"Xarici dairələr onları lazımsız material kimi qurban verirlər"
21 Dekabr 2018 16:36 Siyasət"Bəzi insanlarımızın xaricə mühacir edib son aqibətlərinin yaxşı olmayacağını bilə-bilə əcnəbilərin əlində çirkin oyunlar üçün alətə çevrilmələrinin səbəbi maddi maraqların qurbanı olmalarından qaynaqlanır". Bunu Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.
Onun sözlərinə görə, bu gün xarici qüvvələrin əlində alətə çevrilənlər müxtəlif radikal partiyalardan arayış alıb əcnəbi ölkələrə "siyasi mühacir" kimi gedənlərdir: "Xaricə getməklə bu adamlar Azərbaycanı sevməyən qüvvələrin əlində alətə çevrilirlər. Bu şəxslər Azərbaycanda öz bacarıqsızlıqları, təkəbbürlüyü və bir işin öhdəsindən gələ bilməmələri ucbatından özlərini tapa bilməyən insanlardır. Elə düşünürlər ki, Avropada hər şey əladır və ora mühacir etməklə yağ-bal içində yaşayacaqlar. Amma belə deyil. Bu şəxslər xarici ölkələrə üz tutan kimi əcnəbi dövlətlərdəki himayədarları, bu statusu verənlər öz məqsədləri üçün onlardan istifadə edirlər. Onlar isə bunu başa düşmür və nəticədə xarici dairələrin əlində alətə çevrilirlər. Gec başa düşsələr də indi oyundan çıxa bilmirlər.
Onlar özlərinə, milli dəyərlərimizə hörmət etsəydilər, üzr istəyərək, geri dönüb Vətənlərində sağlam işlərlə məşğul olardılar. Amma əllərindən bir iş gəlmir, ona görə də çox asanlıqla xarici dairələrin qurduğu tora düşürlər. Belələrinin son aqibəti də əlbəttə ki, yaxşı olmur. Xarici dairələr onlardan öz çirkin məqsədləri üçün istifadə etdikdən sonra, lazımsız material kimi qurban verirlər. Dəfələrlə belə hadisələrin şahidi olmuşuq. Bunu bilə-bilə yenə də xaricilərin əlində alətə çevrilmək və çirkin oyunların əsas iştirakçıları olmaqda davam edənlər bu prosesdə ancaq bir məqsəd güdürlər, o da maddi maraqdan ibarətdir. Öz şəxsi, maddi maraqları naminə bu adamlar vətənlərini, millətini aşağılamağa, satmağa hazırdırlar. Avropaya getməkdə məqsədləri də məhz asan qazanc əldə etməkdən ibarətdir. Normal işlə məşğul olub halal qazanc qazana bilmədiklərindən bu kimi çirkin əməllərə gedirlər ki, bəzi dairələr də bu fonda onlardan öz məqsədləri üçün yararlanır. Lazım olmayan anda isə onları yenə də kənara atırlar".
SİA