İstifadə edilmişlərdən təkrar istifadə cəhdi- SİYASƏT

Və ya antiAzərbaycan fəaliyyətinə Steinar Gil də cəlb edilib

Azərbaycanın sürətli inkişafı, əldə etdiyi nailiyyətlər, qazandığı uğurları heç bir halda həzm edə bilməyən antiAzərbaycan qüvvələr ölkəmizə qarşı apardıqları qarayaxma kampaniyasında bütün mümkün vasitələrdən istifadə edirlər. Hətta zamanında istifadə olunmuşlar, sonradan bir kənara atılmışlar da, indi Azərbaycana qarşı mübarizədə, qarayaxma kampaniyasında səfərbər ediliblər. Norveçin Azərbaycandakı sabiq səfiri Steinar Gilin timsalında  bunu aydın şəkildə görmək mümkündür. Məlumat üçün qeyd edək ki, cənab Gil Azərbaycanda səfir olduğu müddət ərzində daha çox ölkəmizə qarşı qərəzi, Azərbaycana zərbə vurmaq istəyənlər, burada xaos, anarxiya yaratmağa çalışanların müdafiəçisi qismində tanınırdı. Diplomatik fəalyyətdən başqa hər şeylə məşğul olan, daxili işlərimizə belə qarışmaqdan çəkinməyən sabiq diplomat elə bu qeyri-obyektivliyinə görə, Azərbaycan cəmiyyəti tərəfindən arzuedilməz şəxs elan olunmuşdu. Steinar Gil əsas etibarilə radikal siyasi düşərgənin himayəçisi kimi də tanınırdı. Təsadüfi deyil ki, onun səfir olduğu müddət ərzində Norveçin diplomatik nümayəndəliyi sanki radikal siyasi düşərgənin liderlərinin siyasi sığınacaq yerinə çevrilmişdi. Kimin hansı cinayəti törətməsindən asılı olmayaraq cənab Gil həmin şəxsi diplomatik nümayəndəliyin fəxri qonağına çevirirdi. Səfir kimi fəaliyyətini başa vurduqdan sonra belə bir müddət Azərbaycanla bağlı "xatirələrini" bölüşən, hər "xatirə"sində də ölkəmizi aşağılamağa çalışan Steynar Gil yenə gündəmə gətirilib. Sabiq səfir yenə ənənsinə sadiqdir. Bu dəfə də Azərbaycana qarşı qərəzli, ədalətsiz mövqeyi ilə seçilir. Onun bir müddət əvvəl qələmə aldığı yazıda da yenə ölkəmizdə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulduğu iddia edilib.

Azərbaycana qarşı aparılan qərəzli kampaniya və sabiq səfirin də həmin kampaniyanın bir ruporuna çevrilməsinə münasibət bildirən millət vəkili Sahib Alıyev deyib ki,bəlli çevrələrin Azərbaycanda insan haqqları, demokratiya, söz azadlığı və sair məsələlərlə bağlı hay-küylərinin arxasında həmişə də olmasa, əksər hallarda hayların işğalçılıq siyasətinə haqq qazandırmaq niyyəti durur. Onun sözlərinə görə, bununla Dağlıq Qarabağdakı "demokratik və sivil" hayların Azərbaycan kimi bir ölkədə yaşaya bilməyəcəkləri qabardılır ki, bizim "Məhsul"daşlarla əqidə yoldaşları da bu məsələdə həmin çevrələrə arzuladıqları xidməti göstərirlər: "Norveçin ölkəmizdəki keçmiş səfiri Steinar Gili yəqin xatırlayırsınız. O, burada olarkən diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının tələblərini də kobudcasına pozmaqdan çəkinmir, iç işlərimizə qarışır, bizə "demokratiya dərsi" keçməyə çalışırdı. 
İndi də Steinar Gil guya Naxçıvanda xaçkarlarının məhv edilməsi haqqında bir yazını paylaşaraq bizi vəhşilikdə suçlandırır. Xatırladaq ki, eyni məqalə Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində "The Guardian" qəzetində də dərc edilmişdi. Və orasını da xatırladaq ki, bu qəzet Avropada Azərbaycanla bağlı ən çox tənqidi yazıların getdiyi nəşrdir.  Fikir veirirsinizmi, Xocalı soyqırımı anılır, amma bizim "Məhsul"daşların dərc etdiyi "faktlar"dan tez-tez sitat gətirdikləri "The Guardian" Azərbaycanda "xaçkar soyqırımı"ndan yazır. Diqqət hay vəhşiliyindən yayındırılır və təkcə yayındırılmır, haylara qarşı "vəhşilik"lə əvəzlənir. Bizim həmin "Məhsul"daşlarla əqidədaşlarının sevimli Steinar Gili də Naxçıvanın da hay torpağı kimi təqdim edildiyi və elə müəlliflərindən birinin də hay (Simon Maghakyan) olduğu cızmaqaranı "epitet"lərlə bəzəyib feysbukdakı səhifəsində yayır. Bəzi azərbaycanlı adı və soyadı daşıyanlar da onun yaydığını bəyənirlər. Və bundan cəmisi beş gün sonra isə həmin səhifədə Steinar Gilin İsa Qəmbərlə birgə şəkili paylaşılır. 
İndi aydındırmı ki, Steinar Gil kimilərin dərdləri "Azərbaycanda demokrtaiyanın yoxluğu" dərdi deyildi. Onlar haylarla havadarlarının bizə qarşı apardıqları hibrid savaşının əsgərləridirlər. Bəs onda Qarabağ deyəndə ağızlarına çullu dovşan sığmayanları Steinar Gil və onun kimilərə nə bağlayır? Onların əməllərinin adı nədir? Bağışlayın bəylər, belə müxalifətçilik olmur və heç belə radikalllıq da olmur".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31