Ermənistanın “xilaskar mələyi” Paşinyanı niyə təbrik etmədi?
Rusiya Yerevanı cəzalandırmaq fikrindən vaz keçməyib
14 Dekabr 2018 14:17 SiyasətRusiya Yerevanı cəzalandırmaq fikrindən vaz keçməyib
Paşinyan hakimiyyətinin qeyri-legitim olması dünya dövlətləri tərəfindən təsdiq olunmaqdadır. Belə ki, Ermənistanda keçirilən erkən parlament seçkilərində baş verən kütləvi qanun pozuntuları dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən sükutla qarşılanmayıb. Vəziyyət o həddə çatıb ki, seçkini müşahidə edən, Ermənistanı daim düşdüyü açınacaqlı vəziyyətdən xilas edən Rusiya belə təbrik məktubu ünvanlamağa tələsmir. Siyasi ekspertlərin qənaətinə görə, Ermənistanın "xilaskar mələyi" hesab olunan Rusiya əslində bu addımla Paşinyanı cəzalandırarmaq niyyəti güdür. Rəsmi İrəvan isə parlament seçkiləri ilə bağlı Vladimir Putinin təbrik məktubunu gözləyir. Hələlik isə təbrik məktubu əvəzinə Rusiyanın xanım siyasətçisi tərəfindən aşıqlama gəlib. Xanım Zaxarovanın reaksiyasından bəlli olur ki, Moskva Ermənistandakı seçkilərin hansı məqsədlərə xidmət etdiyini yaxşı bilir. Fakt isə ondan ibarətdir ki, Paşinyan seçkiöncəsi açıqlamalarında "Rusiya ilə münasibətlərimiz prioritet məsələdir" desə də, hələ ki, Putinin etibarını qazana bilməyib. Artıq bu məsələ Ermənistan mətbuatında əməlli-başlı təşviş yaradıb. Ermənistanın largir.am saytı yazır ki, Putin Ermənistanın daha öncəki hakimiyyətlərini rəsmi nəticələr elan edilməmiş təbrik edirdi. İndi isə bu seçkilərin nəticələrini Zaxarovanın eyham vurduğu kimi MSK-nın rəsmi məlumatından sonra tanınacağı bildirilir. Mənbənin bildirdiyinə görə, RF prezidenti Vladimir Putinin Nikol Paşinyanı növbədənkənar parlament seçkilərindən sonra nəyə görə təbrik etməməsi sualına Rusiya XİN-nin təmsilçisi Mariya Zaxarova deyib: "Mənə elə gəlir ki, bu bir kişidən səni sevib-sevməməsi barədə münasibət öyrənmək cəhdinə bənzəyir, halbuki o, artıq bir neçə dəfə sənə bu məsələdə etiraflar edib". Mariya Zaxarova rusiyalı müşahidəçilərin ATƏT DTİHB və MDB müşahidəçiləri tərkibində seçkiləri izlədiklərini də xatırladıb. Qeyd olunduğuna görə, bu Moskvanın Ermənistandakı seçkilərlə bağlı ilk reaksiyasıdır. Belə ki, erməni KİV-ləri ənənəvi həyasızlıqlarına söykənərək, bu məsələdə Rusiyanı ittiham edirlər və nədənsə, Ermənistanın yeni iqtidarının anti-Rusiya xarakterli bəyanat və davranışlarını işıqlandırmırlar. Daha dəqiq desək, Rusiyanın Ermənistandakı siyasi iqtidar dəyişikliyini dəstəkləmədiyini, buna görə mövcud hakimiyyətə düşmən münasibət sərgilədiyini yazırlar. SİTAT: "Heç bir qiymət verilmədi. Ermənistandakı yeni vəziyyət erməni-rus münasibətlərində korrektələrə səbəb olub və Rusiya isteblişmentini aşkar şəkildə bölüb. Bir tərəfdən Ermənistana münasibətdə neqativ, hətta zaman-zaman düşmənçilik ritorikası, digər tərəfdən yeni münasibətlərin qurulması maraqlarını görmək mümkündür"."Zaxarovanın reaksiyası maraqlı səslənir", deyə yazan adıçəkilən syat əlavə edib: "Ermənistanda "inqilab" (dırnaqlar bizimdir-R.N.) günlərində Mariya iki dəfə açıqlama verərək, baş verənləri Allahın qərarı olduğunu bildirib. Allah böyükdür və nələrin baş verdiyini anlamaq çətin olanda, Onu hər yerdə anırlar. Moskva hazırkı gündə də eyni vəziyyətdədir, eləcə də Zaxarovanın "kişinin qadına sevgisi" cavabı da bu seriyanın davamıdır. Ermənistanda Putinin mövqeyini müxtəlif şəkildə incələyirlər - Koçaryanın həbsindən başlayaraq, erməni rəhbərliyinin avrasiya bloklarında və erməni-rus münasibətlərinə qədər. Bu, Ermənistanda qarışıq ştirxlərdir və hər kəs bu barədə subyektiv nəticə çıxarır"
Politoloq Elxan Şahinoğlu hesab edir ki, Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyanı qələbə münasibətilə ona görə təbrik etməyə tələsmir ki, Ermənistanın baş naziri Kreml sahibinin köhnə dostu Robert Koçaryanı həbs edib. Putin dərhal Paşinyanı təbrik etsəydi, Paşinyanın Koçaryanı həbsinə göz yumması anlamına gələrdi. Putin isə yanlış anlaşılmasını istəmir və dostunu həbsdən çıxarmağa çalışacaq. Onun qənaətincə, buna baxmayaraq, Kreml Paşinyanı olduğu kimi qəbul etmək məcburiyyətindədir: "Nə vaxta qədər ki, Paşinyan xarici siyasəti korrektə etməyəcək və Rusiyadan uzaqlaşmaq hesabına Qərbə çox yaxınlığa çalışmayacaq, Kreml onu devirmək istəməyəcək. Paşinyanın hazırda ölkə daxilində tərəfdarı çoxdur. Paşinyanı güc yolu ilə devirmək Ermənistanda vətəndaş müharibəsinə rəvac vermək deməkdir. Kreml isə bunu istəmir". E.Şahinoğlu hesab edir ki, Koçaryan tərəfdarları etiraz etməyə çalışsalar da, parlament seçkisində 70 faiz səs qazanan Nikol Paşinyanı indiki şərtlər daxilində devirə bilməyəcəklər: "Robert Koçaryanın reytinqi yüksək deyil ki, xalq onunn tərəfdarlarının arxasınca getsin. Bir neçə günə etiraz səngiyəcək. Gürcüstanda da belə oldu. Qriqol Vaşadze tərəfdarları Tiflisin mərkəzinə çıxdılar, Salome Zurabişvilinin qələbəsini tanımadılar, eks-prezident Mixail Saakaşvili Hollandiyadan Gürcüstandakı tərəfdarlarına səslənərək inqilaba çağırdı... Bu gün Tiflisdə sakitlikdir. İrəvanda da belə olacaq. Nikol Paşinyan bir neçə ay daxili təhlükədən özünü sığortalaya bilər. Onun problemləri ilin ortasına yaxın artacaq". Politoloq Məhəmməd Əsədullazadənin bildirdiyinə görə, Ermənistanda keçirilən parlament seçkilərində Nikol Paşinyanın qalib gəlməsi birbaşa anti-Rusiya siyasətinin bu ölkədə rəsmiləşdirilməsi deməkdir. Bu, Qərbin Ermənistanda siyasətini gücləndirmək, regionda Rusiyanın mövqelərini zəiflətmək barədə birbaşa Paşinyana verdiyi təlimatdır: "Hesab edirəm ki, Paşinyanın qələbə çalması Rusiyanın regionda mövqelərini zəiflədəcək. Eyni zamanda, Kremlin Ermənistanda əsas dayağı olan "Qarabağ klanı"nın sıradan çıxarılmasına gətirib çıxaracaq. Qeyd edim ki, Putinin dostu, eks-prezident Robert Köçəryanın həbs edilməsi Rusiya dövlət başçısını ciddi şəkildə narahat edib. Hesab edirəm ki, Putinin Paşinyanı təbrik etməməsi əsasən Köçəryanın həbsi və ölkədə aparılan anti-Rusiya siyasəti ilə bağlıdır. Rusiya ilə Ermənistan arasında bundan sonra siyasi proseslərdə ciddi qırılmalar davam edəcək. Rusiya öz forpostunda keçirilən seçkilərə, bir növ, əyaləti kimi yanaşma göstərdi. Bu da Paşinyana Kremlin mesajıdır. Bununla mesaj verirlər ki, vəziyyətin belə davam etməsi Paşinyana baha başa gələ bilər. Ola bilsin ki, proseslərin gedişindən asılı olaraq Putin Paşinyana qarşı digər təsir rıçaqlarını da işə salsın. Hər halda, qarşıdakı aylarda bir sıra məsələlərə aydınlıq gətiriləcəyi gözlənir".
Zəka