İlham Əliyevdən Ermənistana sərt mesaj

“Qüdrətli ordumuz istənilən vəzifəni icra etməyə hazırdır”

"Qüdrətli ordumuz istənilən vəzifəni icra etməyə hazırdır"

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun şəxsi heyətinin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət və qayğı ilə yanaşır, bu istiqamətdə çox mühüm və davamlı addımlar atır. Xatırladaq ki, Azərbaycan müharibə şəraitində yaşayır, torpaqlarımızın 20 faizindən artığı işğal altındadır və buna görə də Ordunun qayğıları ən həyati məsələlərdən biridir. Bunu nəzərə alaraq Ali Baş Komandan İlham Əliyev Ordunun müasir silahlarla təchizatı, hərbi qulluqçuların sosial problemlərinin həllini diqqətdə saxlayır. Hərbi qulluqçuların gündəlik yaşayış problemləri uğurla həll edilir. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyevin  imzaladığı ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam bu kateqoriyaya aid insanların rifahının daha da yüksəlməsi baxımından mühüm addımdır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Ordusu dünya miqyasında ən güclü ordulardan biri və regionda ən güclü orduya çevrilib. Dövlət Ordu üçün zəruri olan hər şeyi edir. Xüsusən, Ordunun maddi-texniki bazası möhkəmləndirilir, hərbi bazalar, şəhərcikər, hərbi hissələr rekonstruksiya edilir və əsaslı təmir olunur. Onu da qeyd edək ki, milli təhlükəsizliyin təmin edilməsində vacib amillərdən biri güclü və müasir silah, hərbi texnika ilə təchiz edilmiş ordunun mövcudluğudur. Mürəkkəb siyasi situasiyanın mövcud olduğu bir coğrafiyada yerləşən, ərazisinin 20 faizi düşmən tərəfindən işğal olunmuş Azərbaycan üçün ordunun döyüş hazırlığının yüksək səviyyədə olması və müasir silah növləri, hərbi texnika ilə təmin edilməsi olduqca zəruridir. Bu baxımdan milli müdafiə sənayesi kompleksinin yaradılması, silah və texnikanın milli istehsal olması milli məhlükəsizliyin təmin edilməsinə zəmanət verir və xaricdən silah alışına görə müəyyən asılılığı aradan qaldırır. Dövlətin ordu quruculuğu sahəsində apardığı ardıcıl və məqsədyönlü siyasət Azərbaycan Silahlı Qüvvələrini qısa zaman kəsiyində Cənubi Qafqazın yüksək döyüş hazırlığına malik, ən mobil və intizamlı silahlı qurumuna çevirib. Dövlət büdcəsinin ordu quruculuğu ilə bağlı kifayət qədər ciddi statistikası müvafiq sahəyə ayrılan xərclərin ildən-ilə artırılması ilə müşayiət olunur. Şəxsi heyətin yüksək keyfiyyətli qidalanmasının təmin olunması məqsədi ilə bir sıra hərbi hissələrdə müasir tələblərə cavab verən əsgər yeməkxanaları tikilib. Yeməkxanalarda yüksək keyfiyyətli qida hazırlanması üçün müasir avadanlıqlar quraşdırılıb.

Ordu quruculuğu prosesində hərbçilərin sosial müdafiəsi, onların mənzil-məişət problemlərinin həlli, xidmət şəraitinin yaxşılaşdırılması xüsusi yer tutur. Elə bu səbəbdən də qüsursuz xidmət göstərən hərbi qulluqçuların ailələrinə dövlət tərəfindən mənzillər verilir. Sabunçu rayonunda hərbçilərə yeni mənzillər verilməsi mərasimi dediklərimizin bariz nümunəsidir. Bu günə qədər 1279 hərbçi ailəsinə dövlət tərəfindən mənzillər verilib. Son illərdə bir çox hərbi şəhərciklərimizdə əsaslı təmir-bərpa işləri aparılıb. Hərbçilərin, əsgər və zabitlərimizin xidmət şəraiti də böyük dərəcədə yaxşılaşıb. Bu gün hərbi şəhərciklərimizin, hərbi hissələrimizin, hərbi bazalarımızın təxminən 75-80 faizi standartlara tam cavab verir. Növbəti illərdə hələ də təmirə ehtiyacı olan hərbi hissələrin təmiri nəzərdə tutulur. Bu il 626 şəhid ailəsinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən mənzillər verilib və gələn il ən azı 800 mənzil veriləcəkdir. Qarabağ müharibəsi əlillərinə   dövlət tərəfindən minik avtomobilləri ilə təmin olunurlar. Bu il 5800 köçkün ailəsi yeni evlərlə, mənzillərlə təmin edilib. Təsadüfi deyil ki, prezident seçkilərindən dərhal dövlət başçısının imzaladığı birinci Fərman şəhidlərin vərəsələrinin maddi vəziyyətinin yaxşılaşdırılması haqqında olub. Sözügedən Fərmanla 10 minə yaxın şəhid ailəsinə dövlət tərəfindən  11 min manat vəsaitin verilməsi nəzərdə tutulub.

Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbçilər və onların ailə üzvləri ilə görüşündə deyib ki, ordu quruculuğu prosesində əlbəttə ki, hərbçilərin sosial müdafiəsi, onların mənzil-məişət problemlərinin həlli, xidmət şəraitinin yaxşılaşdırılması xüsusi yer tutur.

Dövlət başçısı qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün başqa amillərlə yanaşı, ən birinci amil bizim hərbi gücümüzdür, qüdrətimizdir: "Biz gücümüzü artırırıq və artıracağıq. Onu da bildirməliyəm ki, bu il bir çox önəmli kontraktlar imzalanmışdır. Bu kontraktların icrası nəticəsində ölkəmizə ən müasir silahlar və texnika gətiriləcəkdir. Bu gün mövcud olan texnika və silahlar imkan verir ki, biz işğalçıların istənilən hərbi hədəfini yüksək dəqiqlik və böyük dağıdıcı qüvvə ilə darmadağın edə bilək". Əlbəttə, hər bir ölkənin, o cümlədən müharibə şəraitində yaşayan ölkələrin gücünü, ilk növbədə, onun hərbi qüdrəti müəyyən edir". Xatırladaq ki, yaxın zamanlarda hərbi qulluqçular üçün yeni yaşayış binasının istifadəyə veriləcəyi gözlənilir. Hərbçilər üçün yaşayış binalarının istifadəyə verilməsi artıq ölkəmizdə xoş ənənəyə çevrilib. Heç şübhəsiz ki, dövlət başçısı tərəfindən hərbçilərə göstrilən qayğı Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş qabiliyyəti və mənəvi-psixoloji vəziyyətinə pozitiv təsir etməyə bilməz. Artlq birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycanda ordu quruculuğu prosesi sürətlə gedir. Hazırda Azərbaycan dünyada güclü orduya malik olan ölkələrin sırasındadır. Qüdrətli ordumuz istənilən vəzifəni icra etməyə hazırdır. Həm Aprel döyüşləri, həm də uğurlu Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, ordumuz peşəkardır, döyüş qabiliyyəti yüksək səviyyədədir. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan şəhid ailələri, eləcə də müharibə əlillərinə göstərdiyi qayğıya görə dünya ölkələrinə bir nümunədir. Dünyada çox az sayda ölkə tapılar ki, müharibə iştirakçılarına, sağlamlığını itirmiş hərbi qulluqçulara, şəhid ailələrinə bizim ölkəmizdəki kimi qayğı göstərilsin, onlara mənzil və minik avtomobilləri hədiyyə olunsun. Qeyd edək ki, Azərbaycanda son dövrlərdə Silahlı Qüvvələr sistemində aparılan islahatlar bütün dünyada maraqla qarşılanmaqla yanaşı, bədnam qonşumuz Ermənistanın narahatçılığına səbəb olub. Silahlı Qüvvələrdə həyata keçirilən kadr islahatları, hərbi qulluqçulara diqqət və qayğının artırılması, hərbi təlimlərin keçirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, ordu ilə ictimai əlaqələrin gücləndirilməsi və mülki şəxslərin müəyyən işlərə cəlb olunması nəticəsində hərbçilərin tamamilə öz peşələri ilə məşğul olmasına və ordumuzun güclənməsinə müsbət təsir edib.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31