Azərbaycanın Sankt-Peterburq uğurları
Ermənistan diplomatiyası dalana dirənib Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş xaric siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artıb, dünya ölkələri arasında mövqeyi möhkəmlənir. Artıq dünyada elə bir beynəlxalq tədbir yoxdur ki, Azərbaycanın iştirakı olmadan baş tutsun.
10 Dekabr 2018 13:36 SiyasətErmənistan diplomatiyası dalana dirənib
Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş xaric siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artıb, dünya ölkələri arasında mövqeyi möhkəmlənir. Artıq dünyada elə bir beynəlxalq tədbir yoxdur ki, Azərbaycanın iştirakı olmadan baş tutsun. Belə tədbirlərdən biri də MDB dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısıdır ki, burada MDB çərçivəsində il ərzində görülən işlər barəsində geniş fikir mübadiləsi aparılır və gələcək fəaliyyət istiqamətləri ətraflı müzakirə olunur. Bu dəfə də Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti əsasında 6 dekabr tarixində Sankt-Peterburq şəhərində keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısında iştirak edib. Yeri gəlmişkən qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyevin şəxsi dostluq münasibətləri hər belə yüksək səviyyəli görüşlərdə hər iki dövlət başçısı üçün səmərələ və işgüzar müzakirələrlə yadda qalır. MDB dövlət başçılarının qeyri-rəsmi Sankt-Peterburq görüşü də işgüzar və səmimi şəraitdə keçirildi. Belə ki, dövlət başçıları birlikdə nahar etdilər və sonra Mariinskiy Teatrda "Şelkunçik" balet tamaşasına baxdılar. Tamaşa zamanı Prezident İlham Əliyev tədbirə ev sahibliyi edən Rusiya Prezidenti Vladimir Putinin yanında sağda əyləşmişdi. Bu dövlətimizin başçısına və onun şəxsiyyətinə xüsusi hörmətin və ehtiramın əlamətidir. Qeyd edək ki, dövlət başçısı olmaq onun lider olmasına heç də dəlalət etmir. Yalnız dövlət başçısı şəxsiyyət olduqda, dünya ölkələri tərəfindən lider kimi qəbu olunur. Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyandan fərli olaraq Azərbaycan Prezidenti İlham Əliyev şəxsiyyət və lider kimi nəinki Putin, eləcə də bütün dünya dövlət başçıları tərəfindən qəbul edilir. MDB dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısında Vladimir Putinin Nikol Paşinyana biganə münasibəti dediklərimizi bir daha təqdiq etmiş olur.
Lakin buna baxmayaraq, prezident İlham Əliyev bütün beynəlxalq və regional tədbirlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini ön plana çəkir, problemin sülh yolu ilə həllinə öz töhvəsini verir. Sözgedən tədbir çərçivəsində Prezident İlham Əliyevin Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ilə də söhbəti olub. Söhbət əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılıb. Siyasi ekspertlər hesab edirlər ki, danışıqlarda atəşkəs rejiminin önə çıxarılması heç də münaqişənin dondurulması və ya qəbuledilməz olan status-kvonun saxlanması anlamına gəlməməlidir. Ona görə ki, Nikol Paşinyan hələ siyasətdə naşıdır, Dağlıq Qarabağ ətrafında indiyə qədər aparılan danışıqlar formatlarının mahiyyətindən xəbərsizdir. Hazırda onun münaqişə barədə səsləndirdiyi ürəkbulandırıcı fikirləri parlament seçkilərində xal qazanmağa hesablanıb. Paşinyan yalnız baş nazir təsdiqləndikdən sonra məsuliyyətini anlayaraq masa arxasında əyləşəcək, yaxud əyləşdirəcəklər. Bax, ən azından o vaxta qədər atəşkəs rejiminə riayət olunmalıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın qəti mövqeyi ondan ibarətdir ki, işğala əsaslanan status-kvo tezliklə dəyişdirilməlidir.
Xatırladaq ki, prezident İlham Əliyev daim ən yüksək kürsülərdən belə qaçqın və məcburi köçkünlər, eləcə də əsir və girov götürülmüş soydaşlarımız məsələsini qabardıb. Qaçqın və məcburi köçkünlərin pozulmuş insan hüquq və azadlıqlarının bərpası, əsir və girovların geri qaytarılması məsələsini diqqətdə saxlayıb. Elə bu dəfə də söhbət çərçivəsində Ermənistan və Azərbaycan arasında saxlanılan şəxslərin qarşılıqlı şəkildə dəyişdirilməsi məsələsi də müzakirə olunub. Prezident İlham Əliyev Azərbaycanın bu məsələdə mövqeyini vurğulayaraq bildirib ki, "hamının hamıya" prinsipi əsasında dəyişdirmə tam olmalı və o cümlədən, Dilqəm Əsgərov və Şahbaz Quliyev onların arasında yer almalıdır. Göründüyü kimi dövlət başçısı İlham Əliyev ölkə vətəndaşlarının problemlərinə biganə deyil, əksinə əsirlikdə qalan soydaşlarımızın azad olunmasına çalışır. Dövlətimizin başçısı xüsusən Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün böyük səylər göstərir və bu məsələni daim diqqətdə saxlayır. Digər tərəfdən, humanist xarakter daşıyan bu kimi addımlar danışıqlar prosesinə müsbət təsir göstərə bilər. Azərbaycanın, onun dövlət başçısının bu mövqeyi ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən də dəstəkləyir və ona görə Ermənistan tərəfi məsələyə ciddi yanaşmalıdır.
Onu da qeyd edək ki, Azərbaycanın yürütdüyü xarici "hücum diplomatiyası" artıq öz nəticəsini verməkdədir. Artıq ölkəmizin ciddi səyləri nəticəsində Ermənistan bir sıra istəklərinin üzərindən "qara xətt" çəkməli olub, Azərbaycanın ədalətli mövqeyi ilə razılaşmaq zorunda qalıb. Avrasiya İqtisadi Birliyinin Sankt-Peterburqda keçirilmiş iclasında da Ermənistan təcrid olun duruma düşüb. Belə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsinə Belarus nümayəndəsi rəhbərlik edəcək. Ermənistanın baş naziri vəzifəsini icra edən N.Paşinyanın rəyi nəzərə alınmadan üzv dövlətlər tərəfindən bu barədə qərar qəbul oluncaq. Təkcə bu fakt artıq erməni diplomatiyasının dala dirəndiyini deməyə əsas verir. Daha doğrusu, Ermənistanın baş katib vəzifəsini özlərində saxlamaqla bağlı bütün səyləri iflasa uğrayıb. Bu isə ümumilikdə Ermənistanın siyasəti və diplomatiyasının növbəti məğlubiyyətidir. Heç kimə sirr deyil ki, yeni Baş katibin təyinatı məsələsini Prezident İlham Əliyev Ermənistan istisna olmaqla, KTMT-yə üzv olan bütün ölkələrin dövlət başçıları ilə bu və ya digər formada müzakirə edib. Sözsüz ki, işğalçı dövlət olaraq, Ermənistanın çoxsaylı xarakter daşıyan hər bir siyasi, diplomatik, iqtisadi və digər müstəvilərdə olan məğlubiyyəti Azərbaycanın qələbəsi kimi dəyərləndirilə bilər. Çünki bu məğlubiyyətlərin şərtləndirilməsində Azərbaycanın rolu kifayət qədər böyükdür. Nəticə etibarilə, Ermənistanın tamhüquqlu üzv olduğu KTMT-də növbəti dəfə alçaldıcı məğlubiyyəti bu sıradan olan nümunələrdən biridir. Prezident İlham Əliyev isə bəzi ölkə başçıları kimi deklarativ deyil, dərin strateji düşüncə və praqmatik baxışlar əsasında yüksək məharətlə və müdrikliklə "strateji diplomatiya" adlandırılan siyasət yürütmək iqtidarında olan şəxsiyyətdir.
Alim