Səudiyyə Ərəbistanı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
Yanvarın 21-də Milli Məclisin Sədri Oqtay Əsədov Səudiyyə Ərəbistanının Şura Məclisinin ölkəmizlə parlamentlərarası dostluq komitəsinin sədri Fayez bin Abdulla Əl-Şəhrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən “Olaylar”a bildirilib ki, spiker qeyd edib ki, Səudiyyə Ərəbistanı bütün dünya müsəlmanlarının görüşdüyü bir məkandır. Xalqımızın qəlbində bu məkanın xüsusi yeri vardır.
21 Yanvar 2019 15:29 SiyasətYanvarın 21-də Milli Məclisin Sədri Oqtay Əsədov Səudiyyə Ərəbistanının Şura Məclisinin ölkəmizlə parlamentlərarası dostluq komitəsinin sədri Fayez bin Abdulla Əl-Şəhrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən "Olaylar"a bildirilib ki, spiker qeyd edib ki, Səudiyyə Ərəbistanı bütün dünya müsəlmanlarının görüşdüyü bir məkandır. Xalqımızın qəlbində bu məkanın xüsusi yeri vardır. Müstəqil Azərbaycan Səudiyyə Ərəbistanı ilə qarşılıqlı əlaqələrin inkişafına həmişə böyük önəm vermişdir. Prezident İlham Əliyevin bu ölkəyə səfərləri zamanı aparılan danışıqlar əməkdaşlığımızın inkişafında yeni səhifə açmışdır. Bu günədək ölkələrimiz arasında 20 hüquqi sənəd imzalanmış, 11-i üzərində iş davam etdirilir. İqtisadi sahədə əlaqələrimiz inkişaf etməkdədir. Azərbaycanda Səudiyyə Ərəbistanı investisiyalı 16 müəssisə fəaliyyət göstərir. Onların fəaliyyət dairəsi, əsasən bank, sığorta, sənaye, xidmət və ticarət sahələrini əhatə edir. Azərbaycandakı münbit biznes mühiti ölkəmizi biznes yatırımları üçün cəlbedici edir: "Azərbaycan parlamentinin 100 illiyinə həsr olunmuş təntənəli iclasda Səudiyyə Ərəbistanı Şura Məclisinin sədri Abdulla bin Məhəmməd bin İbrahim Əl-Şeyxin iştirakını yüksək dəyərləndiririk. Hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsi ümumi məqsədlərə xidmət edir". Sədr Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində dəyişməz ədalətli mövqeyinə, bu günədək işğalçı Ermənistanla diplomatik münasibətlər qurmadığına görə qarşı tərəfə minnətdarlığını ifadə etdi. Səudiyyə Ərəbistanı parlamentinin gələcəkdə Xocalı soyqırımı ilə bağlı məsələyə münasibət bildirəcəyinə ümidvar olduğunu söylədi.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Səudiyyə Ərəbistanının Şura Məclisinin Azərbaycanla parlamentlərarası dostluq komitəsinin sədri Fayez bin Abdulla Əl-Şəhri ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söylədi. Qonaq Milli Məclis Sədrinin və onun başçılıq etdiyi nümayəndə heyətinin beynəlxalq təşkilatlardakı iştirakını yüksək dəyərləndirdi. Bildirildi ki, deputatların qarşılıqlı səfərləri, parlament spikerləri səviyyəsində görüşlərin keçirilməsi əlaqələrimizin daha da möhkəmlənməsinə yaxşı zəmin yaradır. Qonaq ölkəsinin müstəqil Azərbaycanla siyasi, iqtisadi, mədəni sahələrdə münasibətlərin daha da dərinləşməsində maraqlı olduğunu söylədi. O, bölgənin ən ağrılı problemlərindən olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdar olduqlarını bir daha bəyan etdi.