Qarabağ probleminin həllində diplomatik hərəkətlilik artır

Davos görüşü müəyyən ümidlər yaradır

Davos görüşü müəyyən ümidlər yaradır

Hələ keçən ilin sonlarında 2019-cu ilin Dağlıq Qarabağ probleminin həlli istiqamətində ümidverici il olacağına dair səslənən fikirlər deyəsən tədricən öz təsdiqini tapır. Hər halda il başlayandan münaqişə ətrafında cərəyan edən proseslər, artan diplomatik fəallıq, eləcə də danışıqlar prosesinin intensivləşməsi belə deməyə əsas verir. Məlumat üçün qeyd edək ki, elə bir neçə gün əvvəl Azərbaycan və Ermənistanın xarici siyasət idarələrinin rəhbərləri Fransanın paytaxtı Parisdə ATƏT-in Minsk qrupunun həsmdərlərinin təşəbbüsü ilə bir araya gəlib. Həmin görüşdə hazırda münaqişə ətrafında mövcud olan vəziyyət, cəbhədəki durum, eləcə də atəşkəs rejiminin davamlılığının təmin edilməsi kimi məsələlər müzakirə edilib. Xarici işlər nazirlərinin Paris görüşünün nəticələrinə dair verilən açıqlamada bir detal xüsusi diqqət çəkirdi ki, bu da xalqların sülh prosesinə hazırlanması ilə bağlı idi. Buradan gəlinən nəticə onu deməyə əsas verir ki, artıq Azərbaycan və Ermənistan tərəfi rəsmi şəkildə sülh prosesinə yaxındır. Yerdə qalır Azərbaycan və Ermənistan xalqını bu sülh prosesinə hazırlamaq. Azərbaycana gəlincə, əminliklə deyə bilərik ki, cəmiyyət, ictimaiyyət nümayəndələri Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə tərəfdardır və uzun illərdir ki, bu prinsipə sadiqdir. Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də dəfələrlə öz çıxışlarında bəyan edib ki, rəsmi Bakı problemin sülh yolu ilə həllində maraqlıdır. Bir şərtlə ki, münaqişə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şəklində həllini tapsın. Bu gün də Azərbaycan eyni mövqedən çıxış edir. O zaman yalnız Ermənistan tərəfini, eləcə də erməni xalqını

sülhə hazırlamaqdan söhbət gedə bilər. Çünki günümüzdə də İrəvan öz işğalçılıq mahiyyətindən geri çəkilmir, Azərbaycanın işğal etdiyi ərazilərini geri qaytarmaqda maraqlı görünmür.   Ancaq xarici işlər nazirlərinin Paris görüşündən sonra Azərbaycan və Ermənistanın bir nömrəli şəxslərinin bir araya gəlməsi ümid etməyə əsas verir ki, artıq İrəvan da mövcud reallıqdan çıxış edərək problemin sülh yolu ilə həllinə meyil göstərir. Hər haıda Davos iqtisadi forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüş belə deməyə əsas verir. Xəbərlərdən də aydın olduğu kimi ötən gün Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Sözügedən görüş barədə fikirlərini bölüşən Cənubi Qafqazda Sülh və Tıhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Davosda Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə mövcud danışıqları davam etdirmək və atəşkəsin qorunub saxlanılması əsas danışıqların predemeti olub. Onun sözlərinə görə. bir saat yarım çəkən görüşdə xarici işlər nazirlərinin Paris görüşündə həll formularının detalları müzakirə olunub: "Bu görüş planlanmış olsa da qeyr-rəsmi görüş kimi keçirildi. Demək olar ki, Azərbaycan və Ermənistan rəhbərləri yalnız qeyri-rəsmi görüş çərçivəsində müəyyən razılığa gəlirlər. Görünür, bu taktiki gedişdir. Bir saat yarım davam edən görüşdə mümkündür ki, münaqişə ətrafında ciddi fikir mübadiləsi olub, ortaq mövqelər razılaşdırılıb".

Politoloq hesab edir ki, bu görüşdən sonra nazirlərin görüşü bir neçə dəfə keçiriləcək və sonra liderlərin rəsmi görüşündə əldə olunan razılıq ictimaiyyətlə bölüşüləcək: "Davos görüşü bir daha üçüncü ölkənin iştirakı olmadan birbaşa tərəflərin ikinci təmasıdır. Düşənbə görüşündən sonra, Davos görüşü Moskvanın prosesdən kənarda saxlanılması baxımından uğurlu siyasi gedişdir. Birləşmiş Ştatlar prezidenti Donald Trampın Nikol Paşinyana məktubunda Qarabağla bağlı mesajından sonra belə bir görüşün keçirilməsi prosesdə Vaşinqtonun pərdəarxası yer aldığını göstərir. Məhz prezident İlham Əliyevin Davosda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təışkilatına Azərbaycanın üzvülük məsləsinin gündəmdə olamamasını qeyd etməsi, Qərbə qarşı, xüsusi ilə Amerika- Azərbaycan münasibətlərinə mesajıdır. Mümkündür ki, məhz Vaşinqton bu proses fonunda Qarabağ konfliktinə ədalətli mövqe sərgiləsin. Göründüyü kimi Vaşinqton diplomatik kanalllarla Yerevana Qarabağla bağlı ciddi mesajlar verir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31