Ermənistanda seçki şousu və Paşinyanın məğlubiyyətə yaxın qələbəsi
Nikolu bundan sonra daha ağır sinaq gözləyir Nəhayət ki, Ermənistanda çoxdan gözlənilən parlament seçkiləri baş tutdu. Bazar günü baş tutan növbədənkənar parlament seçkilərindən əslində kimin qalib ayrılacağı əvvəlcədən bəlli idi. Çünki aprel inqilabından sonra qarşıdakı növbədənkənar parlament seçkilərini hədəfə götürən inqilabçı Nikol Paşinyan seçki zamanına qədər özünə ciddi alternativ sayıla biləcək bütün qüvvələri siyasi səhnədən sıxışdırmağa müvəffəq olmuşdu.
10 Dekabr 2018 13:23 SiyasətNikolu bundan sonra daha ağır sinaq gözləyir
Nəhayət ki, Ermənistanda çoxdan gözlənilən parlament seçkiləri baş tutdu. Bazar günü baş tutan növbədənkənar parlament seçkilərindən əslində kimin qalib ayrılacağı əvvəlcədən bəlli idi. Çünki aprel inqilabından sonra qarşıdakı növbədənkənar parlament seçkilərini hədəfə götürən inqilabçı Nikol Paşinyan seçki zamanına qədər özünə ciddi alternativ sayıla biləcək bütün qüvvələri siyasi səhnədən sıxışdırmağa müvəffəq olmuşdu. Sabiq prezidentlər Serj Sərkisyandan tutmuş Robert Köçəryana qədər bütün mümkün təhlükələri zərərsizləşdirməyə müvəffəq olan Nikol Paşinyan demək olar ki. seçkiyə heç bir ciddi rəqib olmadan gedirdi. Digər tərəfdən bütün adminstrativ resursların Paşinyanın əlində cəmlənməsi inqilabçı liderin seçkidən qalib ayrılacağına heç bir şühbə yaratmırdı. Və bunun üzərinə də Ermənistanın seçkiləri ustalıqla saxtalaşdırmaq praktikasını əlavə etsək, o zaman Paşinyanın növbədənkənar parlament seçkilərindən qalib ayrılacağını əminliklə söyləmək olardı.
Beləliklə, ölkə üzrə 2010 seçki məntəqəsində keçirilən səsvermənin nəticələri artıq məlum olub..
Ermənistan Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak etmək üçün 9 partiya və 2 blok qeydə alıb. Ancaq göründüyü kimi növbədənkənar parlament seçkilərində seçki fəallığı o qədər də ürəkaçan olmayıb. Ermənistanın Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan bildirib ki, seçkilərdə fəallıq 48,63 faiz təşkil edib. Bu da onu göstərir ki, Ermənistanda keçirilən seçkilərdə insanlar seçkiyə şübhə ilə yanaşaraq səsvermənin demokratik keçirilmədiyini nəzərə alıb, səsverməyə getməyiblər. Düzdür, cəmi bir neçə ay əvvəl sadə ermənilər Nikol Paşinyanı xilaskar qismində öz əlləri üzərində hakimiyyətə gətirib. Ancaq hazırda Paşinyana inam və etimad aprel ayından bu yana kifayət qədər azalıb. Bunun isə səbəbləri müxtəlifdir. Birincisi, Nikol Paşinyan hakimiyyət zəbt etdiyi gündən heç bir sahədə Ermənistanı irəli apara bilməyib. Əksinə işğalçı ölkə Serj Sərkisyanın dövründə olduğu vəziyyətdən də ağır duruma düşüb. Digər tərəfdən Paşinyanın səriştəsizliyi və idarəetmədəki naşılığı hətta İrəvanın ağası sayılan Rusiya ilə onun arasında problemlərə yol açıb. Ötən müddət ərzində hər nə qədər Paşinyan demokartiyadan "dəm" vursa da, xalqı öz nağıllarına inandıra bilməyib.
Ona görə də Nikol Paşinyanın təlimatı əsasında Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində kobud surətdə saxtakarlığa yol verilib. Səsvermə başa çatan saatlarda yüzlərlə bülleten Paşinyanın liderlik etdiyi blokun xeyrinə olaraq seçki qutularına atılıb. Bundan başqa səhər saatlarında da səsverməyə start verilmədən öncə anoloji proses yaşanıb.
Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində yol verilən başqa bir saxtakarlıq bütün dövlət qurumlarının əməkdaşlarının məcburi şəkildə seçki prosesinə cəlb edilərək onların Paşinyanın rəhbərlik etdiyi seçki blokunun xeyrinə səs vermələri olub. Hətta bu saxtakarlıq bir neçə seçki məntəqəsində təkrarlanıb. Dövlət qurumlarının əməkdaşları bir məntəqədən digər məntəqələrə aparılaraq onların təkrar səs vermələrinə şərait yaradılıb. Bütün bu saxtakarlıqlar isə təbii ki, sadə ermənilərin seçkilərdə iştiraka maraq göstərməməsi səbəbindən edilib. Hətta erməni kütləvi informasiya vasitələri yazıb ki, Ermənistan tarixində ilk dəfə olaraq seçicilərin yarıdan çoxunun səsvermədə iştirak etmədiyi belə bir zaman az olub. Əslində, bu xalqın Paşinyana da inanmadığının bariz nümunəsidir. Ancaq maraqlısı odur ki, Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərini müşahidə edən beynəlxalq müşahidəçilər seçki saxtakarlıqları barədə hələlik hər hansı mövqe bildirmirlər.
Ermənistanda baş tutan növədənkənar parlament seçkilərini şərh edən ekspertlər bundan sonra işğalçı ölkədə gözlənilən mümkün ssenarilər barədə öz mövqelərini ifadə ediblər.
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki,
Ermənistanda keçirilən parlament seçkilərində əvvəlcədən gözlənildiyi kimi Nikol Paşinyanın "Mənim Addımım" bloku səslərin böyük faizini qazanaraq parlamentdə səs çoxluğu ilə üstünlüyü qazandı. Onun sözlərinə görə, bu, Nikol Paşinyanın təkbaşına hökumət formalaşdırmaq və ölkənin bütün inzibati sturukturlarına sahib olmasına gətirəcək: "Qeyd edim ki, bu seçki " Qarabağ klanı"nın 20 illik hakimiyyətinə son qoydu". Politoloq deyib ki, Ermənistanda formalaşacaq yeni hakimiyyəti ağır sosial-iqtisadi və siyasi çətinliklər gözləyir: "Demək olar ki, Nikol Paşinyan bu problemlərin həllinə və ölkənin inkişafına onda nail ola biləcək ki, Qarabağ münaqişəsini beynəlxalq hüquq çərçivəsində həllinə nail olsun. Nikol Paşinyan seçki ilə paralel "Qarabağ klanının" əsas lideri Robert Koçaryanı da həbs etdirdi. Bu həbs seçkilərin həlledici ərəfəsində təsadüfi deyildi. Seçki ilə birlikdə Nikol Paşinyanın "Qarabağ klanını"- Rusiyanın əsas adamını siyasi səhnədən uzaqlaşdırması Moskvanın qəzəbinə səbəb olacaq".
Məhəmməd Əsədullazadə hesab edir ki, seçkilərdə seçici fəallığının az olması, regionlarda bütün siyasi elitaya inamsızlıqdan irəli gəlir: "Çünki, digər hakmiyyətdə olanlar kimi ermənilər çox yaxşı bilir ki, Nikol Paşinyanın siyasi ritorikası pafosa əsaslanır və çətin durumda olan Ermənistanı inkişaf etdirəcəyi real görünmür. Bu gün ermənilər kimliyindən asılı olmayaraq, Ermənistanda aparılan siyasətə inamsızdır. Qeyd edim ki, seçkilərdən sonra icra hakimiyyəti və qanunverici hakimiyyətdə şəriksiz səlahiyyətləri əlində formalaşdırdıqdan sonra Nikol Paşinyan Serj Sarksiyanı da istintaqa cəlb edəcək və onun Respublika Partiyasını zəiflətmək üçün bütün rıçaqlara əl atacaq. İkinci variantda hədəfi Azərbaycanın işğal olunmuş ərazilərində formalaşdırılan "adminstrasiyanı" devirmək olacaq. Əgər Paşinyan bu prosesə başlayarsa Rusiya seyrçi qalmayacaq. Çünki, Moskvanın əsas siyasi dayağı "Qarabağ klanı" və separatçılardı. Xarici siyasətdə Rusiya ilə münasibətlər dərinləşəcək, avrointeqrasiya siyasəti özünü doğrultmayacaq. Əgər, Paşinyan Qarabağ danışıqlarında imitasiya edəcəksə, o zaman Ermənistan Azərbaycanın hərbi təzyiqləri ilə üzləşməli olacaq. Bu da Nikol Paşinyanın tez bir vaxtda devrilməsinə gətirib çıxaracaq. Bir sözlə Nikol Paşinyanın hakimiyyət karyerası Qarabağ siyasətindən asılı olacaq".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri. Politoloq Elxan Şahinoğlu deyib ki, növbədənkənar parlament seçkilərində qələbə çalan Mikol Paşinyani 3 əsas problem gözləyir: "Beləliklə, Ermənistanda aylardır gözlənilən parlament seçkisi arxada qaldı. Bu Ermənistanın müstəqillik tarixində seçicilərin ən az iştirak etdiyi seçki kimi tarixə düşdü. 2 ermənidən biri seçkiyə getməyib. Bəs niyə belə aşağı fəallıq olub? Bu Ermənistandakı keçmiş seçkilərin kütləvi saxtakarlıqla keçdiyinə işarədir. Keçmiş prezidentlər və hakim partiya administrativ rerursdan gen bol istifadə edir, seçki günü rəqəmləri şişirdirdi. İndi isə seçki məntəqəsinə nə qədər seçici gəlib o qədərinin də statistikası aparılıb. Belə çıxır ki, əvvəlki illərdəki seçici passivliyi daha böyük miqyasda olub".Politoloq deyib ki, Nikol Paşinyan siyasi həyata canlanma gətirdi, ancaq bu seçici marağını artırmadı: "Buna baxmayaraq, Paşinyanın lideri olduğu partiyanın qələbə çaldığı aşkardır, o təkbaşına hökuməti formalaşdırmaq imkanı qazanacaq. 20 ildən sonra "Qarabağ klanı" rəsmən hakimiyyətdən uzaqlaşdırıldı. Paşinyan qısa müddət ərzində təkbaşına hökuməti formalaşdıracaq. Qarşıda onu 3 çətin vəzifə gözləyir. Görək öhdəsindən necə gələcək?2. Elxan Şahinoğlu deyir ki, birinci növbədə Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həllində addım atmasa cəbhə bölgəsində vəziyyət gərginləşəcək, üstəgəl Qarabağdakı girovlarımızın "hamının hamıya" dəyişdirilməsini uzada bilməyəcək: "İkincisi, iqtisadi islahatlar aparmaq üçün əlavə vəsaitə ehtiyac var, o biri tərəfdən də Ermənistanın artan xarici borc problemini həll etməlidir. Üçüncüsü, xarici siyasət kursunu müəyyənləşdirməlidir, Rusiya və Qərb arasında vurnuxması Moskvanın xoşuna gəlmir, ancaq Qərbə yaxınlıq da Paşinyana xüsusi divident vəd etmir".
Müstəqil ekspert Zeynal Əmralıyev deyib ki, Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində gözlənildiyi kimi hazırki,baş nazir Nikol Paşinyanın rəhbərlik etiyi "Mənim Addımım" Bloku qalib gəldi: "Fikrimcə Paşinyanı qarşıdakı müddətdə çox çətin bir dövr gözləyir: O, müxalifətlə, xüsusilə də həbsdəki keçmiş prezident Robert Köçəryanın tərəfdarları ilə ciddi siyasi mübarzə aparmalı olacaq. Ölkədə bu qüvvələrin sabitliyi ciddi cəhdlə pozacağını düşünürəm. Nikol Paşinyan gücdən istifadə etmək məcburiyyətində qalacaq. Paşinyan hər nə qədər seçkidə yüksək səs faizi ilə qalib gəlsə də, güclü parlament müxalifət ilə qarşılacaq. Qaqiq Tsarukyan artıq ölkənin ana müxalifət lideridir.Bir şeyi nəzərə almaqda fayda var ki,Tsarukyan ölkənin ən varlı insanıdır və onun beynalxaq güclərlə,xüsusilədə Rusiya ilə çox geniş əlaqələri var". Ekspert deyib ki, Paşinyan Rusiya ilə Qərb arasında olan seçimini etməlidir: "Qərb ondan tam inteqrasiya isəyəcək.Rusiya isə təbii ki,bu məsələ ilə razılaşa bilməz. Nikol Paşinyanın blokundan qopmaların olacağını,hətta siyasi bir parçalanmanın baş verəcəyini düşünürəm.Zamanla onun ətrafıda olan və hökumətdə yüksək vəzifə verdiyi şəxslərin çoxu bir müddət sonra istefa verərək müxalifətə keçib Paşinyana problem yaradacaqlar. Paşinyan iqdisadiyyatı düzəltmək üçün cəhdlər edəcək.Lakin buna nə dərəcədə nail olacaq bunu zaman gösdərəcək. Ölkədə 2-3 ilə, hətta dramın sürətli aşağı düşməsi belə müşahidə edilə bilər. Bundan başqa Paşinyan Qarabağ separatçıları ilə gərginliyi həll etməlidir. Bako Saakyan keçmiş siyasi ortaqlarının hakimiyyətdən gedişindən sonra Paşinyanın ağalığını qəbul etmir. Bu məsələdə Paşinyanın əsas hədəfi Saakyanı devirib yerinə öz adamını gətirmək olacaq. Ancaq buna qarşıda zənnimcə, adekvat cavab alacaq.Çünki Saakyanın Ermənistandakı kriminal qruplaşmala çox güclü əlaqəsi var onların əksəriyyətinə himayədarlıq belə edir". Ekspert bildirib ki, Paşinyan .Azərbaycanla Qarabağ məsələsində bir həlli variantı qəbul etməlidir: "Dünyaya yalnız bu məsələ ilə özünün əvvəlki iqdidarlardan fəqli və millətini düşünən bir lider olduğunu gösdərə bilər.Hesab edirəm ki, ilk dəfə olaraq Qarabağ erməniləri hakimiyyətdən tam kənar edildi. Artıq ölkədə "Qarabağ ermənisi" və "İrəvan ermənisi" kimi bölünmələrin başlayacağı və qrupların bir-birinə qarşı düşmən mövqe sərgilədiyini şahidi ola biləcəyik. Hökumət bunun qarşısını almaq üçün səylər gösdərməlidir. Mümkündür ki, bir neçə yüksək vəzifəyə əvvəlki iqtidarla bağlılığı olmayan Qarabağdan olan gənclər təyin edilsin".
Süleyman