"Torpaqlarımızın işğalında birbaşa bu klanın əli olub"
21 Dekabr 2018 15:05 Siyasət"Bu il də Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə olunmadı. Danışıqlar yerində sayır". Bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana təsir etmədilər: "Bu il sadəcə yenilik ondan ibarət oldu ki, 20 ildir Ermənistanda hakimiyyətdə olan "Qarabağ klanı" hakimiyyətdən uzaqlaşdırıldı və son parlament seçkilərinin nəticələrinə görə, hətta müxalifətdə də yer ala bilmədi. Bunu haradasa müsbət hadisə adlandırmaq olar. Torpaqlarımızın işğalında birbaşa bu klanın əli olub. İndi Ermənistanda hakimiyyətə yeni bir şəxs gəlib. O da yeni açıqlama verməyib. Amma fərq ondadır ki, bu siyasətçi Ermənistan doğumludur, torpaqların işğalında bilavasitə iştirak etməyib. 5 ay əvvəl hakimiyyətə gələn Nikol Paşinyan 5 ayı boşuna verdi, çünki Paşinyan bu müddət ərzində Qarabağ münaqişəsi ilə bağlı heç bir addım atmadı. Beləcə ili yekunlaşdırdıq".
SİA