Ermənistanın beynəlxalq aləmdə ifşa olunmasına nail olunacaq

Yeni icma rəhbərinin intellektual potensialı bu işdə öz töhvəsini verəcək

Yeni icma rəhbərinin intellektual potensialı bu işdə öz töhvəsini verəcək

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin II qurultayında qurumun yeni İdarə Heyəti təsdiqlənib. Həmçinin qurultayın qərarına əsasən, Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev icmanın sədri, Asif Cahangirov və Elçin Əhmədov isə sədr müavinləri vəzifəsinə seçiliblər. Qeyd edək ki, indiyədək birliyin sədri vəzifəsini Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tuturdu. Marqlıdır, Birliyin yeni sədri kimdir və o, icma rəhbəri kimi ictimai əsaslarla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hansı tövfələr verə bilər? Məlumat üçün qeyd edək ki, Tural Babaşah oğlu Gəncəliyev, 6 mart 1980-ci ildə Şuşa şəhərində anadan olub. Uşaqlıq illərini Şuşanın ən qədim və məhşur məhəllələrindən biri sayılan "Çölqala Məhəlləsi"ndə yerləşən Xan qızı Xurşudbanu Natəvan, Azərbaycanın dahi bəstəkarı Uzeyir Hacıbəyov və tanınmış muğam ustası Xan Şuşinskinin ev muzeyləri ilə qonşuluqda keçirib. Bu isə onun sonradan musiqi təhsili almağına həvəs yaradıb. Daha sonra Şuşa şəhəri Vaqif Cəfərov küçəsi 28 ünvanında yaşayıb. Şuşa şəhər 4 saylı orta məktəbdə ibtidai təhsil alıb, 1987-ci ildə Şuşa şəhəri Niyazi adına musiqi məktəbində tar sinfinə daxil olub. Eyni zamanda, atası Gəncəliyev Babaşah Şuşa şəhər Uşaq Şahmat məktəbinin direktoru işlədiyi müddətində şahmat dərsləri sinfinə gedərək, şahmat təlimi alıb. Dağlıq Qarabağda keçirilən musiqi müsabiqələri və şahmat yarışlarında uşaq vaxtlarımdan iştirak edib.Şuşanın işğalı səbəbindən 1992-ci ilin may ayından etibarən Bakı şəhərinə köşüb və məcburi köçkün olaraq orta məktəb və musiqi təhsilini Bakıda davam etdirib.

Qeyd edək ki, sözügedən birlikdə Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə yanaşı, Azərbaycanın tanınmış ziyalıları, görkəmli elm və mədəniyyət xadimləri təmsil olunur. Bu fakt imkan yaradır ki, İctimai Birlik görülmüş işləri ətraflı təhlil etsin, icma qarşısında duran əsas vəzifələr müəyyən etsin. Məhz T.Gəncəliyevin intelektual potensialı imkan verir ki, bu istiqamətdə koordinator rolunu oynasın. Nəzərə almaq lazımdır ki, o, 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2002-ci ildə isə eyni fakültənin magistraturasını fərqlənmə diplomu ilə bitirib. 2004-cü ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsinin referenti vəzifəsinə, 2006-cı ilin 16 yanvar tarixində həmin idarənin attaşesi, 2008-ci ilin 1 may tarixində üçüncü katibi vəzifəsinə təyin edilib. 2008-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Kanadadakı Səfirliyinə ezam edilib. Təkcə bu faktlar deməyə əsas verir ki, T.Gəncəliyev beynəlxalq hüquq sahəsində kifayət qədər bilik və təcrübəyə malikdir. Elə bu keyfiyyət də ona münaqişənin beynəlxalq hüquq çərçivəsində həllində yardımçı olmağa imkan verir.

T.Gəncəliyev 2017-ci ilin 16 noyabr tarixində ATƏT-in İnsan ölçüsü çərçivəsində "İnsan hüquqları və məcburi köçkünlər haqqında" Vyana şəhərində keçirilən konfransda Dağlıq Qarabağın Azərbaycanlı İcmasının təmsilçisi qismində çıxış etmək üçün Avstriyaya ezam edilib. Bu isə o deməkdir ki, o, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ azərbaycanlılarının düşdüyü acınacaqlı vəziyyət, eləcə də ermənilərin azərbaycanlılara qarşı tarix boyu törətdikləri soyqırım cinayətlərinin mahiyyəti və xranologiyası barədə kifayət qədər bilgiyə malikdir. Bu üstünlük şərait yaradır ki, o, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbələri barədə dünya ictimaiyyətinə dolğun məlumat çatdırsın. Həmçinin onun səfirlik, diplomatik təcrübəsi beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına, eləcə də dünya ictimaiyyətinə Azərbaycan haqqında həqiqətləri çatdırmasına imkan yaradır.

Qətiyyətli diplomat kimi tanınan T.Gəncəliyevin təcrübəsi onun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həll edilməsi üçün ardıcıl səylərin göstərilməsinə, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsindən məcburi köçkün düşmüş azərbaycanlı əhalisinin münaqişənin ədalətli həlli üçün daha qətiyyətli və prinsipial mövqe tutacaqlarını beynəlxalq təşkilatların diqqətinə çatdıracağına əminlik yaradır. Xatırladaq ki, Ermənilərin daim öz müqəddaratını təyin etmə prinsipini ön plana çəkməsinə baxmayaraq, beynəlxalq hüquqda bu prinsipin heç bir vəhclə müəyyən dövlətin ərazisinin bir hissəsinin həmin dövlətin razılığı olmadan ondan ayrılmasına əsas və icazə vermir. Heç şübhəsiz ki, Dağlıq Qarabağın azərbaycanlı icması regionda və dünyada baş verən hadisələrə müntəzəm olaraq öz münasibətini bildirməklə yanaşı, sözügedən məqəsləni də diqqətdə saxlayacaq.

Birmənalı şəkildə qeyd etmək olar ki, T.Gəncəliyev ictimai əsaslarla fəaliyyət göstərərək icmanın fəaliyyətinə öz töhfəsini verəcək. Onun icma rəhbəri kimi fəaliyyəti qurumun qarşıya qoyduğu məqsədlərə çatmaq üçün təcavüzkarın ifşası istiqamətində, eləcə də münaqişənin nizama salınması prosesində Azərbaycanın milli və dövlətçilik maraqlarından çıxış edərək daha səmərəli fəaliyyət göstərəcəyi şübhə doğurmur. Qeyd edək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Dağlıq Qarabağın 65 mindən çox olan azərbaycanlı əhalisinin fəallığının artırılması vacib şərtlərdəndir. Bu baxımdan Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının etimadını qazanan şəxsin mövcudluğu icmanın fəaliyyətinin əlaqələndirilməsi və bu sahədə həyata keçirilən işlərin səmərəsinin daha da artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Çünku bu fəaliyyət şərait yaradır ki, Azərbaycanın tanınmış ziyalıları, görkəmli elm və mədəniyyət xadimlərindən ibarət olan idarə heyəti öz fəaliyyət istiqamətlərini müəyyənləşdirməklə yanaşı, istər ölkə daxilində, istərsə də respublikadan kənarda beynəlxalq qurumlarla əlaqələrini genişləndsin. Movcud durum deməyə əsas verir ki,  İctimai Birliyin fəaliyyətini daha da canlandırılması üçün təşkilatlanma işləri sürətləndiriləcək, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması tədbirlərinin coğrafiyası genişləndiriləcək və işğalçı dövlət olan Ermənistanın beynəlxalq aləmdə ifşa olunmasına nail olunacaq.

Nurlan  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31