“Putin ermənilərə sübut etmək istəyir ki...” – Politoloq
21 Dekabr 2018 14:16 SiyasətRusiya Prezidenti Vladimir Putin dekabrın 20-də keçirdiyi illik mətbuat konfransında Ermənistanın "Azq" qəzetinin müxbirinin sualına cavabında Ermənistanın və ermənilərin ünvanına ilk baxışdan xoş görünə biləcək sözlər deyib.
Bununla belə V.Putinin N.Paşinyanı seçkidə qalib gəlməsi münasibətilə təbrik etməməsi də diqqətdən qaçmır. Bəs bu ikitirəlik, ziddiyyət nədən qaynaqlanır?
Politoloq Fikrət Sadıqov deyib ki, V.Putin əlbəttə, Nikol Paşinyanı Ermənistanda keçirilən növbədənkənar parlament seçkisində qalib gəlməsi münasibətilə təbrik edə bilərdi:
"Çünki parlament seçkisi olub və bu zaman Paşinyanın siyasi bloku qələbə çalıb. Faktiki olaraq hökumətin formalaşması üçün əsaslar əldə edib. Amma digər tərəfdən Paşinyan baş nazir və prezident seçilmədi ki, Putin onu təbrik etsin. Yəni, bu da bir məqamdır və diqqətimizdən yayınmamalıdır".
F.Sadıqov qeyd edib ki, digər tərəfdən V.Putinin mətbuat konfransında Ermənistanla, ermənilərlə və Nikol Paşinyanla bağlı işlətdiyi ifadələrdə müəyyən diplomatik jest hiss olunur:
"Yəni kulisdə, pərdəarxasında müəyyən narazılıq ola bilər və təbii ki, var. Çünki bir sıra rəsmilər, o cümlədən Rusiya Dövlət Dumasının deputatları, xarici işlər nazirinin müavini və nazirin özü bu narazılığı dilə gətiriblər. Bu, reallıqdır. Heç kimə sirr deyil.
Ancaq Putin çalışır ki, bu narazılığı ört-basdır etsin və diplomatik ifadələrlə bunu bir balaca hamarlasın. İkincisi, Putinin bu açıqlaması Ermənistanın yeni hökumətinə çox güman ki, müsbət bir jestdir. Yəni, ona işarə göndərilir ki, bax fikir verin, mən sizi dəstəkləyirəm. Mən Ermənistanı həmişə müttəfiq hesab etmişəm və indi də hesab edirəm. Siz bunu eşidin, bilin və mən bunu yenidən təkrar edirəm. Yəni, bunu diplomatik göndəriş kimi də qəbul etmək olar. Üçüncüsü isə Putin ermənilərə sadəcə yenidən sübut etmək istəyir ki, siz istəsəniz də heç yerə gedən deyilsiniz və biz sizi heç yerə buraxan deyilik. Siz ömür boyu bizim boyunduruğumuz altında, bizim əhatə dairəmizdə olmusunuz, bundan sonra da olacaqsınız. Siz öz yerinizi bilin və bundan konkret nəticə çıxarın".