“Paşinyanın qulağının ardına dəyəcək şapalaqların səsi eşidilməkdədir”
21 Dekabr 2018 18:30 SiyasətDemokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevin SİA-ya müsahibəsi
- Elşən müəllim, Rusiya prezidenti Vladimir Putin Paşinyanı seçki qələbəsinə görə təbrik eləmədi. Sizcə, bu Rusiya-Ermənistan münasibətlərinin daha da gərginləşməsinə səbəb olacaqmı?
- Paşinyanı nəinki Putin, bir neçə dostundan başqa ümumiyyətlə kimsə təbrik etməyib. Bu da gözlənilən idi. Çünki saxta inqilab imitasiyası və bəlli qüvvələrin maliyyəsi ilə şou göstərib hakimiyyəti mənimsəyən Paşinyan seçkidən sonrakı vəziyyəti hesablamamışdı, fərqinə varmamışdı ki, əsl "konsert" daha üst mərhələdə olacaq. Ona görə də Putinin Paşinyana qarşı sərgilədiyi soyuq münasibət normaldır, məntiqlidir, öncədən ehtimal ediləndir. Üstəlik, Putin ağıllı siyasətçidir, anlayır ki, Paşinyan kimiləri siyasətin "broyler" məhsullarıdır və ən yaxşı halda bir seçkilik, ən pis halda isə bir aylıq idarəçilik üçün nəzərdə tutulub. Nikolun admnistrativ təcrübəsi sıfırdır. Belə rəhbərin olduğu yerdə istənilən siyasi böhranın yaranması, baş verməsi an məsələsidir.
- Nəyə görə, Putin Paşinyana qarşı qəzəblidir?
- Ermənistanı əvvəllər bir dövlətin aləti, vassalı kimi təqdim edirdilər, tanıyırdılar. İndi isə deyəsən hamınındır. Putinin Paşinyanı təbrik etməməsi əslində faktiki olaraq öz sərhəd qonşusunun seçkilərini, bu seçkilərin legitimliyini tanımamasıdır. Maraqlı jestdir. Şəxsən mənim siyasətçi intuisiyam deyir ki, qarşıda hələ Ermənistanı daha maraqlı surprizlər gözləyir. Rusiya Ermənistana qıcıqlıdır. Tam səbəbini bilmirəm, amma fakt budur. Yaxın gələcəkdə Paşinyanın qulağının ardına dəyəcək şapalaqların səsi isə ətrafı bürüyəcək. Niyəsə belə düşünürəm.
- Sizcə, Rusiya Ermənistan münasibətlərinin kəskinləşməsi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın maraqları çərçivəsində həllinə nə verə bilər?
- Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Rusiya ilə Ermənistan konflikt vəziyyətində olsa da olmasa da, kim kimlə barışsa da küssə də - fərq eləmir! Nəyin bahasına olursa olsun, həmin torpaqlar geri, özümüzə qayıdacaq. Bu Azərbaycan dövlətinin də, Cənab Prezidentin də qarşıya qoyduğu başlıca məqsəddir. Prezidentimizin müdrik siyasəti nəticəsində bu arzuya mütləq çatacağıq. Məlum mövzuda da kimsədən asılacağımız, gözləntimiz yoxdur. Bütün güvən və ümidimiz Baş Komandan, dövlətin gücü və nizamlı ordumuzdur. Sadəcə Rusiya bu məsələdə Ermənistana qarşı açıq mövqe sərgiləsə, Azərbaycana tam, gərəkli dəstək versə yaxşı olar. Hətta Rusiyanın neytrallığı belə maraqlarımıza uyğundur. Putin də, dünyanın bütün liderləri də gözəl anlayır ki, Dağlıq Qarabağ Azərbaycanın torpaqlarıdır və çox ümidliyik ki, bölgədə baş verəcək növbəti proseslər işğal altında olan doğma torpaqlarımıza daha tez qovuşmaq üçün yeni zəminlər yaradacaq.
- Azərbaycanın işğal olunmuş əraziləri azad etmək üçün hərbi əməliyyatlar keçirəcəyi qorxusu, Ermənistan cəmiyyətini bütövlükdə əhatə etməkdədir. Sİzcə, bu qorxu, vahimə əhalinin ölkəni kütləvi şəkildə tərk etməsini şərtləndirən başlıca səbəblərdən olduğunu demək olar?
- Bu qorxu Ermənistanda, onun əhalisində hər zaman olub, bu gün də var, sabah da olacaq. Aprel döyüşlərində Azərbaycan əsgərinin göstərdiyi şücaət, ordumuzun uğurları və Ermənistanın itkiləri yaddaşlardan silinməyib. Həmin əməliyyat növbəti dəfə təkrarlansa Ermənistanın daşı-daş üstdə qalmayacaq. Bunu Paşinyan da gözəl anlayır, erməni xalqı da. Ona görə qorxu içindədirlər, gərgindirlər, rahat deyillər. Seçkidəki aktivliyin də biabırçı, rəzil həddə olması deməyə əsas verir ki, ermənilərin yarıdan çoxu ümumiyyətlə heç ölkədə deyil. Hamı baş götürüb, qaçıb gedib və getməyə davam edir. Çünki kimsə Ermənistanın perspektivinə inanmır, hamı fərqindədir ki, uğursuz, işğalçı siyasətlə irəli getmək olmaz. Bu yalnış siyasət haradasa çat verəcək, qırılacaq, insanları uçuruma aparacaq. Həmin mərhələ isə deyəsən artıq gəlib, yetişib, gözlə görünən səviyyəyə çatıb. Kim nəyə layiqdirsə onu yaşayır. Ermənistanın da layiq olduğu rəzillik, uçurum, xaos və daimi məğlubiyyətlərdir.