Ağ Evin yeni rəhbəri kim olacaq?
6 Mart 2019 15:11 SiyasətDünyanın iki supergücündən biri olan Birləşmiş Ştatlar da seçki astanasındadır. Düzdür, okeanın o tayında Ağ Ev rəhbərliyi uğrunda baş tutacaq seçkilərə hələ bir ilə yaxın müddət qalsa da, lakin indidən seçki hazırlıqlarına qeyri-rəsmi də olsa start verilib desək yanılmarıq. Bu dəfəki seçkilərdə hazırkı dövlət başçısı Donald Trampın qələbə qazanmaq şansının o qədər də üstün olmadığı bildirilir.
Amerikada keçiriləcək seçkilərlə bağlı fikirlərini bölüşən müstəqil ekspert Rusif Məmmədsoy deyib ki, 2020-ci ildə Birləşmiş Ştatlarda növbəti prezident seçkiləri baş tutacaq. Onun sözlərinə görə, bu mənada zaman yaxınlaşdıqca rəqabət daha da artır: "Həmin seçkilər zamanı isə Donald Trampın rəqiblərindən biri də Berni Sandersdir. Əvvəlcə Berni Sanders haqqında qısaca məlumat verim. Berni Sanders 1941-ci ildə New Yorkda anadan olub. Həyatı boyu bir sıra vacib vəzifələrdə çalışıb. Eyni zamanda Vermont ştatının senatoru olub. Berni Sanders 2016-cı ildə də prezidentliyə namizədliyini irəli sürmüşdü. O zaman isə rəqibləri arasında olanlardan biri də Hillari Klinton idi. Lakin, Hillari Klintona məğlub olmasına baxmayaraq yüksək səs faizi qazanaraq çox böyük kütləni ətrafında birləşdirə bilmişdi. Hazırda isə onun əsas rəqibi Donald Trampdır. O bu qərarını artıq açıqlayıb. O öz çıxışı zamanı, respublikaçı Donald Trampın hakimiyyətinə son qoyacağını vəd edib. B.Sanders eyni zamanda qeyd edib ki, " Tramp Amerika üçün sadəcə utanc yeridir. O, yalançı, irqçi, fırıldaqçıdır ". O hakimiyyətə gələrsə bütün bunlara son qoyulacağı və miqrantların rahat şəkildə ölkəyə gələcəyini vəd edir. Onu da qeyd edim ki, Sanders həm milliyətcə yəhudidir, həm də demokrat partiyasının ən qatı solçu üzvüdür". Ekspert deyir ki, prezidentliyə namizəd Trampın qərarlarının yalnız varlı təbəqənin mənafeyinə uyğun olduğunu düşünür və o hakimiyyətə gəldiyi zaman bu məsələlərin də öz həllini tapacağına söz verir: "Onu da qeyd edim ki, Sanders Vermont ştatına senator təyin edildiyi zaman onun ən böyük dəstəkçisi Barak Obama olmuşdu. Eyni zamanda Barak Obamanın kompaniyası zamanı da Sanders onun ən fəal dəstəkçilərindən biri idi. İndiki halda Donald Trampın rəqibləri arasında ən güclüsü məhz Berni Sandersdir deyə bilərəm. Sanders ölkədəki iqtisadi vəziyyətin də ürək açan olmadığını bildirib. Hansı ki, Trampın xarici siyasətini tənqid etsələr də daxili siyasəti haqqında müsbət fikirdə olanlar çoxdur. Belə ki, onun gəlişindən sonra ölkə iqtisadiyyatında nəzərə çarpacaq dərəcədə inkişaf baş verib. Bunun da əsas səbəbi məhz Trampın biznesmen olması və iqtisadiyyatı yaxşı bilməsi ilə əlaqədardır. Lakin, Sanders hesab edir ki, o yalnız yuxarı təbəqənin xeyrinə addımlar atır. Düşünürəm ki, seçkilər zamanı Sanders qalib gələ bilər. Çünki, Donald Trampın daxili siyasəti uğurla davam etsə də xarici siyasəti haqqında bunu deyə bilmərik. Belə ki, onun gəlişindən sonra Avropa İttifaqı ölkələri ilə münasibətlər olduqca pisləşdi. Bunun da əsas səbəbi məhz gömrük rüsumlarının qaldırılması ilə bağlı idi. Çin haqqında da bunları deyə bilərik. Xüsusilə də Türkiyəni qeyd etmək lazımdır. Çünki, NATO yarandığı zamandan bu yana NATO-da ABŞ-ın əsas müttəfiqi məhz Türkiyə idi. Lakin, Trampın gəlişindən sonra iki ölkə arasında da münasibətlər olduqca soyudu. Bunun da əsas səbəbi Türkiyənin mübarizə apardığı terror qruplaşmalarına göstərilən yardımlar oldu. Bütün bunlar ABŞ-dakı həm keçmiş siyasətçiləri, həm dövlət departamentini, həm də Pentaqonu narahat edir. Berni Sanders isə rəqibindən fərqli olaraq bu sahədə olduqca təcrübəli biridir. Uzun illərdir siyasi fəaliyyətlə məşğuldur. Sandersin elektoratının əsasını xüsusilə gənclər təşkil edir ki, bu da sonda ona əlavə bir üstünlük verəcək. Bundan əlavə onun kompaniyası zamanı sabiq prezidentlərin və keçmiş siyasətçilərin də dəstəyi istisna deyil. Qeyd edim ki, Donald Trampın narahat olduğu məsələlərdən biri də məhz bu il ABŞ konqresində keçirilən aralıq seçkilərdir. Çünki, həmin seçkilər zamanı demokratlar üstünlük əldə edərək konqresdə respublikaçılarla demokratların sayını bərabərləşdirlər. Bu isə respublikaçılara inamın azalmasına işarədir. Bu mənada Donald Trampın həm Çinlə, həm də Avropa İttifaqı ölkələri ilə münasibətləri qaydaya salacağını gözləmək olar".
Məhəmməd