Azərbaycanın İtaliyadakı səfiri: “2018-ci il ölkələrimiz arasında münasibətlərdə yüksək səviyyəli səfərlərlə yadda qalıb”
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın aparıcı kütləvi informasiya vasitələrindən olan “Askanews” xəbər agentliyinə videomüsahibə verib. Müsahibəsində 2018-ci ilin yekunlarından bəhs edən səfir cari il ərzində Azərbaycan-İtaliya münasibətlərində əldə olunmuş nəticələrlə yanaşı, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və TAP layihəsinə dair sulları cavablandırıb.
21 Dekabr 2018 14:42 SiyasətAzərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın aparıcı kütləvi informasiya vasitələrindən olan "Askanews" xəbər agentliyinə videomüsahibə verib. Müsahibəsində 2018-ci ilin yekunlarından bəhs edən səfir cari il ərzində Azərbaycan-İtaliya münasibətlərində əldə olunmuş nəticələrlə yanaşı, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və TAP layihəsinə dair sulları cavablandırıb.
Cari il ərzində iki ölkə arasında münasibətlərdə əldə olunmuş nəticələrdən məmnunluğunu bildirən diplomat yekunlaşmaqda olan ilin qarşılıqlı yüksək səviyyəli səfərlərlə yadda qaldığını, bu xüsusda İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın, İtaliya Senatının Sədri Maria Elisabetta Kasellatinin Azərbaycana, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya rəsmi səfərlərini qeyd edib. Azərbaycan-İtaliya münasibətləri tarixində ilk dəfə baş verən bu səfərlərin iki ölkə arasında yüksək səviyyəli siyasi və institusional dialoqun davam etdirilməsi üçün əhəmiyyətini bildirib.
İqtisadi əlaqələrdə də yüksək nəticələrin əldə edildiyini vurğulayan səfir cari il ərzində İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı, Azərbaycanın isə İtaliyanın ən böyük xam neft təchizatçısı olduğunu söyləyib. İqtisadi əməkdaşlığın şaxələndirilməsi üçün önəmli addımların atıldığı, bu xüsusda İtaliya prezidentinin Azərbaycana səfəri çərçivəsində böyük iqtisadi forumun keçirildiyini bildirib.
Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu vurğulayan diplomat status-kvonun dəyişməsinin vacibliyini, bunun üçün isə Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmalı olduğunu bildirib, münaqişənin həllinin yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə mümkünlüyünü deyib.
Müsahibə, eləcə də İtaliyanın "İl Sole 24 Ore", "İl Foglio", "İl Tempo", "Quotidiano", "Libero Quotidiano", "Affari İtaliani", "Notizie Tiscali", "Notizie Yahoo", "Prealpina", "Corriere di Siena", "Corriere di Arrezzo", "Corriere di Viterbo", "Corriere dell'Umbria", "Corriere di Rieti", "Lettera43" və sair kimi kütləvi informasiya vaistələri tərəfindən də dərc olunub.