“Azərbaycanda əldə edilən nailiyyətlər yalnız yaxın xarici dövlətlərdə deyil, eləcə də uzaq ölkələrdə diqqətlə izlənilir, dəyərləndirilir" – Bəhruz Quliyev

Azərbaycanın dünya birliyində balanslı siyasət yürütməsi, eləcə də, xarici siyasətində, diplomatik münasibətlərdə tutduğu müstəqil yol bir çox ölkələr üçün nümunə sayıla bilər. Bu fikirləri Olaylar.az-a "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Zimbabve Prezidenti Emmerson Mnanqaqvanın Azərbaycana səfərini və bu səfər çərçivəsində ölkələrimiz arasında aparılan müzakirələri, qəbul edilən qərarları şərh edərkən deyib.

Onun sözlərinə görə, digər ölkələr kimi, Zimbabve də Azərbaycanın düzgün dövlət idarəçiliyindəki təcrübəsinə, habelə, davamlı sosial-iqtisadi və siyasi islahatlar təcrübəsinə ciddi maraq göstərdiyini gizlətmir. "Azərbaycanda son illər əldə edilən nailiyyətlər yalnız yaxın xarici dövlətlərdə deyil, eləcə də uzaq ölkələrdə də diqqətlə izlənilir, dəyərləndirilir", deyə qeyd edən Bəhruz Quliyev, həmin ölkələr sırasına Zimbabvenin də olduğunu bildirib: "Ümumiyyətlə, Azərbaycanın xarici siyasəti regional, eləcə də beynəlxalq təşkilatlarla, Avropa ölkələri ilə əməkdaşlıqla bitmir, bu siyasət bütövlükdə Avrasiya, Afrika ölkələrinə doğru da inkişaf edir. Məsələ həm də ondadır ki, Zimbabvenin dövlət başçısı Emmerson Mnanqaqva hələ ölkəmizə səfər etməmişdən qabaq demişdi ki, o, cənab İlham Əliyevlə görüşünü səbirsizliklə gözləyir. Eləcə də əlavə edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevlə kənd təsərrüfatı və neft-qaz sahələrində ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcək. Bu baxımdan, həm də belə nəticəyə gələ bilərik ki, Azərbaycanın mədən sənayesinin effektiv şəkildə idarə edilməsi, neft-qaz sektorundan əldə edilən uğurlar, gəlirlərin şəffaflığının təmin edilməsi və bütövlükdə iqtisadiyyatın digər sektorlarına düşünülmüş şəkildə sərmayələrin qoyulması, qeyri-neft sektorunun, nəqliyyat infrastukturunun və kənd təsərrüfatının inkişafı Zimbabveyə maraqlıdır və bu maraqların öz ölkəsində də təmin edilməsi Prezident Emmerson Mananqaqva üçün xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Afrika ölkəsinin dövlət başçısı Azərbaycanın BMT tərəfindən müəyyən edilmiş Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi sahəsində əldə etdiyi bütün nailiyyətlərdən uğurlu təcrübə kimi istifadə etmək istəyindədir və bu təcrübələrə yiyələnmək, onları öyrənmək üçün onun məhz Azərbaycanı seçməsi qeyd edilən reallıqları ehtiva edir". 

Siyasi ekspertin fikrincə, Azərbaycanın Qoşulmama Hərəkatındakı rolu, habelə, ölkəmizin 2019-2022-ci illərdə bu təşkilata sədrlik etməsi də qeyd edilən fikirlər arasında öz əhəmiyyəti ilə seçilir. "Azərbaycan dövləti hər zaman beynəlxalq münasibətlərdə xoş məramları ilə çıxış edir, sülh, sabitlik və təhlükəsizlik məsələlərində davamlı təşəbbüsləri, ideyaları ilə öncüllük təşkil edir", deyən Bəhruz Quliyev onu da vurğulayıb ki, ölkəmiz digər dövlətlər arasında həm də etibarlı tərəfdaş kimi qiymətləndirilir. Bu mənada, Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin də sayı artır, Zimbabve də həmin ölkələrdən biridir: "Əbəs deyil ki, Prezident İlham Əliyev cənabları da cənab Mnanqaqva ilə görüşü çərçivəsində bu səfəri çox müsbət dəyərləndirib və bildirib ki, ölkələrimiz ticarət münasibətlərinin genişləndirilməsi üçün imkanlar, həmçinin siyasi sahədə qarşılıqlı fəaliyyətə aid müxtəlif, çoxsaylı məsələləri müzakirə ediblər. Beləliklə, ölkəmizə edilmiş bu səfər həm də Azərbaycanın dünya birliyindəki əhəmiyyətinin nə dərəcədə yüksək olduğunu da kifayət qədər sübuta yetirmiş oldu".

Ay An

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31