Çin lideri Azərbaycan Prezidentini doğum günü münasibətilə təbrik edib
20 Dekabr 2018 17:28 SiyasətÇin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrik mətnində deyilir:
"Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Son illər ərzində Çin-Azərbaycan münasibətləri dinamik inkişaf tendensiyasını qoruyub saxlayır. İki ölkə arasında əlaqələr bütün sahələrdə inkişaf edir, "Bir kəmər - bir yol"un birgə inşası çərçivəsində əməkdaşlıq müvəffəqiyyətlə davam edir.
Mən Çin-Azərbaycan münasibətlərinə böyük diqqət yetirirəm. Ölkələrimiz və xalqlarımız naminə Çin-Azərbaycan dostluq, əməkdaşlıq münasibətlərində yeni-yeni uğurlar əldə edilməsi üçün Sizinlə birgə səylərimi davam etdirməyə hazıram.
Sizə möhkəm cansağlığı arzulayıram".