"Bu il Azərbaycan-Rusiya münasibətlərinin inkişafı baxımından məhsuldar oldu"

"2018-ci ili birmənalı şəkildə Azərbaycan-Rusiya münasibətlərinin inkişafı baxımından məhsuldar adlandıra bilərik. Cari il müddətində həm Azərbaycan Prezidentinin Rusiya, həm də Rusiya rəsmilərinin ölkəmizə səfərləri bunu izə deməyə əsas verir". Bu fikirləri  politoloq Fikrət Sadıqov deyib.

Rusiya XİN başçısı Sergey Lavrovun dekabrın 14-də Azərbaycana səfərini xatırladan politoloq səfəri cari il müddətində iki ölkə arasında baş tutan görüşlərin yekunu kimi qiymətləndirib: "Azərbaycan Prezidenti Lavrovu qəbul edərkən bir sıra məqamlara xüsusi diqqət çəkərək vurğuladı ki, Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir və biz bu münasibətlərdən istifadə edərək bir sıra məsələləri həll etməliyik. Dövlət başçısı qeyd etdi ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri, qonşumuz kimi Dağlıq Qarabağ münaqişəsinin həllində aparıcı rol oynayır və ölkəmiz Rusiyanın öz gücündən, nüfuzundan istifadə edərək bu məsələdə daha ciddi addımlar atması istəyir".

F. Sadıqov söyləyib ki, Azərbaycan Prezidenti ilə Rusiya XİN başçısı arasında keçirilən görüşdə digər mühüm məsələlər də müzakirə olundu ki, bura iqtisadi, humanitar və digərləri daxildir: " Bildiyiniz kimi Lavrov Azərbaycana Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən toplantısına qatılmaq üçün gəlmişdi. Prezident İlham Əliyevlə görüş zamanı Azərbaycan və Rusiya əməkdaşlığının bu təşkilat çərçivəsində yüksək səviyyədə davam etdirilməsi məsələsi də geniş müzakirə olunan məsələlərdən biri oldu. Ümumilikdə Lavrovun Azərbaycana səfərini mühüm əhəmiyyət kəsb etdiyini deyə bilərik".

Azərbaycanın Cənubi Qafqaz ölkələrində aparıcı rola malik olduğunu deyən politoloq qeyd edib ki, ölkəmizin regionda bir sıra layihələrin təşəbbüskarı və onların həyata keçirilməsində iqtisadi baxımından güclü dövlət olması Rusiyanın maraqlarına cavab verir.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31