Moskva-Bakı münasibətlərinin inkişafı Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə yeni impuls verəcək

Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət kursu və bu kursda balanslaşdırılmış siyasətə üstünlük verməsi rəsmi Bakı ilə əməkdaşlıq edən bütün dövlətlər tərəfindən normal qarşılanır, qəbul edilir. Baxmayaraq ki, Qərblə Rusiya arasında hələ də gərginlik davam edir və tərəflər bir-birinin müxtəlif regionlarda olan maraqlarına zərbə vurmaq üçün əlindən gələni əsirgəmir, buna baxmayaraq Azərbaycanın hər iki qütblə əməkdaşlığına normal yanaşılır, heç bir etiraz ifadə edilmir. Rəsmi Bakının Qərb, Avropa İttifaqı ilə ildən-ilə genişlənən əlaqələrinə Moskvadan əks reaksiya bildirilmədiyi kimi, eyni zamanda Rusiya-Azərbaycan münasibətlərinin də gündən-günə inkişaf etməsi Qərbdə, hətta okeanın o tayında heç bir əks reaksiya yaratmır. Çünki bu Azərbaycanın yürütdüyü müstəqil xarici siyasət kursudur və rəsmi Bakının istər regionda, istərsə də ətraf coğrafiyamızda tərəfdaş ölkələrlə qurduğu münasibətlər kiməsə qarşı yönəlməyib. Eləcə də Rusiya ilə Azərbaycan arasında inkişaf edən əlaqələrin fonunda bunu aydın görmək mümkündür.

Qeyd etdiyimiz kimi Rusiya ilə Azərbaycan arasında günümüzdə yüksək səviyyədə əməkdaşlıq mühiti mövcuddur. Gün-gündən inkişaf edən qarşılıqlı faydalı əməkdaşlığı şərtləndirən amillərdən biri hər iki ölkənin zəngin tarixi köklərə, siyasi, iqtisadi. mədəni və humanitar əlaqələrə bağlılığıdırsa, digər tərəfdən Azərbaycan və Rusiya liderləri arasında mövcud olan dostluq münasibətləridir. Artıq iki ölkə liderlərinin il ərzində bir neçə dəfə görüşməsi adi hala çevrilib ki, hər görüş də öz növbəsində Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsinə öz müsbət təsirini göstərir. Ən son Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə bu ölkəyə rəsmi səfər etməsi və səfər zamanı müxtəlif məsələlərin müzakirə olunması, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanması fonunda bunu aydın görmək mümkündür.

Azərbaycanla Rusiya beynəlxalq təşkilatlar çərçivəsində də eyni mövqedən çıxış edirlər ki, bu da Moskva ilə Bakının strateji tərəfdaşlığından xəbər verir. Azərbaycan tərəfi bir çox beynəlxalq təşkilatlarda müzakirə edilən bəzi prinsipial məsələlərdə Rusiyanın, Rusiya tərəfi isə qarşılıqlı faydalı əməkdaşlığa söykənərək Azərbaycanın mövqeyindən çıxış edir ki, bu məqam da iki ölkə arasında münasibətlərin normal məcrada inkişaf etdiyindən xəbər verir. Bundan başqa Azərbaycanla Rusiyanın gerçəkləşdirdiyi birgə təşəbbüslər, layihələr də iki ölkəni kifayət qədər yaxınlaşdırır. Bu mənada Bakı Humanitar Forumunu xüsusi qeyd etmək lazımdır. Bir neçə ildir ki, həyata keçirilən Bakı Humanitar Forumu artıq beynəlxalq bir platformaya çevrilib desək yanılmarıq. Hər il keçirilən forumun iştirakçılarının sayının və orada müzakirə edilən mövzuların rəngarəngliyinin artması fonunda bunu aydın görə bilərik. İlə bir müddət əvvəl Bakıda keçirilən növbəti Forum da bunu təsdiq etdi ki, artıq Bakı Humanitar Forumu qlobal əhəmiyyətli məsələlərin müzakirə edildiyi bir toplantı səciyyəsi daşıyır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də də bu günlərdə ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüşdə bu məqama xüsusi toxunub. Azərbaycanın dövlət başçısı qeyd edib ki, Bakı Humanitar Forumu mühüm beynəlxalq meydandır.

Moskva ilə Bakı arasında iqtisadi, xüsusilə enerji sahəsində də yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Hər nə qədər müəyyən maraqlı qüvvələr Azərbaycanın eyni mövzu üzrə Qərb, Avropa ilə də əməkdaşlığını xüsusi qabardıb bunu Rusiyanın maraqlarına zərbə kimi qiymətləndirməyə çalışsalar da, lakin Kremldə heç də belə düşünmürlər. Əksinə Rusiyanın özü də Azərbaycanla bu sahədə əməkdaşlığı inkişaf etdirməyə maraqlı görünür. Bu mənada Şimal-Cənub dəhlizi layihəsini xüsusi qeyd etmək yerinə düşər. Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də Sergey Lavrovla görüşdə bu məqama toxunaraq deyib ki, Şimal-Cənub dəhlizinin yaradılması ilə bağlı Azərbaycan və Rusiyanın birgə fəaliyyətinin nəticələri məmnunluq doğurur.

Nəhayət, Azərbaycanla Rusiya arasında inkişaf etməkdə olan münasibətlər müəyyən mənada Dağlıq Qarabağ probleminin həllinə də ümidlər yaradır.  Nəzərə alsaq ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir və münaqişənin həll edilməsi istiqamətində müəyyən çabalar göstərir, o zaman ümid etmək olar ki, Moskva-Bakı əməkdaşlığının daha da inkişaf etdirilməsi problemin həllini yaxınlaşdıra bilər. Çünki Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin qeyd etdiyi kimi   2018-ci il Azərbaycan-Rusiya münasibətlərinin inkişafı baxımından çox məhsuldar il olub. Bu baxəmdan ümid edirik ki, 2019-cu il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə yeni impuls verəcək.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31