Prezidentin əfv fərmanı beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir- ŞƏRH

Aİ rəsmisi: Avropa İttifaqı Azərbaycanla bütün sahələrdə əməkdaşlığı davam etdirəcək

Prezident İlham Əliyevin əfv sərəncamı nəinki ölkə vətəndaşları, eləcə beynəlxalq təşkilatlar tərəfindən müsbət dəyərləndirilir. Artıq  Avropa İttifaqı Azərbaycan Prezidenti İlham Əliyevin 431 məhkuma şamil olunan əfv Sərəncamını alqışlayıb. Bunu Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə sözçüsü Maya Kosyançiç bəyan edib. O, Azərbaycanın dövlət başçısının bu qərarını "tərifəlayiq addım" adlandırıb. M.Kosyançiç əlavə edib ki, Avropa İttifaqı Azərbaycanla bütün sahələrdə əməkdaşlığı davam etdirəcək. Aİ rəsmisi vurğulayıb ki, Avropa İttifaqı Azərbaycandan beynəlxalq öhdəlikləri çərçivəsində gələcəkdə də bu cür addımlar gözləyir. Millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı növbəti əfv sərəncamı humanizm siyasətinin daha bir parlaq nümunəsidir. Bu, Ulu öndər Heydər Əliyevin humanizm siyasətinin davamıdır. S.Fətəliyeva bildirib ki, dövlət başçısı ənənəvi olaraq, bayram günləri, bir sıra əlamətdar tarixi günlər öncəsi imzaladığı əfv sərəncamları ilə xeyli sayda insanı azadlığa qovuşdurur. Onun sözlərinə görə, ardıcıl olaraq dövlət başçısı tərəfindən əfv sərəncamlarının verilməsi istər humanizm, istər əxlaqi, istərsə də cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır: "Budəfəki əfv sərəncamı 431 nəfərə şamil olundu. Humanist addımlar mahiyyət etibarilə insanlarda yeni hiss və vərdişlərin formalaşmasına, insani dəyərlərin möhkəmlənməsinə təsir göstərir. Yəni, cinayət törədən şəxslərin qanunla müəyyənləşdirilmiş qaydada layiq olduqları cəzanı almaqdan azad edilməsi insana dərin mənəvi keyfiyyətlər aşılamaq gücündədir. Dövlətin belə məhkumlara etimad göstərərək onları əfv etməsi həmin insanların özlərinə olan inamını artırır, gələcəkdə öz həyatlarını qanunlara hörmət çərçivəsində davam etdirərək, ölkənin layiqli vətəndaşı olmağa həvəsləndirir. Bu, həm də onların cəmiyyət tərəfindən daha tez qəbul olunması və özlərinə layiqli yer tapmasına da şərait yaradır". Millət vəkili qeyd edib ki, dövlətin humanist siyasətini xalq yüksək qiymətləndirir və bu da əhalinin ölkə rəhbərliyinə olan etimadını daha da artırır. Nəticədə, cəmiyyətdə qarşılıqlı hörmət və rəğbət, habelə qanunçuluq prinsiplərinə söykənən vətəndaş-dövlət münasibətləri formalaşır: "Əfv sərəncamının Novruz bayramı öncəsi imzalanması isə cəmiyyətdə xüsusi əhval-ruhiyyə yaradan hadisədir. Çünki bayramları, əlamətdar günləri yaxınları, əzizləri ilə keçirmək hər bir insanın arzusudur. Qarşıdan Novruz bayramının yaxınlaşdığını nəzərə alsaq, əfv olunan vətəndaşların evlərində bayram sevincinin ikiqat hiss olunacağı şübhəsizdir. Beləliklə, ölkə Prezidenti İlham Əliyevin imzaladığı növbəti əfv Sərəncamı dövlətimizin humanizm siyasətinin parlaq nümunəsidir. Eyni zamanda, bu sərəncam Azərbaycan dövlətinin humanizm prinsiplərinə, demokratik dəyərlərə  sadiqliyi bir daha təsdiqləyir".

Millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Dilarə Cəbrayılova qeyd edib ki, xalqımızın əziz bayramı-Novruz ərəfəsində cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 431 nəfər məhkum əfv olundu. Dövlətimizin başçısının humanist addımı sayəsində insanlara aydın və işıqlı sabaha inam duyğusu bəxş edən ümummilli bayramımız yüzlərlə ailənin evində ikiqat sevinclə qeyd olunacaq. Bu sərəncam həm də əfv olunan şəxslərin xoşbəxt gələcəyə, özlərinə olan ümidini artırdı. Ən əsası isə Prezidentimiz bu sərəncamla öz əməllərindən peşmanlıq hissi keçirən insanlara özlərini həyatda bir daha sınamaq imkanı verdi. Deputat qeyd edib ki, hələ 2003-cü ilin prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimində "Mən hər bir azərbaycanlının prezidenti olacağam" deyən, dövlət başçısı son 10 ay ərzində ikinci dəfə böyük və tarixi əfv sərəncamı imzalamaqla, bir daha vədinin, sözünün üstündə durduğunu nümayiş etdirdi: "Bu illər ərzində qazanılan uğurlar, əldə edilən nailiyyətlər təsdiq etdi ki, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş humanizm və ədalət prinsipləri ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Kimliyindən, tutduğu mövqedən asılı olmayaraq hər bir vətəndaşın dərdi-səri, qayğıları, problemləri Azərbaycan Prezidenti İlham Əliyevin diqqətində və nəzarətindədir. Yəni, dövlət başçısı heç bir azərbaycanlıya, heç bir Azərbaycan vətəndaşına fərq qoymadığını, hətta, səhvə, xətaya, cinayətə yol vermiş insanları belə bağışlamaq, əfv etmək iradəsinə və qüdrətinə malik olduğunu əməlləri ilə sübut etdi və etməkdədir. Bu gün hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyevə bu, son dərəcədə müdrik və humanist addımına görə minnətdarlığımı bildirir, azadlığa qovuşan insanlarımızı, onları yaxınlarını isə təbrik edirəm. Arzu edirəm və inanmaq istəyirəm ki, həmin insanlar onlara verilmiş bu tarixi şansı və fürsəti olduğu kimi və yaxşı şəkildə dəyərləndirəcək, bir daha səhvə, xətaya yol verməyəcəklər". Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanması ölkəmizin humanizm prinsipləri əsasında güclü bir iradə ilə idarə edildiyinin mühüm bir nümunəsidir. Bu Sərəncam dövlət başçısının hüquqi dövlət quruculuğunda humanizm prinsipinə nə qədər böyük önəm verdiyinin növbəti bariz örnəyidir. Əfv sərəncamı cənab Prezidentin siyasi qətiyyətinin, gücünün təzahürü olmaqla yanaşı, eyni zamanda, Azərbaycanda dövlətçilik prinsiplərinin güclü dayaqlar üzərində inkişaf etdiyinin də əyani sübutudur. Deputat əlavə edib ki, məhkumluq həyatı yaşayan insanları bu bayram günlərində sevindirmək, ailələrinə qovuşdurmaq, onları yenidən cəmiyyətə qazandırmaq olduqca mühüm və təqdirəlayiq addımdır: "Ölkəmizdə ictimai həmrəyliyə hesablanan əfv sərəncamlarının, amnistiya aktlarının imzalanması artıq ənənə halını alıb. Bundan əvvəl də dəfələrlə cənab Prezident İlham Əliyev tərəfindən, Milli Məclisin deputatı olarkən hörmətli birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu cür humanist addımlar atılaraq, minlərlə vətəndaşımızın ailələrinə sonsuz sevinc bəxş edilib. Biz hər bir Azərbaycan vətəndaşı adından cənab Prezidentə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya Azərbaycan naminə gərgin fəaliyyətlərinə görə, təşəkkür edirik. Biz fəxr edirik ki, güclü və müstəqil Azərbaycanın vətəndaşlarıyıq".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31