"NATO və Rusiyanın Azərbaycana inamı böyükdür" - Millət vəkili
13 Dekabr 2018 17:26 Siyasət"Azərbaycanın həm ABŞ və NATO, həm də Rusiya ilə yaxın əməkdaşlıq münasibətləri var".
Bunu millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib.
Deputat bildirib ki, Bakı müxtəlif zamanlarda aralarında problem və gərginlik müşahidə olunan iki tərəf üçün ən əlverişli məkan hesab olunur:
"Azərbaycanın mövqeyi və paytaxtımızın gözəl imkanları qonaqları ən gözəl səviyyədə qarşılamaq əzmindədir. Hər iki tərəfin Azərbaycana inamı böyükdür. Belə görüşlər artıq bir ənənəyə çevrilib. Çünki Bakıda reallaşan görüşlər nəticə verir. Belə tarixi təmaslar həm də Azərbaycanın nüfuzunun və imicinin artması deməkdir".
Qeyd edək ki, Bakıda növbəti dəfə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilib. Tərəflər Bakının NATO-Rusiya formatında görüşlərin keçirilməsi üçün tam münasib məkan olduğunu, Azərbaycanın artıq ikinci dəfədir ki, belə bir tədbirə ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayıblar.
sherg.az