Ukrayna-Azərbaycan münasibətlərinə zərbə vurmaq cəhdi
Və ya “Krım Respublikası”nın mallarının satışına kimlər maraqlıdır?
11 Dekabr 2018 13:52 SiyasətVə ya "Krım Respublikası"nın mallarının satışına kimlər maraqlıdır?
Zaman-zaman Azərbaycanın normal münasibətlər qurduğu, dostluq əlaqələrini inkişaf etdirdiyi ölkələrlə Bakı arasında müəyyən ziddiyətlər, problemlər yaradılmağa cəhd göstərilir, bu istiqamətdə məkirli fəaliyyətlər ortaya qoyulur. Bir qayda olaraq bu işlə məşğul olan erməni lobbisi və ayrı-ayrı ölkələrdə erməni maraqlarına xidmət edən ermənipərəsət dairələrdir. Bu günə qədər Azərbaycanın Rusiya. Bakının Tbilisi ilə, yaxud qardaş Türkiyə və şimal qonşumuz Rusiya Federasiyası ilə əlaqələrinə zərbə vurmaq, qarşılıqlı faydalı əməkdaşlığa xələl gətirmək üçün cəhdlər edilib. İndi də Azərbaycanla Ukrayna arasında eyni mənfi tendensiyanı yaratmağa çalışırlar. Söhbət separatçı Krım Respublikası kimi tanınan və Rusiyaya bağlı hesab edilən qurumun istehsal etdiyi malların Azərbaycanda satışına yönəlik cəhdlərdən gedir. Məsələyə münasibət bildirən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, separatçı Dağlıq Qarabağa aid hesab edilən məhsulların xarici ölkələrdə satışı nə dərəcədə Azərbaycanın maraqlarına ziddirsə və biz ölkə olaraq buna etiraz ediriksə, eləcə də "Krım Respublikası"nın məhsullarının bizim bazarlara yol tapması Kiyevdə haqlı narazılıq yaradır: "Ermənistan gizli yollarla Dağlıq Qarabağ məhsullarını müxtəlif ölkələrdə satışa çıxarır. Ötən həftə Qarabağ malları Serbiyada aşkar olundu. Belqrad hava limanındakı "Duty Free" mağazasında "Artsakh" brendi ilə şərab, konyak, araq və digər spirtli içki məhsulları satılırdı. Bu məhsullar "Armenian Flavours" adlı ayrıca guşədə satışa çıxarılmışdı. Azərbaycanın Serbiyadakı səfirliyi rəsmi Belqrada müraciət edib. Bundan sonra həmin mallar satışdan çıxarılıb. Azərbaycan başqa dövlətlərdə bu kimi hallarla mübarizə aparır. Bəs gəlin görək özümüzdə vəziyyət necədir? Bakının bir sıra kitab mağazalarında Rusiyada nəşr olunan atlaslar satılır. Həmin atlaslarda Krım Rusiya ərazisi kimi göstərilib. Və ya Bakının bir sıra brend supermarketlərində Rusiyada istehsal olunan dondurmalar satılır. Dondurmanın üzərində istehsalçının adı belə göstərilib: "Krım Respublikası, Rusiya". Belə siqnallar çoxdur". Politoloq hesab edir ki, ya bizim bəzi biznesmenlər Rusiyadan mal gətirərkən, istehsalçıya diqqət yetirmirlər, ya da bu işlə kim(lər)sə məqsədyönlü şəkildə məşğul olur: "Əgər ikincidrsə, bunu edənlərin məqsədi Azərbaycan-Ukrayna münasibətlərinə kölgə salmaqdır. Ancaq bu fəaliyyətin bizim üçün başqa zərəri də var. Azərbaycanda Krımı Rusiya ərazisi kimi göstərən malların satışı bizim beynəlxalq müstəvidə Qarabağ separatçılarına qarşı mübarizəmizi zəiflədir. Yəni kim(lər)sə bilərəkdən Azərbaycanda Krım malları satırsa, bununla Azərbaycanın dövlət və milli təhlükəsizlik maraqlarına zərbə vururlar. Əgər biz hamıdan öz ölkələrində separatçı Qarabağda istehsal olunan malların satışını qadağan etməyi tələb ediriksə və bununla mübarizə aparırıqsa, necə olur ki, özümüzdə oxşar hadisə baş verir? Məndə olan məlumata görə, Ukraynanın Azərbaycandakı səfirliyi Bakı dükanlarında bu kimi hallarla rastlaşanda və bu haqda Azərbaycanın müvafiq instansiyalarına məlumat verdikdə heç də hər zaman dərhal lazımi tədbirlər görülmür. Bəzi kitab dükanlarında Krımı Rusiya ərazisi kimi göstərən atlaslara, supermarketlərimizdə isə Krım istehsalı olan dondurmalara bu gün də rast gəlmək olar. Krım mallarının Azərbaycanda satışı barədə müvafiq instansiyalarımıza məlumat verildikdə bəziləri məsələyə ciddi yanaşır və tədbir görürlər, ancaq elələri də var ki, Krım mallarının Azərbaycanda satışına göz yumurlar, reaksiya vermirlər, sanki belə də olmalıymış. Niyə belə etdiklərini anlamaqda çətinlik çəkirəm. Halbuki, anlamalıdırlar ki, belə etməklə Azərbaycanın maraqlarına zərbə vururlar. Sabah Kiyevdə Dağlıq Qarabağa məxsus mallar satışıa çıxarılsa və etirazımız eşidilmədikdə nə edəcəyik?". Politoloq deyir ki, 2016-cı ilin iyul ayında Ukrayna prezidenti Pyotr Poroşenko Bakıda olarkən separatçılığa qarşı birgə mübarizə mövzusu müzakirə olunmuşdu və Azərbaycan prezidenti təklif etmişdi ki, separatçılığın yayılmasına qarşı birgə mübarizə aparılsın və separatçıların təxribatlarının qarşısı alınsın: "Ancaq görünür, indi kim(lər)sə Azərbaycan prezidentinin bu təlimatını yerinə yetirmir və faktiki separatçıların maraqlarına xidmət edirlər. Azərbaycanda Krım mallarının satışına şərait yaratmaq Rusiyanın Krımın ilhaqına haqq qazandırmaq deməkdir. Bunun isə Ermənistanın Azərbaycan torpaqlarının işğalına haqq qazandırmaqdan fərqi yoxdur".
Süleyman