqişəni həqiqətən də həll etmək istəsələr, təbii ki, Babayanın cəfəng fikirləri onlar üçün hər hansı əhəmiyyət kəsb etməyəcək".
Qeyd edək ki, qondarma Qarabağ rejiminin keçmiş müdafiə naziri Samvel Babayan bildirib ki, Qarabağ konfliktinin həllində Madrid prinsiplərindən imtina etmək lazımdır, çünki burada yalnız Azərbaycanın arzuları əks olunub: "Bu prinsiplərdə ərazilərin, qaçqınların qaytarılması, Ermənistan və Qarabağ arasında quru yolu əlaqəsi qəbuledilməzdir. Ermənistanı Qarabağla əlaqələndirən Laçın və Kəlbəcər rayonları alver predmeti ola bilməz. Madrid sənədlərinə əsasən, azərbaycanlılar müharibəyə qədər yaşadıqları Şuşa və Laçına qayıtmalıdırlar. Yəni Qarabağ və Ermənistan arasındakı quru əlaqəsinə faktiki olaraq azərbaycanlılar nəzarət edəcək. Bundan sonra Qarabağda ermənilər yaşamayacaq. Onlar Qarabağı tərk edəcəklər".
azadinform