NATO və Rusiya görüşündə niyə məhz Bakı seçildi?
14 Dekabr 2018 13:18 Siyasət"Azərbaycanın paytaxtı artıq dünya miqyaslı strateji şəhər statusu qazanıb. Əvvəllər Minsk adətən belə görüşlər üçün yer seçilirdisə, indi bu status artıq Bakıya keçib. Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursu yeridən ölkə olması, NATO ölkələri ilə yaxşı münasibətləri qoruyub-saxlaması, həmçinin Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərində olması hər iki tərəfi görüşü burada keçirməyə sövq edir". Bu fikirləri politoloq Nəzakət Məmmədova deyib.
O bildirib ki, Rusiya Baş Qərargah rəisi ilə NATO Komandanının 2018-ci ilin sonunda görüş keçirməsi diqqət çəkir: "Yəni görüşün yeri qədər, vaxtı da müəyyən məsələlərə işıq salır. Görünür, iki qlobal geosiyasi oyunçu bu il qarşılıqlı maraq doğuran məsələlərin yekunlarını, habelə yeni ildə qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək üçün bu görüşü keçirmək qərarına gəliblər. Yaxın Şərqdə vəziyyət, Ukraynada gərginlik, İran, Türkiyə-Rusiya münasibətləri, Cənubi Qafqazda real geosiyasi durum, dünya silah bazarında vəziyyət və digər məsələlər müzakirə ola bilər. Eyni zamanda Ukraynanın NATO-nun "genişləndirilmiş imkanlar" proqramına daxil edilməsi Rusiyanın birbaşa geosiyasi maraqlarına toxunan məsləhət olduğundan görüşdə bunun xüsusi müzakirə olacağı ehtimal olunur. Görüşün formatı da diqqətəlayiqdir. Əvvəlki ilk görüşdə, yəni 2017-ci ilin fevralında ABŞ generalı gəlmişdisə, son iki görüşdə artıq NATO generalları Alyans təmsilçisi kimi Rusiya generalı ilə görüşür. Bu, NATO daxilində ABŞ-Avropa ziddiyyətlərinin təzahürü kimi nəzərdən keçirilə bilər. Xüsusən də, Avropa ölkələrinin vahid ordusunun yaradılması cəhdləri fonunda bu, aktualdır.
Ötən il prezident Tramp NATO-dakı avropalı müttəfiqlərini üzvlük haqqını artırmayacaqları təqdirdə ABŞ-ın onları Rusiya təhdidindən qorumayacağı ilə təhdid etmişdi. Bu, onsuz da yarandığı dövrdən bəri NATO-da mövcud olan avrosentrizm tərəfdarlarının amerikanosentrizm tərəfdarlarına qarşı olan münasibətini bir xeyli kəskinləşdirdi və vahid Avropa ordusu ideyası gündəmə gəldi".
N. Məmmədova söyləyib ki, artıq NATO üzvləri ABŞ-a demarş olaraq bir sıra addımlar atıb: "Məsələn, Fansa və İtaliya Türkiyə ilə raket sistemlərinin satışına dair müqavilə imzaladı, NATO üzvü olan Avropa ölkələri ABŞ-ın Qüds qərarına qarşı çıxdılar və BMT-dəki səsvermələrdə bunu sübut etdilər. Yəni NATO üzvləri ABŞ-dan asılı olmayaraq bir sıra addımlar atıblar. Bakıda Gerasimovla görüşü nəzərdə tutulan NATO generalına Obamanın prezidentliyi dövründə Rusiya təmsilçiləri ilə görüşlərin qadağan edilməsinə baxmayaraq, o, artıq bu görüşə hazırdır. Bununla da NATO-da ABŞ-la hesablaşmamaq meylləri müşahidə olunur.
Lakin NATO-nun ABŞ-da "dövlət içində dövlət" hesab olunan, milyardlarla dollar büdcəyə malik olan əsas güc mərkəzlərindən biri kimi Pentaqonla sıx münasibətlərdə olması amili nəzərə alınarsa, ABŞ-NATO münasibətlərinin Trampın mövqeyindən asılı olmadığını görmək olar. Odur ki, 2019-cu ildə ABŞ-ın əsasən NATO vasitəsilə Rusiya ilə bir sıra məsələlərlə bağlı görüşlərinin intensivləşəcəyi gözlənilir. Bakının isə bu görüşlərdə etibarlı məkan olması qürurvericidir".
SİA