Qərbin “ərəb baharı” yeni mərhələdə- Siyasət

Deyəsən Qərb, Birləşmiş Ştatlar yenidən "ərəb baharı" ssenarisini işə salır.  Görünür Suriyada hərbi əməliyyatların nisbətən səngiməsi, yaxud Birləşmiş Ştatların əsas silah alıcılarının ondan tədricən imtina etməsi okeanın o tayında ayrı-ayrı regionlar üzrə yeni münaqişə zonalarının yaradılması ssenarisinin yazılmasına yol açıb. Onu da qeyd edək ki, son illərdə Afrika qitəsi Qərb və Birləşmiş Ştatlar üçün daha cəlbedici regiona çevrilib. Afrikanın yeraltı və yerüstü sərvətlərini istismar etmək, onu mənimsəmək üçün bura demokratiya adı altında qarşıdurma, xaos ixrac edənlər yenidən qeyd edilən istiqamətdə fəallaşıblar. Hər halda son günlər Əlcəzair və Sudanda  cərəyan edən proseslər belə deməyə əsas verir. Ekspertlər də hesab edir ki, Afrikada müşahidə edilən canlanma böyük güclərin maddi maraqlarına xidmət edir. Müstəqil ekspert Rusif Məmmədsoy da deyir ki, Afrikanın şimalında yenidən canlanma baş verir. Onun sözlərinə görə, əvvəlcə Əlcəzairdə, daha sonra isə Sudanda xalq ayağa qalxıb. Bunun səbəbi isə hər iki ölkədə də hakimiyyəti devirmək istəyidir: "Əlcəzairdə 1999-cu ildən hakimiyyətə gələn və ardıcıl olaraq 4 dəfə prezident olan 81 yaşlı Əbdüləziz Buteflika sağlıq problemlərinə baxmayaraq, 18 apreldə keçirilməsi planlaşdırılan prezident seçkilərində yenidən öz namizədliyini irəli sürüb. Bu isə xalqın qəzəbinə səbəb olub. Əlcəzairlilər sistemdən narazıdırlar və hakimiyyətin dəyişməsini tələb edirlər. Çünki, ölkədə korrupsiya və işsizlik hökm sürür. Faktiki, olaraq ölkədə 30 yaşından aşağı olan şəxslərin üçdə biri işsizdir. Əlcəzair baş naziri isə Suriyada "Ərəb Baharından" sonra yaranan xaosu xatırladıb. Qeyd edim ki, "Ərəb Baharı" zamanı Əlcəzairə təsirsiz ötüşmüşdü. Neftdən gələn pul hesabına hökumət ölkədəki sabitliyi qoruya bilmişdi. Lakin, bununla belə xalq hakimiyyətdə dəyişiklik tələb edir. Çünki, 2011-ci ildən bəri neftin qiymətində xeyli azalma müşahidə edilib və bu da sonda ölkədəki iqtisadi vəziyyəti ağırlaşdırır. Əlcəzairdə bu mənada iqtidar və müxalifət arasında da mübarizə başlayıb. Belə ki, hakimiyyət partiyaları Buteflikanın namizədliyini dəstəkləyir, müxalifət isə ortaq namizəd çıxartmaq istəyir". Ekspert deyib ki, Sudanda da eyni vəziyyət hökm sürür: "Hətta Sudanda bu aksiyalar 3 aydır ki, davam edir. Səbəb isə eynidir, çoxillik hakimiyyət. Belə ki, Sudan lideri Ömər Əl Bəşir 30 ildir ki, bu ölkədə hakimiyyətdədir. Burada da aksiya iqtisadi səbəblərdən başlasa da siyasi motivləri də özündə birləşdirir. Sudan İkinci Dünya Müharibəsindən sonra Afrikada müstəqillik qazanmış ilk dövlətlərdən biridir. Lakin, həmin vaxtdan bu yana ölkə müxtəlif diktatorların hakimiyyəti altında keçdi. Bunlardan ən uzun ömürlü isə hazırkı iqtidar Əl Bəşir oldu. Əl Bəşirin gəlişindən sonra Sudan parçalandı. Bu parçalanmadan sonra neft gəlirinin böyük bir hissəsini itirən Sudan hökuməti iqtisadi çətinliklərlə üzləşir. Sudanda milli valyuta günü-gündən öz dəyərini itirir. Sonda isə bir günün içində çörək qiymətlərinin qalxması ilə aksiyalar da başlamış oldu.  Sudan hökumətindən narazılıq yalnız iqtisadi deyil, xüsusilə də siyasi zəmində baş qaldırıb. Çünki, Əl Bəşirin göstərişi ilə insanların internetə çıxışı yoxdur, toplanma azadlığı yoxdur. Bütün bunlar sonda aksiya iştirakçılarının çoxalmasına səbəb olan amillərdəndir". Rusif Məmmədsoyun sözlərinə görə,   Sudandakı aksiyaların başlamağından təxminən 2 həftə sonra digər müxalifət qüvvələri bir araya gələrək deklarasiya yaratdılar: "Əl Bəşirin qarşısında xalqla yanaşı, həm də onları idarə edə biləcək güclü müxalifət formalaşıb. Afrikanın şimalında baş qaldırmış bu aksiyaları 2011-ci ildə baş vermiş "Ərəb Baharı" nın davamı kimi qiymətləndirirəm. Hesab edirəm ki, sonda bütün bu iqtisadi və siyasi azadlıq uğrunda başlamış etiraz aksiyaları xalqın qələbəsi ilə başa çatacaq. İstənilən halda digər ərəb ölkələrində bu proses əks təsir verdi. Yəni, xalq vəziyyətini düzəltmək istəyərkən daha betər vəziyyətə qaldı. Lakin, hazırkı vəziyyətdə sonluğun fərqli olacağını düşünürəm. Çünki, Sudanda bütün bunlardan nəticə çıxardan, eyni zamanda da güclərini birləşdirən müxalifət formalaşa bilib".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31