Boqotada Kolumbiya KİV nümayəndələrinə Azərbaycan haqqında geniş məlumat verilib

Azərbaycan Respublikasının Boqotadakı səfirliyi Kolumbiyanın "ColPrensa", "Caracol", "El Tiempo", "Diariolaeconomia", "La semana" və digər nüfuzlu kütləvi informasiya vasitələrinin təmsilçiləri, eyni zamanda radio və televiziya aparıcıları ilə görüş keçirib.

Görüşdə müvəqqəti işlər vəkili Həmid Zeynalov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi barədə, həmçinin ölkəmizin mədəniyyəti, tarixi, adət-ənənələri, turizm sahəsində əldə etdiyi nailiyyətlər və mövcud turizm marşrutları haqqında ətraflı məlumat verib. Tədbirdə Azərbaycanın mədəni turizm potensialını və mətbəxini əks etdirən broşürlər iştirakçılara paylanılıb.

Sonra nümayiş olunan "Hidden Cities Revealed: Baku" və "Objetivo Baku" sənədli filmlər böyük maraqla izlənilib. Televiziya təmsilçiləri ölkəmiz barədə sənədli film hazırlamaq arzusunda olduqlarını bildiriblər. Daha sonra iştirakçılar milli mətbəximizin ləziz nümunələri ilə tanış olublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31