İran özünün 30 milyonluq azərbaycanlı vətəndaşına hörmət etmir- Təhlil
7 Mart 2019 12:31 Siyasət"Qarabağ problemini həll etmədən Türkiyə-Azərbaycan-İran birliyindən danışmağa dəyməz"
Ermənistan Baş naziri Nikol Paşinyanın Xocalı soyqırımının ildönümü ərəfəsində İrana səfəri və burada keçirdiyi görüşlərdə yaşanan bəzi olaylar Azərbaycanda birmənalı qarşılanmadı. Bir çox politoloqlar görüş zamanı yaşananları Azərbaycana verilmiş mesaj kimi qiymətləndirdi və sərt mövqe ortaya qoydular. Millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Qüdrət Həsənquliyev qeyd edib ki, bu səfər çərçivəsində verilən mesajlarla İran Azərbaycana münasibətdə dost olmayan, dini-mənəvi dəyərlərdən uzaq, fars şovinizmi siyasəti yürütdüyünü bir daha nümayiş etdirdi. Paşinyan isə Ermənistanın başı əzilməyəcəyi təqdirdə, işğala son qoymayacağını növbəti dəfə bəyan etdi: "Bir daha təsdiqləndi ki, şovinist fars molla rejiminin islam həmrəyliyi və qardaşlığı barədə dedikləri cəfəngiyyatdan, bizim İranla dost olmaq cəhdlərimiz isə özümüzü aldatmaqdan başqa bir şey deyil. Müsəlmanların torpağını işğal etmiş, qadınlarına, qızlarına qarşı ən ağır cinayətlər törətmiş, namussuzluğa əl atmış bir qeyri-müsəlman dövlətin başçısının bu cür hörmətlə qarşılanması, həm də Xocalı soyqırımı günü, təkcə siyasi mövqe deyil, həm də hansı mənəviyyata sahib olmanın nümayişidir. Həmin səfər çərçivəsində ermənilərin Qarabağla bağlı səsləndirdikləri şüarlara göz yumulması İranın, kiçik dövlət olsa da Ermənistana nə qədər möhtac olması və nə qədər rəzil vəziyyətdə olduğunu göstərir. İranın Qarabağla bağlı rəsmi mövqeyini, hansı ki, səfir Cavad bəy bu günlərdə təkrar açıqladı, Paşinyan qarşısında dilə gətirə bilməməsi dediklərimizin təsdiqidir. Görünür, ağır sanksiyalara məruz qalan İran Ermənistan baş nazirinin Qərblə yaxın münasibətlərindən faydalanmağa çalışır. Amma bilirsiniz bu, nəyə oxşayır? Bizdə bir atalar sözü var: "suda boğulan saman çöpündən yapışar".
Milət vəkili hesab edir ki, Azərbaycan hökuməti İrana münasibətdə daha cəsarətli siyasət yürütməlidir. Elə siyasət ortaya qoyulmalıdır ki, İran Azərbaycan dövlətinə və İranda öz ata-baba yurdlarında yaşayan 30 milyon azərbaycan türkünə hörmət etsin: "İran vətəndaşlarımızı müxtəlif yollarla əməkdaşlığa cəlb etməyə çalışır, islam pərdəsi altında özünə siyasi tərəfdarlar toplayır. Son zamanlar DTX tərəfindən İranın casus şəbəkəsinin ifşa olunması fikrimizi təsdiqləyir. Vətəndaşlarımıza İranın siyasətinin mahiyyəti açıqlanmalıdır. İrana qarşı ideoloji iş aparılmalı, vətənpərvər ziyalılarımızın, gənclərimizin İranın təxribatçı dini-ideoloji, kəşfiyyat savaşına qarşı daha yüksək səslə danışmalarına imkan yaradılmalıdır. Beləcə, İranın Azərbaycanda özünə tərəfdar tapa bilmək potensialı sıfıra endirilməlidir.İkinci siyasət İranda yaşayan 30 milyona yaxın azərbaycanlıların milli-mədəni hüquqlarının tanınmasını bütün səviyyələrdə dəstəkləməkdir. Ən azı ona görə ki, beynəlxalq hüquqa görə, insan hüquq və azadlıqları heç bir ölkənin daxili məsələsi deyil. İran da həmin ölkədə yaşayan bütün xalqların milli-mədəni hüquqlarına hörmət göstərməyə borcludur. Üçüncüsü, Cənubi Azərbaycanla mill-mədəni birliyimiz üçün İranla viza rejimi aradan qaldırılmalı, hər il ən azı min nəfər cənublu soydaşımız müxtəlif ali məktəblərə pulsuz qəbul olunmalı,ç oxsaylı birgə mədəni tədbirlər keçirilməlidir".
Onun bildirdiyinə görə, İran özünün 30 milyonluq azərbaycanlı vətəndaşına hörmət etmir. Məsələn, azərbaycanlılar İran mətbu orqanlarında vaxtaşırı müxtəlif cür təhqir olunurlar. Onlar barədə təhqiramiz lətifələr qoşulur: "Fəal soydaşlarımız Paşinyanın bu cür qarşılanmasına ciddi etiraz etməli, İran parlamentinin, Prezident sarayının qarşısında çoxminli siyasi aksiya keçirməli idi. O zaman fars rejimi də baş verənlərdən nəticə çıxarar və Ermənistan siyasətinə yenidən baxardı. Təəssüf ki, İrandakı soydaşlarımızın fəallığı arzulanan səviyyədə deyil. Düzdür, "indi" Traxtur komandasının oyunlarında çoxsaylı azarkeşlər zaman-zaman milli-siyasi şüarlar səsləndirir, divarlara azadlıq ideallarını yazırlar. Amma bütün bunlar yetərli deyil. Açığını desəm, azərbaycanlılara yönəlik siyasətin iki başlıca məqsədi var: Biri, soydaşlarımızda çatışmamazlıq kompleksi yaratmaq, digəri isə İran xalqları arasında təfriqə salmaqla mövcud rejimə qarşı birgə demokratik mübarizənin aparılmasını əngəlləmək. Mən də bu səbəbdən üzümü soydaşlarımıza tutub deyirəm: Azərbaycan türkləri özlərini demokratik mübarizədən təcrid etməməli, İranın demokrat qüvvələrini dəstəkləməlidir. İran demokratikləşərsə, ölkədə milli hüquqlar tanınar və zamanla Azərbaycan türkləri də bu ölkənin həqiqi sahibinə, vətəndaşına çevrilərlər".
Deputat qeyd edib ki, İrandakı proseslər iki istiqamətdə gedə bilər. Bir variant Çexoslovakiya variantıdır. Bu varianta görə, cənublu soydaşlarımız o qədər güclənir ki, dinc yolla farslardan ayrılırlar. İkinci variant Cənubi Azərbaycanın demoqrafik artımıdır. Yəni əhalinin sayı o qədər artır ki, etnik azlıqdan etnik çoxluğa çevrilir: "Qeyd edim ki, bu siyasət müxtəlif ölkələrdə etnik azlıqların üzərində dayandığı metodlardan biridir. Hesab edirəm ki, demoqrafiq artım nəticəsində yaxın zamanlarda İranda dövlət hakimiyyəti tamamilə Azərbaycan türklərinin əlinə keçə və soydaşlarımız orda türk dilini dövlət dili elan edə bilərlər. Beləcə, İran türk dövlətinə çevrilər. Biz o zaman farsların milli hüquqlarını sivil xalq kimi tam təmin etməliyik. Bu variantlardan biridir və Avropada, Amerikada məskunlaşan bir çox soydaşlarımız məhz bu variant üzərində dayanırlar. Onların fikrincə, İran tarixən Azərbaycan dövləti olub və tarix təkrarlana bilər. Bundan sonra biz Türkiyə ilə ittifaq yarada və böyük Türk Birliyinin əsasını qoya bilərik. Həyatda hər şey mümkündür. Tarixi proseslər bizim şüurumuzdan asılı olmayaraq formalaşır, inkişaf edir. Türkiyə-İran-Azərbaycan birliyinin yaranması üçün bəzi addımlar atılmalıdır. İlk növbədə, bayaq dediyim kimi, İrandakı soydaşlarımızın demoqrafik artımı siyasi hakimiyyətə gəlmək qədər genişlənməlidir.
Digər tərəfdən isə, Türkiyə nüvə gücünə çevrilməlidir. Bu gün nüvə gücü milli dövlət təhlükəsizliyinin və müdafiəsinin əsas amilinə çevrilib. Nüvə gücünə malik dövlətlər özlərini xarici təcavüzlərdən daha rahatlıqla sığortalaya bilirlər. Məsələn, bu gün Pakistanın və Hindistanın nüvə silahları olmasaydı, indi Orta Şərqdə müharibə qaçılmaz olacaqdı. Eynilə Rusiyanın nüvə silahları olmasaydı, çoxdan Avropada 3-cü Dünya müharibəsi başlayacaqdı. Mən ona görə də İranın nüvə silahı əldə etmə ehtimalını həmişə müdafiə etmişəm. Çünki İranın nüvə gücünə çevrilməsi Türkiyənin də eyni yolu tutmasına mənəvi-siyasi haqq qazandırardı. Türkiyə nüvə dövlətinə çevrildikdən sonra isə təhlükəsizliyini qarantiya altına alar, regionun ən güclü dövlətlərindən birinə çevrilər, beləcə, Yaxın Şərqdə müharibələrə son qoyulardı. Rusiya da bu prosesin qarşısını almaqda çətinlik çəkərdi. Düşünürəm ki, Türkiyə milli nüvə silahını özü yaratmasa belə, onun texnoloji layihələrini Pakistandan almalıdır. Əslində rəsmi Ankara da bunun fərqindədir. Onun son zamanlar atom reaktorları qurması sabah asanlıqla nüvə dövlətinə çevrilməsinə yol aça bilər. Üçüncüsü, Azərbaycan Qarabağ problemini həll etməlidir. Heç bir alyans ərazi problemi olan dövləti öz tərkibində görmək istəməz. Hətta dünyanın ən böyük hərbi ittifaqı olan NATO belə, yeni üzvlərinin qarşısına alyansa daxil olmamışdan əvvəl öz ərazi bütövlüyünü təmin etmək vəzifəsi qoyur. Çünki alyansın digər üzvlərini bəri başdan hansısa konfliktin içinə atmaq istəmir. Azərbaycan da Qarabağ problemini həll etmədən ən yaxın strateji müttəfiqimiz olan Türkiyə belə, bizimlə eyni ittifaqa girib Rusiyanı qarşısına almaq istəməz. Rusiya isə bu ittifaqın yaranmasına imkan verməz. Bir sözlə, Cənubi Azərbaycan milli hüquqlarını, biz Qarabağ problemini həll etmədən, Türkiyə isə nüvə gücünə çevrilmədən nə Azərbaycan-Türkiyə, nə də Türkiyə-Azərbaycan-İran birliyindən danışmağa dəyər. Bunlar hələlik arzu və istəklərdir. Amma gələcəkdə nə olacaq, bütün ehtimalları istisna etmədən zamanın öhdəsinə buraxaq".
Nurlan