Deputatımız beynəlxalq tədbirdə Dağlıq Qarabağ məsələsini qaldıracaq
11 Mart 2019 11:38 SiyasətMartın 11-14-də Mərakeş Krallığının paytaxtı Rabatda İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) Konfransının 14-cü sessiyası keçiriləcək. "Olaylar" xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycanı Milli Məclisin İƏT Pİ-dəki nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva təmsil edəcək. Rabatda ilk olaraq, martın 11-də İƏT Pİ-nin İcraiyyə komitəsinin 41-ci iclasında qarşıdakı tədbirlərin gündəlikləri dəqiqləşdiriləcək. Həmin gün İƏT Pİ baş katibinin çıxış edəcəyi Müsəlman qadın parlament üzvlərinin 7-ci Konfransında yerli və regional problemlərin və münaqişələrin həllində qadınların rolu, müsəlman qadın və uşaqların işğal altında olan ərazilərdə qarşıdurmalardan qorunması kimi mövzularda müzakirələr aparılacaq və Müsəlman qadın parlament üzvlərinin 9-cu Konfransının tarixi və yeri müəyyənləşdiriləcək. Eyni gündə Fələstin üzrə daimi komitənin 9-cu iclası, Üzv parlamentlərin baş katiblərinin assosiasiyasının 2-ci iclası və Ərəb Qrupunun məşvərət görüşü baş tutacaq.
Martın 12-də 4 daimi ixtisaslaşmış komitənin iclasları keçiriləcək. Siyasi məsələlər və xarici əlaqələr üzrə komitənin iclasının gündəliyində Qüds Əl Şərif, fələstinlilər və Suriya, Livanda işğal olunmuş ərazilər, terrorizmin bütün formaları və təzahürləri ilə mübarizə, hər hansı müsəlman ölkəsinə tətbiq edilən bütün növ sanksiyaların rədd edilməsi, Yaxın Şərq regionunun kütləvi qırğın silahlarından, xüsusilə də nüvə silahından azad zonaya çevrilməsi, Sudanda, Suriyada, Somalidə, Əfqanıstanda, Malidə, Kiprdə, Cammu və Kəşmirdə vəziyyət, dünyadakı müsəlman azlıqları ilə həmrəylik, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal etməsi və digər məsələlər var.
Martın 13-də İƏT Pİ-nin ümumi komitəsinin iclasında maliyyə və təşkilati məsələlərə baxılaraq hesabat hazırlanacaq. Həmin gün başlanacaq ƏT Pİ Konfransının 14-cü sessiyası öz işinə ertəsi gün yekun vuracaq. Sessiyada qurumun Afrika və Asiya qruplarından vitse-prezidentlərin seçilməsi, İƏT Pİ baş katibinin məruzəsi, İƏT Pİ Ümumi Komitəsinin sessiyasının, eləcə də daimi ixtisaslaşmış komitələrin, Fələstin Komitəsinin iclasının, Müsəlman qadın parlament üzvlərinin 8-ci konfransının, İƏT Pİ üzvləri parlamentlərinin Baş katibləri Assosiasiyasının 2-ci iclasının hesabatlarının qəbul edilməsi və bir sıra təşkilati məsələlər, o cümlədən İƏT Pİ İcraiyyə Komitəsinin 42-ci iclasının tarixinin və yerinin müəyyənləşdirilməsi gözlənilir. Sessiyada Azərbaycan Respublikası Milli Məclisinin İƏT Pİ-da nümayəndə heyətinin rəhbəri deputat Gövhər Baxşəliyeva məruzə ilə çıxış edərək, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun bugünədək həllini tapmaması səbəbləri haqqında iştirakçılara məlumat verəcək, həbelə müzakirəyə çıxarılan digər məsələlərə münasibət bildirəcək.