"Prezident Davos Forumunda iştirak etməklə ölkəmizin inkişafı üçün yeni imkanlar və nəticələr əldə etməyə yol açır"
23 Yanvar 2019 16:27 Siyasət"Davosda hər il bu vaxt keçirilən Ümumdünya İqtisadi Forumu dünya iqtisadiyyatının aparıcı ölkələrinin liderlərinin bir araya gəlməsi, müxtəlif beynəlxalq maliyyə, iqtisadi və reytinq qurumlarının, həmçinin iri və məşhur şirkət və bank nümayəndələrinin, eləcə də siyasi elita təmsilçilərinin bir məkana toplaşmağı baxımından əhəmiyyətlidir".
Bunu iqtisadçı-ekspert Pərviz Heydərov Prezident İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunda iştirakı və forum çərçivəsində bir sıra mühüm görüşlər keçirməsinə münasibət bildirərkən söyləyib.
Ekspert qeyd edib ki, Davos forumu dünya iqtisadiyyatının real mənzərəsinə baxış keçirtmək və qiymətləndirmək, bir sıra prosesləri dəyərləndirmək, bazarlarda mövcud durumu dilə gətirmək, müvafiq təhlillər aparmaq, yaxın və orta perespektiv barədə proqnozlar irəli sürməyə imkan açır:
"Dövlət başçımızın yürütdüyü siyasət nəticəsində ölkəmiz öz əhəmiyyətini bütün aparacı iqtisadi ölkələrə və dövlətlərə kifayət qədər güclü şəkildə sübut edib. Ölkəmiz bir sıra mühüm strateji layihələrin təşəbbüskarı, icraçısı və söz sahibidir. Cənubi Qafqazda bütün növ nəqliyyat sahələri üzrə paytaxtdır, mərkəzdir. Ona görə ki, sözügedən sferada zəngin infrastruktura sahibdir. Neft ölkəsi olsaq da, qeyri-enerji sektorunda böyük imkanlara malikik, buranın inkişaf etdirilməsi və yüksək məbləğdə qazanc əldə etmək üçün böyük potensiala sahibik. Odur ki, bizə böyük investisiya marağı vardır.
Bəli, neft və qaz iqtisadiyyatımızın aparıcı qüvvəsidir. Böyük enerji şirkətlərini ölkəyə sərmayə yatırmağa cəlb etməklə çox böyük inkişafa nail olmuşuq. Lakin dövlət başçımız demişkən, indi, bizim əsas vəzifəmiz iqtisadiyyatımızı şaxələndirmək və neft-qazdan asılılığımızı azaltmaqdır".
P.Heydərov diqqətə çatdırıb ki, xarici sərmayəyə hər bir ölkənin ehtiyacı var. Ancaq bunun üçün gərək, cəlbedicilik yaradasan:
" Neft və qaz elə bir şeydir ki, hasil edilən kimi dərhal satışa gedir və tez realizə olunur. Üeyri-enerji sektoru yüksək rəqabətqabiliyyətlilik tələb edir. Müvafiq infrastrukturun yaradılmasını vacib sayır. Odur ki, son illər nəqliyyat sektorumuza boş yerə çoxlu həcmdə vəsait yatırılmadı. Bu, ölkəmizin potensialından səmərəli istifadə üçün müvafiq yaradıldığı deməkdir. Yeri gəlmişkən, dövlət başçımız da vurğulamışdır ki, bu infrastruktur layihələri olmadan Azərbaycanın coğrafi mövqeyinin də bir o qədər mənası olmayacaqdı".
Ekspert hesab edir ki, ümumiyyətlə, investisiya qoyuluşu üçün ölkəni cəlbedici və etibarlı edən bir neçə şərt var:
"Ən mühüm şərtlərdən biri həmin ölkədə hökm sürən siyasi sabitlikdir. Yəni istər yerli, istərsə də xarici investor olsun, hər birinin ən əsas önəm verdiyi amil, pulunu yatırdığı ölkədə siyasi çaxnaşmaların, qeyri-stabil siyasi vəziyyətin olmamağıdır. Əksi olduğu halda, heç bir sahibkar risk edib sərmayə yatırmaz. Ona görə də, investisiya qoyuluşunda sahibkarları Azərbaycana cəlb edən əsas cəhət burada siyasi sabitliyin mövcud olmasıdır. İkinci şərt isə ölkənin maliyyə vəziyyətidir. Bu, xüsusən də xarici sahibkarlar üçün önəmli şərtdir.
Belə ki, xarici investor bu və ya digər ölkəyə sərmayə qoyanda, onu ilk növbədə düşündürəm məqamlardan biri də zəmanət məsələsidir. Sahibkarlar pul yatırarkən həmin ölkədəki maliyyə vəziyyətini də nəzərdən keçirdir. Həmçinin pul qoyduğu sahədə zəmanətliliyin hansı səviyyədə olduğunu təhlil edir. Qeyd edilən bu şərtlər baxımından Azərbaycan üstün cəhətlərə malikdir. Çünki ölkəmizin valyuta ehtiyatları xarici borcundan bir neçə dəfə yüksəkdir.
Yəni Azərbaycan hazırda o ölkələr sırasındadır ki, istəsə, çox qısa bir müddət ərzində bütün xarici borclarını bağlaya bilər.
Odur ki, dövlət başçımızın sözügedən Forumda iştirak etməklə, həmin maraqların düzgün qiymətləndirilməsinə, seçilməsinə və istiqamətləndirilməsinə imkan yaradır, ölkəmizin gələcək inkişafı üçün hər dəfə yeni imkanlar və nəticələr əldə etməyə yol açır. Eyni zamanda, beynəlxalq maliyyə, iqtisadi və reytinq qurumlarının, həmçinin iri və məşhur şirkət və bank nümayəndələri, siyasi elita təmsilçiləriylə görüşlər keçirilir ki, Azərbaycanda görülən işlər, mövcud iqtisadi durum nəzərə çatdırılır, əməkdaşlıq imkanları, istiqamətləri və perespektivləri müzakirə və müəyyən edilir".
Sherg.az