Bərpa olunan Amerika-Türkiyə münasibətləri- SİYASİ BAXIŞ

Və bunun Moskva-Ankara münasibətlərinə mümkün təsiri

Türkiyə ilə Birləşmiş Ştatlar arasında xeyli müddətdir ki, arzuedilməz məcrada inkişaf edən münasibətlərin bir qədər istiləşəcəyinə dair olan ümidlər getdikcə artır. Xüsusilə də Ağ Ev rəhbəri ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan son telefon danışığı belə bir ümid yaradıb. Artıq münasibətlər o qədər müsbətə doğru dəyişmək ərəfəsindədir ki, hətta ən yüksək səviyyədə qarşılıqlı səfərlərin reallaşacağı da mümkün görünür. Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında baş tutan telefon danışığı zamanı Türkiyə prezidenti bələdiyyə seçkilərindən soinra Birləşmiş Ştatlara səfər edəcəyinin mümkünlüyünü bildirib. Həmçinin Ağ Ev rəhbəri də Türkiyəyə səfər etmə ehtimalını vurğulayıb.

Birləşmiş Ştatlarla Türkiyə arasında münasibətlər müsbət məcraya doğru inkişaf etdikcə isə Ankara ilə Moskva arasında münasibətlərdə bir sərinlik müşahidə edilir. Xüsusilə son günlər Türkiyənin xarici siyasət idarəsindən Krımla bağlı verilən açıqlama bu sərinliyə səbəb olub desək yanılmarıq. Qeyd edək ki. Türkiyənin Xarici İşlər Nazirliyi Krımla bağlı açıqlama verib. XİN bildirib ki, "Biz Krımın Rusiya tərəfindən ilhaq edilməsini qəbul etmirik və Rusiyanın bu addımı hüquq normalarına tamamilə ziddir". Rəsmi Ankara eyni zamanda Krım tatarlarının tarixi vətənləri Krımda öz milli kimliklərini mühafizə etməsi, güvən və hüzur içində yaşamalarının təmin olunması üçün onlara hər zaman dəstək verəcəyini bildirib.

Türkiyə-Birləşmiş Ştatlar, eləcə də Ankara-Moskva münasibətlərinə toxunan müstəqil ekspert Rusif Məmmədsoy deyib ki, hələlik Türkiyə və Rusiya arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir. 
Lakin, buna baxmayaraq Türkiyə üçün daha vacib məsələlər var: "Hansı ki, Türkiyənin özü də illərdir separatizm təhlükəsi ilə mübarizə aparır. Bu mənada Türkiyə  Ukraynanın torpaq bütünlüyünü birmənalı olaraq dəstəkləməlidir. Bundan əlavə Krım, tatarlarının yaşadığı bölgə olub və Türkiyə tərəfi orda keçirilən referendumu da əsassız olduğunu bildirib. Lakin, bir həqiqət də var ki, Krımda ruslar üstünlük təşkil edirdilər. Bu zaman belə bir sual ortaya çıxır ki, ikitərəfli münasibətlərin inkişaf etdiyi bir zamanda bu bəyanat nə üçün edildi? Bu açıqlamanın bir çox fərqli səbəbləri var. Yuxarıda sadaladıqlarımdan əlavə Türkiyə Birləşmiş Ştatlarla münasibətlərdə bütün körpüləri yandırmaq istəmir. Türkiyə tərəfi Rusiyanı bəzi məsələlərdə ittiham etməklə Birləşmiş Ştatlarla arasında yaranmış soyuqluğu bir qədər düzəltmək niyyətindədir. Çünki, Türkiyədə mart ayının 31-də bələdiyyə seçkiləri baş tutacaq və hökumət Birləşmiş Ştatların müəyyən müdaxilə etməsindən narahatdır. Bundan əlavə Birləşmiş Ştatların iqtisadi sanksiyaları nəticəsində Türk lirəsinin dəyəri olduqca aşağı düşüb və bu hal böyük çətinliklər yaradır. Xüsusilə də statistikaya əsasən Türkiyədə işsizlik səviyyəsi digər illərlə nisbətən artaraq 11.6  faiz təşkil edib. Bu isə ötən illə müqayisədə 3 milyon 788 min nəfər artım deməkdir. Bu mənada Türkiyə Birləşmiş Ştatlarla münasibətlərin bərpa edilməsində maraqlıdır. Əks halda bundan da hazırkı hökumət çətin vəziyyətə düşə bilər". Rusif Məmmədsoy deyib ki, Birləşmiş Ştatlar və Türkiyə arasında yaxın aylarla müqayisədə münasibətlərin inkişafı nəzərə çarpır: "Belə ki, bir neçə həftə əvvəl Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutmuşdu. Həmin telefon danışığından sonra Ərdoğan münasibətlərin qaydaya düşdüyünü və həmkarı ilə yaxın günlərdə görüşə biləcəklərini də mətbuata açıqlamışdı. Bundan əlavə 2017-ci ildən sonra Birləşmiş Ştatlar Türkiyəyə səfir təyin etmirdi. Ötən ay isə bu posta Devid Satterfildin gələ biləcəyi müzakirə mövzusuna çevrildi. Rusiyanın bu bəyanata cavabı da olduqca maraqlıdır. Düşünürəm ki, yaxın günlərdə Rusiya XİN də açıqlama verəcək bu barədə. Lakin, bunun iki ölkə arasındakı münasibətlərdə "uçurum" yaradacağını düşünmürəm. Çünki, Rusiyanın Türkiyəyə ehtiyacı ondan daha çoxdur".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31