Prezident İlham Əliyev xeyli sayda müxalifətçini niyə azad etdi? – Ruslan Bəşirlinin şərhi

Prezident İlham Əliyev elə bir qərar verdi ki, bu qərarın veriləcəyi gözlənilən idi. Ölkə başçısı beynəlxalq təşkilatların "siyasi məhbus" elan etdiyi 50-dən çox müxalifətçini azad etdi. Bu ölkə başçısının sayça 33-cü əfv fərmanı idi. Prezident bu qərarı hakim partiyanın mühafizəkar hissəsinin əksinə olaraq verdi. Bu siyasət bundan öncəki islahat və açılımlarda da bu özünü açıq şəkildə göstərirdi.

Yazının əvvəlində də qeyd etdiyimiz kimi, bu, gözlənilən idi. Əlbəttə , Azərbaycan hakimiyyəti heç bir daxili təzyiqlə üz-üzə deyil. Prezident İlham Əliyevin hakimiyyəti əvvəlki illərdən daha güclüdür. Atılan addımlar da prezidentin mövqelərini daha da gücləndirir. 

Bunun qarşılığında müxalifət daha parçalanmış, qeyri -adekvat və marginal qruplar halındadır. Əlbəttə, Əli Kərimli öz azsaylı tərəfdarlarını "baş verənlər bizim mübarizəmizin səbəbinədir" kimi odioz yalanlarla istədiyi qədər aldada bilər. Yaxud da İlqar Məmmədov və digərləri. Lakin Əli Kərimli və ya İlqar Məmmədov kimi marginal qrup liderləri bu iddialarına özləri də inanırlarsa, bu onlar üçün daha böyük faciədir. 

Uzun illərdir ki, ölkənin siyasi gündəmini məhz Prezident özü müəyyənləşdirir. Gündəm müəyyənləşdirmək siyasi addım tələb edər. Müxalifət, İlham Əliyevin hakimiyyətdə olduğu dövrdə heç vaxt gündəm formalaşdıra bilməyib. Müsbət qiymətləndirilər və ya tənqid edilər, gündəmi kim müəyyənləşdirirsə, o da qalibdir. Son addımlar da bunu bir daha göstərir. 

Prezident həyata keçirməyə başladığı islahat və açılımların anonsunu 2017-ci ilin 31 dekabrında xalqa müraciəti zamanı vermişdi. Ölkə başçısı çıxışı zamanı ölkənin neftin qiymətinin sürətlə düşdüyü və hasilatının azaldığı bir dövrə qədəm qoyduğunu və postneft dövrü üçün islahatlar paketi hazırladıqlarını bəyan etmişdi. 

2018-cu ilin 31 dekabrındakı müraciətində isə İlham Əliyev konkret olaraq yeni islahatların başladığının anonsunu verdi. Normal müxalifət prezidentin bəyanatlarını təhlil etməli və buna görə öz siyasətini müəyən etməli idi. Lakin dediyimiz kimi, ölkə müxalifəti analitik təfəkkürdən uzaq, çığır-bağırla məşğul olan bir qrupun əlində girova çevirilib. Professorlar, tanınmış siyasi şərhçilər, politoloqlar, düşüncə adamları, məşhur jurnalistlər çoxdan bu düşərgəni tərk ediblər. 

2019-cu il başlar-başlamaz ölkə başçısı iqtisadi liberallaşma kursu elan etdi. Prezident hökumətə gəncləri gətirdi. Bir çox vəzifələrə həmin gənclər təyin olundu. Xüsusilə də onlara Prezident Administrasiyasında vəzifələr verildi. Gömrük və vergidə müəyyən islahatlar aparıldı. Həmin islahatlar indi də davam edir. Bank sistemində də müəyyən islahatlara gedildi. 

Yeni dövrdə sosial problemlərin həllinə yönəlik addımların atılması zəruri idi. Populizmi heç sevməyən İlham Əliyev dollar kreditləri ilə bağlı yaranmış problemin həlli ilə bağlı xalqın xeyrinə sərəncam verdi. Bu arada xatırladaq ki, bizim müxalifətçilərin çox sevdiyi Gürcüstan hökuməti seçkidə qalib gəlmək üçün gürcü xalqının banklara olan kreditlərini bağışlayacağı haqda populist vəd vermişdi. Lakin bu, vəd olaraq qaldı və seçkilərdən sonra unuduldu. Əvəzində isə müxalifətçilərin tənqid etdiyi İlham Əliyev öncədən heç bir vəd vermədən, ölkənin maliyyə resurslarını da dəqiq hesablayaraq, 10 min dollara qədər kredit borcları ilə bağlı qərar verdi. 

Prezident xalqın şikayətlərini şəxsən özü dinləmək üçün bölgələrə səfərlər etdi, xalqın məktublarını şəxsən özü qəbul etdi, problemlərin həlli ilə şəxsən özü məşğul oldu. Qeyd edim ki, hazırda da bölgələrə Prezident Administrasiyasının gənclərdən ibarət əməkdaşları səfərlər edir, xalqla görüşlər keçirir, problemlərin mənbəyini öyrənirlər. Ölkə başçısı mədəniyyət xadimlərini qəbul edərək, onların da problemlərini şəxsən dinlədi. Və inqilabi islahatların davam etdiyi dövrdə ölkədə siyasi münasibətlər sisteminə yenidən baxmaq lazım idi. 

Prezident beynəlxalq təşkilatlar tərəfindən "siyasi məhbus" elan edilən 50-dən çox müxalifətçini əfv etdi. Yazının əvvəlində qeyd edildiyi kimi, elan edilən yeni iqtisadi və siyasi islahatlar çərcivəsində prezidentin xeyli sayda müxalifətçini əfv edəcəyinin gözlənilən olduğunu qeyd etmişdim. Lakin açıqcası ölkə başçısının say etibarilə daha çox müxalifətçini əfv etməsi mənim üçün gözlənilməz oldu. İlham Əliyevin bu sərəncamı bir daha hakimiyyətin təhdidlər qarşısında nə qədər güclü və arxayın olmasının göstəricisidir. Bununla da hakimiyyət müxalifəti təmiz və sivil mübarizəyə səsləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31