Avropa İttifaqı Azərbaycanı əsas ticarət tərəfdaşı kimi tanıyır

Avropa İttifaqı (Aİ) Azərbaycanı əsas ticarət tərəfdaşı kimi tanıyır.

Bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə ilə görüşündə deyib.

Aİ rəsmisi təşkilatın əməkdaşlığının yalnız iqtisadi sahələrlə məhdudlaşmadığını, humanitar, təhsil, mədəniyyət və digər mühüm istiqamətləri də əhatə etdiyini bildirib. K.Yankauskas sözügedən sahələrin inkişafında Avropa təcrübəsinin və yeni texnologiyaların tətbiqinə xüsusi önəm verildiyini diqqətə çatdırıb.

Diplomat həmçinin Azərbaycanda universitetlərlə birgə həyata keçirilən layihələr çərçivəsində ali təhsil üzrə müxtəlif təlimlər keçirildiyini, ali təhsil ocaqlarından tələbələrin təhsil almaq üçün Avropanın nüfuzlu universitetlərinə göndərildiyini vurğulayıb.

K.Yankauskas ölkədə innovasiya mühitinin təkmilləşdirilməsi məqsədilə startapları və böyük innovasiyayönümlü layihələri dəstəkləməyə təşkilatın maraqlı olduğunu bildirib. O, "Yüksək Texnologiyalar Park" ilə də yaxından tanış olmaq istədiyini bildirib.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31