Birləşmiş Ştatlar seçim qarşısında
YPG, yoxsa Türkiyə?
14 Dekabr 2018 14:24 SiyasətYPG, yoxsa Türkiyə?
Suriya böhranı aradan qalxmayınca Yaxın Şərqdə ayrı-ayrı dövlətlərin möhkəmlənməsi, öz maraqlarınə təmin etməsi uğrunda mübarizə də səngimək bilmir. Əgər Rusiya və Birləşmiş Ştatlar Suriyaya nəzarət, bu ölkədə möhkəmlənmək uğrunda mübarizə aparırsa, digər ölkələr, xüsusilə də qardaş Türkiyə Suriyada barışın və sülhün əldə olunması, burada sabitliyin təmin edilməsi, eləcə də bu sabitliyə ciddi təhlükə mənbəyi hesab olunan terror təşkilatları və qeyri-qanuni silahlı birləşmələrin zərərsizləşdirilməsinə çalışır. Ancaq burada maraqlı məqam ondan ibarətdir ki. Suriyadakı həmin qeyri-qanuni silahlı birləşmələr və terror təşkilatları bir çox hallarda elə Birləşmiş Ştatlar və Rusiyanın maraqlarına xidmət etdiyindən heç də Ankaranın qeyd etdiyimiz fəaliyyəti Vaşinqton və Moskvanı qane etmir. Necə ki, bir müddət əvvəl Türkiyənin Suriyada başladığı "Zeytun budağı", "Fərat qalxanı" əməliyyatları məhz adlarını qeyd etdiyimiz iki güc mərkəzinin maraqlarına xidmət etmirdi. Bu səbəbdən də davamlı olaraq Türkiyəyə təzyiqlər edilir və onun Suriyadakı rolunu azaltmağa çalışırdılar. Ancaq buna rəğmən Türkiyə də öz tutduğu haqq yolundan və haqlı davasından geri çəkilməkdə maraqlı görünmür. Çünki Ankaranın əsas mübarizəsi məhz terrorizmə qarşı yönəlib. Xəbərlərdən də aydın olduğu kimi rəsmi Ankara Suriyada terrorizmə qarşı mübarizənin növbəti mərhələsinə başlamaq niyyətindədir. Heç şübhəsiz ki, Türkiyənin bu dəfəki addımı da Suriyada öz mövqelərini möhkəmləndirməyə çalışan dövlətlər, xüsusilə Birləşmiş Ştatlar tərəfindən ciddi etirazla qarşılanacaq. Və nəticə etibarilə keşiş problemindən sonra bir qədər normallaşmağa doğru gedən Ankara-Vaşinqton çünasibətlərində yenidən gərginlik yaşanacaq. Təsadüfi deyil ki, elə əksər ekspertlər də bu qənaətdədirlər.
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Türkiyə Şimali Suriyada Birləşmiş Ştatların hərbi-siyasi və lojistik dəstək verdiyi YPG terror təşkilatına qarşı "Cənub Hərakatı" kod adlı hərbi əməliyyat keçirmək ərəfəsindədir. Onun sözlərinə görə, hazırda Vaşinqtonun fəal yardımı nəticəsində YPG Fəratın Şərq sahilində və Menbic istiqamətində güclənərək, Türkiyənin ərazi bütövlüyünü və milli təhlükəsizliyini təhdid etməkdədir: "Qeyd edim ki, Türkiyənin israrlı tələblərinə baxmayaraq, Birləşmiş Ştatlar müttəfiq əlaqələrinə rəğmən, YPG terror təşkilatını dəstəkləyir. Vaşinqtonun terror təşkilatını dəstəkləməkdə məqsədi Suriyada yeni kürd muxtariyyəti qurmaq və Suriyanın bölünməsini həyata keçirməkdir. Həmçinin İraq ssenarisini burada tətbiq etməkdir. Bu da həm Suriyanın, həm də Türkiyənin regional maraqlarına qarşı qəsddir".
Politoloq deyib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarlı şəkildə Fəratın şərqində hərbi əməliyyatlar həyata keçirməsi, Vaşinqtonda narahatlıq yaradır: "Çünki, YPG terror təşkilatına Pentaqon 5 min Tır silah-sursat və zirehli texnika verib. Bundan əlavə, YPG təlimlər keçərək milyonlarla vəsait xərcləyib. Burada əsas məqsəd Suriyanın neftlə zəngin bölgəsində yeni kürd muxtariyyəti quraraq, gələcək perspektivdə müstəqilliyinə nail olmaqdır. Qeyd edim ki, Ankara Birləşmiş Ştatların Suriyada kürdlər üzərindən həyata keçirdiyi siyasətinin qarşısını almaqdadır. Anakara "Azad Suriya" ordusu ilə birgə həyata keçirəcəyi hərbi əməliyyata Amerika kəskin etiraz etsə də, Türkiyə ilə hərbi qarşıdurmaya gedə bilməz. Çünki, bu hərbi əməliyyatlara rəvac verən Vaşinqtonun özüdür. Birləşmiş Ştatlar Menbicdə Türkiyəyə verdiyi sözü tutmur. Terror təşkilatını dəstəkləməklə, Ankaranın həyatı maraqlarını görməməzlikdən gəlir".
Məhəmməd Əsədullazadə deyib ki, Türkiyənin uğurla həyata keçirdiyi "Fərat qalxanı", "Zeytun Budağı" əməliyyatları Türkiyənin mövqeyini gücləndirdi: "YPG terror təşkilatına qarşı Fəratın şərqində başlanacaq "Cənub hərəkatı" hərbi əməliyyatları kifayət qədər Türkiyənin Suriyada mövqeyini gücləndirəcək. Türkiyə YPG terror təşkilatına zərbə vurmaqla, Vaşinqtonun planını alt-üst edəcək. Hazırda Vaşinqtonla Ankara arasında diplomatik danışıqlar gedir. Anakaranın tələbi YPG-ya verilən dəstəyi dayandırmaq və bu terror təşkilatını cənub sərhədlərindən uzaqlaşdırılmasıdır. Vaşinqton iki seçim qarşısında qalıb. Müttəfiqi Türkiyəni dəstəkləmək, yaxud terror təşkilatının yanında durmaq. Türkiyə hərbi əməliyyatlara başlasa, Vaşinqton mövqeyini ortaya qoyacaq".
Süleyman