Azərbaycan Davos İqtisadi Forum üçün vacib tərəfdaşdır

Həm siyasi, həm də iqtisadi baxımdan forum Azərbaycan üçün çox əhəmiyyətlidir

Həm siyasi, həm də iqtisadi baxımdan forum Azərbaycan üçün çox əhəmiyyətlidir

Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində "Bir kəmər, bir yol" təşəbbüsünün tərəqqisi. Çinin trilyon dollarlıq baxışı" mövzusunda panel təşkil edilib. Panelin gündəliyinə problemli borc məsələlərinin yaratdığı risklər, dayanıqlı inkişafın imkanları və beynəlxalq ictimaiyyətlə əməkdaşlıq mövzularının müzakirəsi daxil edilib. Xatırladaq ki, "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Çin yaxın onillikdə Cənub-Şərqi Asiya, Cənubi Asiya və Mərkəzi Asiyanın infrastrukturuna 1,5 trilyon dollar investisiya qoyacaq. Biznes və hökumətlərin bununla əlaqəli siyasi və iqtisadi risklərin öhdəsindən necə gələcəkləri, həmçinin, inkişaf və iqtisadi artımın mühərriki kimi bəşəriyyət tarixindəki ən ambisiyalı infrastruktur layihələrinin uğur qazanmasını necə təmin etmək kimi suallara da bu paneldə cavab axtarılıb. Azərbaycan Prezidenti Ilham Əliyev sözügedən paneldə çıxış edib: "Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvüdür. Biz əlbəttə ki, Çin hökumətinin "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəkləyirik. Azərbaycan özündən şimalda və cənubda yerləşən ölkələrə bu layihəyə qoşulmaq üçün imkanlar yaradır. Biz artıq bunu müşahidə edirik. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir. Bunun üçün dəmir yolu sistemlərimizin müasirləşdirilməsi, Xəzərin sahilində 25 milyon tona qədər yük daşımaq gücündə olan ən böyük dəniz limanının tikintisi, Avropa və Asiya arasında çatışmayan bağlantının yaradılması ilə bizi Türkiyə və Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun inşası yollarımızdan istifadə etmək istəyənlərə yaxşı şərait yaradır. Biz yaxşı tarif siyasətini yaratmaq üçün vəsait sərf edirik. Yükdaşımaların həcmi də artır. Yalnız Şimal-Cənub dəhlizi vasitəsilə keçən il ondan əvvəlki illə müqayisədə on dəfə çox yük daşınıb". Millət vəkili Azər Badamov deyib ki, "Davos İqtisadi Forumu iqtisadi məsələlərin müzakirəsi platforması olsa da, burada həm də siyasi məsələlər barədə fikir mübadiləsi aparılır. Çünki dünyanın bir çox ölkələrindən siyasətçilər gəlir. Bu il keçirilən Foruma da üç minə yaxın siyasətçi, iqtisadiyyatçı, dövlət adamları toplaşıb. Təbii ki, belə bir Forumda ölkəmizin iştirakı ilk növbədə Azərbaycanın bugünkü iqtisadi inkişafı ilə bağlıdır. Yəni Azərbaycan öz inkişaf dövrünü yaşayan bir ölkədir. Millət vəkilinin sözlərinə görə, Davos İqtisadi Forumunun rəqabətqabiliyyətli hesabatlarında da Azərbaycan həmişə öncül yerlərdə göstərilir və bu göstəricilər ilbəil artır: "Bu da Azərbaycanın nüfuzuna müsbət mənada təsir edir. İlk növbədə bu Forumun iqtisadi cəhətdən, yəni Azərbaycanın iqtisadi potensialını təbliğ etmək və göstərmək baxımından əvəzolunmaz bir tədbirdir. Burada Azərbaycan yeni investisiyaları cəlb etmək istiqamətində müəyyən qədər işlər aparır. Həm də bu siyasi platformadır. Əgər hər bir ölkənin apardığı siyasəti aşağıdırsa, o ölkənin iqtisadiyyatı da heç vaxt inkişaf etməz. Ona görə də biz bu fürsətdən istifadə edərək orada öz problemlərimizi qlobal formada təqdim edə bilirik. Yəni Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycana qarşı ədalətsiz yanaşmalarla bağlı öz fikirlərimizi bildirə bilirik. Təbii ki, bu da dünyanı bir daha bu münaqişə ilə bağlı məlumatlandırmaq və Azərbaycanın haqq səsini ucaltmaq üçün bir platforma kimi qeyd etmək olar. Təbii ki, həm siyasi baxımdan, həm də iqtisadi baxımdan Davos İqtisadi Forumu Azərbaycan üçün çox əhəmiyyətlidir". İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib ki, "Davos İqtisadi Forumu əhəmiyyətinə görə, dünyanın ən əhəmiyyətli forumlarından hesab olunur. Onun dünyada aparıcı dövlətlərin hökumət başçılarını, biznes, beyin mərkəzlərinin, media rəhbərlərinin bir araya toplayan yeganə forum olduğunu nəzərə alsaq, budəfəki forumda da fərqli auditoriyanı təmsil edən liderlərin bir araya gəlib. O, bildirib ki, 2019-cu ilin Davos İqtisadi Forumuna 3 mindən artıq şəxsin qatılması bildirilir ki, onların mindən çoxu biznes liderləridir: "Bu baxımdan forum qlobal iqtisadiyyat üçün vacib tədbirlərdən biri hesab olunur. Bu il əsas mövzu qloballaşma və sənaye inqilabıdır. Forumun hər il özü üçün mövzu müəyyənləşdirdiyini nəzərə alsaq, builki mövzunun birmənalı şəkildə son dövrdə böyük əhəmiyyət kəsb etməsi və qloballaşmanın mənəvi tərəflərinin arxa planda qalması ilə bağlıdır". Ekspert söyləyib ki, Davos İqtisadi Forumunun açıqlamasına görə, forum qloballaşma və qlobalizmi bir-birindən ayırır: " Foruma görə qloballaşma texniki, qlobalizm isə milli maraqlar üzərində formalaşan bir sistemdir. Nəticə etibarı ilə qloballaşma texnologiya və işçi qüvvəsinin azad hərəkətinə imkan yaratmalı olduğu halda, qlobalizm milli maraqların qurulmasına imkan vermir. Bu baxımdan qloballaşmanın mənəvi tərəflərinin də araşdırılması forumun əsas hədəflərindən biridir". V. Bayramov qeyd edib ki, eyni zamanda forumda super güclər arasında olan ticarət müharibələri, beynəlxalq qurumların, o cümlədən Ümumdünya Ticarət Təşkilatı qarşısında öhdəliklərini yerinə yetirməyən güclü dövlətlərlə bağlı məsələlər aktualdır: " Bu baxımdan Davos Forumu qlobal iqtisadiyyatda istiqamətləri müəyyənləşdirəcək". Forumun Azərbaycan üçün əhəmiyyətinə gəldikdə, ekspert vurğulayıb ki, Azərbaycan üçün forumun əhəmiyyətini göstərən faktorlardan biri burada ölkəmizin nümayəndə heyətinə Dövlət başçısının rəhbərlik etməsidir: "Bu da əlbəttə ki, ölkəmizin foruma verdiyi önəminin göstəricisidir. Forum Azərbaycan üçün öz potensialını nümayiş etdirməsi, qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsi baxımından vacibdir. Azərbaycan Prezidenti İlham Əliyev Forum çərçivəsində təkcə rəsmilərlə deyil, eyni zamanda aparıcı şirkətlərin rəhbərləri ilə görüşlər keçirir ki, bu da ölkəmizin potensialının nümayişi baxımından çox vacibdir". V. Bayramov deyib ki, eyni zamanda Azərbaycan da Forum üçün vacib tərəfdaşlardan biridir: "Bu gün Avropa Birliyinin Cənubi Qafqaz üzrə illik ticarət dövriyyəsi cəmi 15 milyard dollardır ki, bunun 11.2 milyard dolları ölkəmizin payına düşür. Gürcüstanın Avropa Birliyi ilə ticarət dövriyyəsi 2.6, Ermənistanın 1.1 milyard dollardır. Avropa Birliyinin regionla ümumi sərhəd dövriyyəsinin 75 faizi Azərbaycanın payına düşür. Bu isə ölkəmizin investorlar, eyni zamanda aparıcı ölkələr üçün cəlbedici tərəfdaş olduğunu göstərir. Cənubi Qaz Dəhlizinin istifadəyə verilməsi və daha da genişlənməsi də Azərbaycanın inkişaf etmiş ölkələr və eləcə də Avropa Birliyi ilə iqtisadi əlaqələrinin möhkəmlənməsinə imkan yaradacaq. Bu kontekstdən Azərbaycan da Davos İqtisadi Forumu üçün vacib tərəfdaşdır və nəticə etibarı ilə tərəflər faydalı şəkildə bu əməkdaşlığın inkişafında maraqlı görsənir. Ölkəmizlə Davos İqtisadi Forum arasında yeni anlaşmanın imzalanması da növbəti illərdə tərəflər arasında münasibətlərin daha da sıx və intensiv olduğunu müşahidə edə biləcəyik". Millət vəkili Aydın Mirzəzadə deyib ki, Davos İqtisadi Forumu çox geniş müstəvini əhatə edir. Baxmayaraq ki, tədbir iqtisadi məsələlərin müzakirəsinə həsr edilib, amma ümumi anlamda Forum iqtisadi, siyasi, ekoloji, bir sözlə dünyanı narahat edən istənilən məsələ üçün müzakirə meydanına çevrilir. Deputat bildirib ki, Davosda hər bir ölkə özünün iqtisadi maraqlarına uyğun olaraq mövqeyini bildirir və ikitərəfli münasibətlər qurmağa maraq göstərirlər: "Azərbaycan Prezidentinin Davosda görüşlər proqramı hər zaman çox zəngin və sıx olub. Dövlət başçısı ilə görüşmək istəyən təşkilat və şirkət rəhbərlərinin sayı həddindən artıq çoxdur. Azərbaycan investisiya üçün çox maraqlı ölkədir. Biznesin əlverişli inkişafı üçün maksimum şərait yaradır. Eyni zamanda Azərbaycanla birlikdə beynəlxalq aləmdə üçüncü ölkədə birgə əməliyyatlar aparmağa da çoxsaylı təkliflər var. Bu, Azərbaycanın daxili və xarici siyasətinin düzgün aparılmasından irəli gələn bir məsələdir. Bu görüşlərdə sadəcə müzakirələr getmir, konkret nəticələrə gəlinir". Parlament üzvü bəyan edib ki, Davos Forumunun nəticəsini daha sonra Azərbaycan iqtisadiyyatına qoyulan investisiyada görürük: "Ötən il Azərbaycana 17 milyard dollar investisiya qoyulub. Bu, balaca rəqəm deyil. Sərmayənin böyük əksəriyyəti qeyri-neft sektoruna qoyulur. Neftdən gələn gəlirlər isə valyuta ehtiyatlarında toplanır. Həmçinin, sosial məsələlərin və məcburi köçkünlərin problemlərinin həlli üçün proqramlara yönəldilir. Azərbaycan öz inkişafının çox maraqlı modelini yaradıb. Cənab Prezidentimizin Davos Forumunda iştirakı və orada mühüm görüşlər keçirməsi bir daha göstərir ki, Azərbaycanın iqtisadi siyasəti düzgündür və beynəlxalq aləmdə Azərbaycanla əlaqələrə çox böyük diqqət yetirilir".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31