Ermənistandakı seçkilərə demokratik don geydirməyə çalışan “azərbaycanlılar”
13 Dekabr 2018 16:12 SiyasətErmənistanda seçki şousu başa çatsa da, lakin bu istiqamətdə müzakirələr bitmir. Xüsusilə, inqilabçı baş nazir Nikol Paşinyanın növbədənkənar parlament seçkilərini saxtalaşdıraraq öz yaxın ətrafı, qardaşı oğlu, həkimi, hətta şəxsi bərbərini belə deputat mandatı ilə təmin etməsi demokrat adı altında hakimiyyətə gətirilən Paşinyanın əslində antidemokrat, saxtakar olduğunu ortaya qoydu. Seçici siyahılarından tutmuş, səsvermə günü karusel əməliyyatlarına qədər bütün proseslər işğalçı ölkədə seçkilərin ciddi saxtakarlıqla başa çatdığını təsdiqlədi. Əslində əvvəlcədən də proqnozlaşdırılan bu idi ki, Paşinyan növbədənkənar parlament seçkilərini ciddi şəkildə saxtalaşdıraraq qələbəsini təmin etmiş olacaq. Və gözlənilənlər də özünü doğrultdu. Ancaq burada bir məqam diqqət çəkir ki, nədənsə Ermənistanda keçirilən seçki şousunu izləyən beynəlxalq müşahidəçilər seçki saxtakarlıqları baədə danışmaq istəmədilər. Əvəzində guya bu dəfəki seçkiləri demokratiyaya doğru atılmış növbəti addım kimi xarakterizə etdilər.
Başqa bir məqam və təəssüf doğuran hal isə ondan ibarətdir ki, Azərbaycandakı bəzi siyasi qüvvələr də Ermənistanda keçirilən növbədənkənar seçkilərin "demokratikliyi"ndən, onun azad və ədalətli şəkildə keçirildiyindən dəm vururlar. Bu qüvvələr isə bir qayda olaraq xaricdəki antiAzərbaycan qüvvələrin sifarişini yerinə yetirən, həmçinin zaman-zaman erməni lobbisinin maliyyəsi hesabına fəallaşıb milli maraqlarımıza qarşı çıxan radikal siyasi qüvvələrdir. Hətta kərimlilər, həsənlilər, hacıbəylilər utanmadan açıq şəkildə ifadə edirlər ki. Paşinyan demokratik yolla seçkilərdə qalib gəlib.
Azərbaycanın radikal siyasi düşərgəsinin belə bir mövqe ortaya qoyması haqlı olaraq digər siyasi dairələrdə, ekspertlərdə narazılıq yaradıb. Müstəqil ekspert Rövşən Məmmədli deyib ki, Gültəkin Hacıbəyli və onun kimi bir çox Qərbyönümlü siyasətçilər Ermənistanda Nikol Paşinyan tərəfdarlarının demokratik seçkilər yolu ilə hakimiyyətə gəlmələrini deyir və bunu demokratiyada böyük addım adlandırırlar. Onun sözlərinə görə, həmin qüvvələr hətta Ermənistanı Azərbaycanla müqayisə edərək guya ölkəmizdə demokratik idarəçiliyin olmamasını bildirirlər: "Bütün bunları əsas götürüb isə Dağlıq Qarabağın de- yure də Ermənistana verilməsi təbili çalırlar. Hesab edirəm bu olduqca yanlış bir düşüncədir və bu Azərbaycan xalqının ümidlərini qırmaqdır. Odur ki, Qərbin yaxud kiminsə bunu əsas tutub beynəlxalq hüququ pozaraq bir ölkənin ərazisini tamamilə əsassız olaraq başqa ölkəyə verməsi beynəlxalq hüquqa ziddir və yolverilməz haldır. Dağlıq Qarabağ Ermənistana birləşdirilməsi yalnız və yalnız Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş ümumxalq referendiumu keçirilməsi yolu ilə mümkündür ki, bu hüquqi yola da təbii ki, Azərbaycan xalqı heç zaman getməz. Odur ki, Azərbaycanın torpaqlarının kimlərinsə kimə hədiyyə etməsi heç bir hüquqi əsas yaratmır və Azərbaycan xalqının birinci işi Qarabağın azad edilməsi olacaq". Rövşən Məmmədlinin sözlərinə görə, əgər Ermənistan belə alçaq oyunlara gedərsə onda İrəvan da daxil olmaqla bütün tarixi Azərbaycan torpaqlarını, yəni bütün Ermənistanı itirəcəkdir: "Odur ki, siyasət naminə gəlin vətən torpaqlarını kiməsə verilə biləcəyi fikrini belə soyuqqanlı deməkdən çəkinək. Ancaq Gültəkin xahım tamamilə haklıdır ki,heç vaxt Rusiya, Putin də Qarabağı alıb Azərbaycana verməyəcək. Bu münasibətlər Qarabağın qaytarılmasını daha da uzadacaqdır".
Ümumiyyətlə, indiyə qədər cərəyan edən proseslərə nəzər yetirsək aydın şəkildə görərik ki, daxildəki bəzi radikal qüvvələr hər zaman Azərbaycanın imicini ləkələməyə, yeri gələndə ölkəmizi işğalçı dövlətlə müqayisə etməyə və həmin müqayisədə məhz ermənilərə üstünlük verməyə çalışıblar. Əslində bu da başadüşüləndir. Çünki həmin qüvvələrin əsas dolanışıq mənbəyini məhz erməni lobbisi təşkil edir. Ona görə də adıçəkilən siyasi qüvvələrin tamam başqa bir düşüncə ortaya qoyacaqları da absurd görünür. Erməni lobbisindən maliyyə dəstəyi alanların bunun qarşılığında Azərbaycanın bu günkü inkişafından danışmaları təbii ki, mümkün deyil və onlara verilən təlimat tamam başqa istiqamətdədir.
Füzuli