Paşinyanın təxribatçı addımları müharibə riskini artırır- Geosiyasət

Qarabağ cəbhəsində yenə təhlükəli proseslər gedir. Bir tərəfdən problemin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu danışıqlar prosesinin bərpa olunmasına, tərəflərin yüksək səviyyədə görüş keçirməsinə çalışır, digər tərəfdən işğalçı ölkə Qarabağ cəbhəsində ənənəvi təxribatlarını davam etdirir. Elə bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın yenidən Qarabağda peyda olması da bunun əyani sübutudur. Ötən ilin aprelində hakimiyyəti zəbt etdikdən sonra bir neçə dəfə Qarabağa gələn və oradakı separatçı rejimin rəhbərliyi ilə görüşən Nikol Paşinyan bu dəfə bir qədər də irəli gedərək həm vasitəçilərə, həm də Azərbaycana sanki meydan oxuyub. Belə ki, Nikol Paşinyan Ermənistanın Təhlükəsizlik Şurasının bu dəfəki toplantısını məhz Qarabağda keçirməyi nəzərdə tutub. Maraqlıdır ki. Paşinyanın Qarabağa səfəri və Ermənistanın Təhlükəsizlik Şurasının iclasını burada keçirməsi Azərbaycan Ordusunun cəbhə xəttində genişmiqyaslı hərbi təlimlər keçirdiyi bir vaxta təsadüf edir. Əslində bununla Nikol Paşinyan Azərbaycanı açıq-aşkar təxribata çəkərək hərbi təlimlərə cəlb edilmiş texnikanın Ermənistana doğru çevrilməsinə çalışır. Məqsəd isə Qarabağ cəbhəsində müvəqqəti gərginlik yaratmaqla hakimiyyətinə qarşı yönəlmiş etirazları önləməkdir. Elə əksər ekspertlər də bu qənaətdədirlər. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, İrəvan bununla Bakını təxribata çəkir: "Ermənistanın Təhlükəsizlik Şurası Xankəndində, Azərbaycan torpaqlarında toplanır. Baş nazir Nikol Paşinyan artıq Xankəndidədir. Bu açıq-aşkar təxribatdır. Birincisi, Azərbaycan XİN günlərdir həmsədlərin son bəyanatını tərifləməkdənsə başqa dövlətin təhlükəsizlik şurasının ölkəmizdə iclasının keçirilməsinə etiraz etməli, ikincisi, isə bu təxribata görə birbaşa həmsədrlərdən izahat tələb etməlidir". Politoloqun sözlərinə görə, Nikol Paşinyan danışıqlar formatını dəyişdirə bilməsə də, bildiyini edir: "Xankəndidə də ona görə iclas çağırır ki, müxalifətə - Qarabağ klanına, beynəlxalq aləmə və Azərbaycana separatçılarla eyni mövqedə olduğunu bir daha bəyan etsin".

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə isə deyir ki, ATƏT-ın Minsk qrupunun həmsədrlərinin Helsinki Yekun Aktına əsaslanan son bəyanatının ardınca, Azərbaycan ordusunun geniş miqyaslı təlimiləri erməni baş naziri Nikol Paşinyanın təcili Qarabağa gəlməsinə səbəb olub. Politoloq bildirib ki, artıq, onun danışılarda format dəyişikliyi təklifi Avropa İttifaqı tərəfindən də qəbul edilməyərək, Qarabağ danışılarında mövqeyinin zəifləməsinə gətirib çıxartdı: "Nikol Paşinyanın İşğal olunmuş ərazilərdə Təhlükəsizlik Şurasını iclasını təcili keçirərək Azərbaycan ordusunun hərbi təlimlərini, müdafiə xəttinin möhkəmləndirilməsi müzakirə etməsi istisna deyil. Çünki, Nikol Paşinyan hakimiyyətə gəldiyindən Azərbaycan ordusunun ilk geniş miqyaslı hərbi təlimləri keçirilir və bu təlimlər birbaşa Ermənistana mesaj xarakteri daşıyır. Artıq, Nikol Paşinyan Qarabağ separatçılarına onların danışıqlarda yer ala bilməsi mümkünsüzlüyünü də burada müzakirə edib. Təhlükəsizlik Şurasının iclasını Qarabağda keçirməsi göstərir ki, Paşinyan cəbhədə yarana biləcək vəziyyətdən ciddi narahatdır. Çünki, növbəti hərbi əməliyyatlar Ermənistan ordusunun məğlubiyyətinə səbəb olacaq. Bu da Nikol Paşinyan üçün siyasi fiaskodu". Mərkəz rəhbəri deyib ki, Paşinyanın Xankəndində Təhlükəsizlik Şurasının iclasını keçirməsi danışıqlar prosesinə zərbədir: "Bundan əlavə, Yerevan Helsinki Yekun Aktının müddəalarını və Yenilənmiş Madrid Prinsiplərini qəbul edərək, danışıqlarda iştirak edirsə, digər şərtlər irəli sürürsə, danışıqlardan yayınırsa, Azərbaycanın güc tətbiq etməsi gündəmə gəlməlidir. ABŞ və Avropa ilə Azərbaycan Qarabağ konfliktinin həlli istiqamətində sıx işləməlidir. Yəhudi Lobbisini bu prosesə dəstək verməyə cəlb etməlidir. Ermənistana ABŞ və Avropa dövlətləri diplomatik təzyiq etməyincə, Yerevan işğal olunmuş ərazilərdən çıxmayacaq və Rusiya Ermənistanda qalıcılığını davam etdirəcək. Azərbaycan ABŞ və Avropa ilə münasibətləri yüksək inkişaf etdirməlidir ki, işğal olunmuş ərazilərin qaytarılması üçün hərbi əməliyyatlara başlayarsa, bu dövlətlərin neytrallığını saxlaya bilsin".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31