“Türkiyəyə bu münasibət rəsmi Yerevanın Dağlıq Qarabağ məsələsində təhtəlşüur göstəricisidir”

Paşinyan hökuməti Serj Sərkisyan komandası kimi   Yerevanın Türkiyə ilə əlaqələrin qurulması, sərhədlərin açılması üçün hazır olduğunu bəyan edir və bu zaman ilkin şərtin olmamasını tələb edir. Ermənilərin Türkiyəyə münasibətinin xəstə və məntiqsiz olması indi əksər dünya ölkələri tərəfindən qəbul edilir. Amma bu ayrıca bir mövzudur.

Bu fikirləri politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, Ermənistanda ilkin şərt sürmək dəbdir. Hətta onun Türkiyəyə qarşı belə mövqeyi ilkin şərt deməkdir.

M. Əhmədoğlu deyib ki, Dağlıq Qarabağ məsələsinə baxanda S.Sərkisyan hökumətinin 4-5 il atəşkəs rejiminə riayət olunması, qoşunların təmas xəttində monitorinq mexanizmlərinin yaradılmasını ilkin şərt kimi irəli sürmüşdülər: "Paşinyan hakimiyyəti Dağlıq Qarabağ tənzimlənməsində bir neçə ilkin şərt irəli sürür: Dağlıq Qarabağ ermənilərinin danışıqlara qatılması, atəşkəs rejiminə riayət, konstruktiv dialoq və s. Erməni rəsmiləri və  siyasətçiləri Türkiyə ilə münasibətləri normallaşmasına maneçilik edən ilkin şərt dedikdə Dağlıq Qarabağ məsələsinin həllini nəzərdə tuturlar".

Politoloq əlavə edib ki, ATƏT-in Minsk Qrupu həmsədrləri ilə beynəlxalq ictimaiyyətin digər təmsilçiləri ilə Paşinyan və Ermənistanın Xarici İşlər naziri Z.Mnasakanyan görüşərkən Dağlıq Qarabağ məsələsini ATƏT-in himayəsi altında yalnız dinc yolla tənzimlənməyə hazır olduqlarını canfəşanlıqla bildirirlər: "Bəllidir ki, Ermənistan Xarici İşlər naziri qarşısındakı tərəfdaşının Dağlıq Qarabağ tənzimlənməsini detallı şəkildə bilməməsindən su-istifadə edir. Amma hər yerdə Dağlıq Qarabağ münaqişəsini tənzimləməyə hazır olduğunu bəyan edən Ermənistan rəhbərliyinin qarşısına Türkiyə ilə münasibətlər çıxan kimi deyirlər ki, Türkiyə Dağlıq Qarabağ məsələsinin həllini ilkin şərt kimi irəli sürür. Ona görə də Türkiyə ilə münasibətlər normallaşmayacaq. Bu isə o deməkdir ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağ məsələsini həll etmək niyyətində deyil. Ona görə Türkiyəyə belə münasibət rəsmi Yerevanın Dağlıq Qarabağ tənzimlənməsində tutduğu mövqenin təhtəlşüur göstəricisi hesab oluna bilər".

Azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31