Qarabağ probleminin həllində xristian faktoru - Təhlil
7 Mart 2019 13:30 SiyasətVə ya beynəlxalq birlik nəyə görə problemin həllinə biganədir?
Ermənistan bir tərəfdən görüntü yaradaraq Dağlıq Qarabağ probleminin həlli istiqamətində sülh danışıqlarına hazır olduğunu nümayiş etdirirsə, digər tərəfdən təxribatçı hərəkətləri, sülhə, danışıqlar prosesinə mane olan addımları ilə regionda gərginliyi artırır, yeni bir qarşıdurma üçün zəmin yaradır. Ancaq təəsüüflər olsun ki, beynəlxalq birlik, dünya dövlətləri, problemin həllini öz üzərinə götürən beynəlxalq təşkilat və qurumlar Ermənistana bu qeyri-konstruktiv mövqeyinə görə təzyiq etmir, onu cəzalandırmırlar. Bir çoxları bunu xristian təssübkeşliyi amili ilə əlaqələndirir, bu səbəbdən dolayı Ermənistana danışıqlar prosesini pozduğu üçün heç bir təsir göstərilmədiyini deyirlər. Elə müstəqil ekspert Rövşən Məmmədli isə deyir ki, Ermənistanın Azərbaycanın 20 faiz ərazisini işğal etməsini və bu torpaqları uzun müddət işğal altında saxlamasını, Qərb dövlətlərinin buna göz yummasını son vaxtlar ermənilərin xristianlığı ilə bağlayanlar, Ermənistanın Xristian dünyasının "ərköyün"övladı olmasını düşünənlər, eləcə də guya həmsədr dövlətlərin bölgədə maraqlarının toqquşması ilə yozanlar olduqca böyük səhv edirlər. Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında heç bir dini müharibə olmayıb və olması da gözlənilmir: "Çünki, bunun üçün heç bir əsas, bazis yoxdur. Xristian erməniləri artıq 800 ildən çoxdur ki, müsəlman Türklərin arasında xoşbəxt və rahat yaşamaqdadırlar Osmanlı,Səfəvi dövrünü buna əyani sübut kimi göstərmək olar. Ancaq hərdən özləri şadlıqlarına "təpik" atırlar. Ermənilər 100 il öncə də yüz minlərlə azərbaycanlını qırıb, ata-baba yurdlarından qovub və ora sahibləniblər. İndi də Dağlıq Qarabağda və ətrafında həmin siyasəti aparırlar. Eləcə də Ermənistanda-Qərbi Azərbaycanda-öz dədə-baba yurdlarında yaşayan 380 min azərbaycanlını həmişəlik oradan deportasiya edib özlərinə monoetnik dövlət qurublar. Bu gündə Qarabağı və Aran Zəngəzuru işğal edən Ermənistan həmin torpaqları özünə birləşdirməyə çalışır. Hələ 1990-cı il tarixdə Ermənistan SSR Ali Soveti qərar qəbul edərək Dağlıq Qarabağı Ermənistanın tərkibinə daxil edib. Bütün bunlar və digər hallar birmənalı olaraq Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsidir, predmeti də Azərbaycan torpaqları hesabına özlərinə "Böyük Ermənistan" yaratmaq üzrə faşizm ideologiyasını həyata keçirməkdir. Yəni bölgə torpaqları hesabına ermənilər özlərinə "böyük" dövlət qurmaq istəyirlər. Odur ki, Ermənistanla - Azərbaycan arasında gedən müharibəni dini müharibə sayan, yaxud bunun belə "qiymətləndirilə" bilməsini düşünənlər səhv edirlər və onlardan tələb olunur vətən taleli məsələdə buraxdıqları bu cür səhvləri bir daha səsləndirməsinlər və məsələyə mövcud gerçəklikdə olduğu kimi yanaşısınlar. Əks təqdirdə bu məsələnin beynəlxalq hüquq normaları ilə çözümündən uzaqlaşırıq. Elə ölkəmizdə fəaliyyət göstərən 5-ci kalona da bu lazımdır ki, erməniləri xristianların müdafiə etdiyini desinlər və iddia da olunsun ki, bizim də gücümüz "çatmır" və s". Ekspert hesab edir ki, bununla da xalqın iradəsinə təsir etmək, ruhunu çökdürmək, guya Qarabağın "artıq əldən" getdiyi düşüncəsini xalqın beyninə yeritməyə çalışırlar: "Elə son illərdə Qarabağ problemi ətrafında cərəyan edən proseslər, müşahidə etdiyimiz mənzərə də belə deməyə əsas verir. Xalqımız qəti tələb etməlidir ki, Dağlıq Qarabağ məsələsini mənasız sülh danışıqları yolu ilə, Qarabağla bağlı hansısa bir qayğısı olmayan dövlətlərin əli ilə yox, birbaşa beynəlxalq hüquq normaları əsasında həll edilməli və dərhal bu məsələni Minsk Qrupu deyilən ölü təşkilatın "monopolyasından" çıxarıb BMT-nin müstəvisinə qaytarmalı, məsələnin həllini BMT-nin məlum 4 qətnaməsi əsaında həll edilməsini tələb etməlidir. Son olaraq bir daha göstəririk ki, məsələdə "xristian izi" axtarmaq elə bizi məsələnin beynəlxalq hüquq norması ilə həllindən bilərəkdən uzaqlaşdırmaqdır.Odur ki, Qarabağ məsələsini ona xəyanət edən qüvvələrin, təşkilatların əlindən alıb elə bu yaz həll etməliyik".
Füzuli